Avstriyada uşaq pornoqrafiyasını yayan qlobal şəbəkə aşkarlanıb. Avstriya polisinin verdiyi məlumata əsasən, şəbəkə 77 ölkədə, o cümlədən, Azərbaycanda 2500-dək şübhəlini əhatə edir. Hələlik heç bir həbslər həyata keçirilməyib, amma Vyana başqa dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlığa ümid edir.
Bildirilir ki, uşaqlara qarşı seksual qısnamanın ən pis nümunələrini əks etdirən videoyazı Avstriyada qeydiyyatdan keçən rusdilli saytda yerləşdirilib.
Ötən il Rusiyada internetdə uşaq pornoqrafiyasının yayımı ilə əlaqədar 248 cinayət hadisəsi qeydə alınıb. Bu haqda «İnterfaks»a Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi Boris Miroşnikov məlumat verib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, son on ildə Azərbaycanda uşaq pornoqrafiyasını yayan hər hansı şəbəkənin fəaliyyət göstərməsi ilə bağlı onlarda məlumat yoxdur: «Ancaq indiyə qədər pornoqrafik kasset və disklərin satışı ilə məşğul olan bir neçə nəfər məsuliyyətə cəlb olunub».
DİN-in Мətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov isə Azərbaycanın adının belə bir siyahıya salınmasıyla razı deyil. Cənab Gözəlova görə, belə hallar ola bilər, amma həmin məlumatların haradan götürüldüyü və hansı mənbəyə istinad edildiyi göstərilməlidir.
Statistikaya əsasən, hazırda internetdə ümumiyyətlə, 4 milyon pornoqrafik sayt var. İnternetlə pornoqrafiya ticarətinin illik dövriyyəsi isə 2-2,5 milyard dollar təşkil edir.