İki azərbaycanlı jurnalistə beynəlxalq insan hüquqları mükafatı veriblər. Bunlar İran Azərbaycanından olan İnsafəli Hudayət və Həsən Zarezadədi. Mükafatı «Human Rights Watch» və «Hellman Hamett» insan haqları təşkilatları verib. Bu mükafatı hər il dünyada repressiyalarla üzləşən ən fəal jurnalist, yazıçı və şairə təqdim edirlər. Mükafatları yazarlara repressiyalara sinə gərməkdə kömək üçün verirlər.
İnsafəli Hidayətin təqdimatında deyilir ki, 41 yaşlı jurnalist insan hüquqları ilə bağlı yazdığı yazılara görə həbs olunub. Həbs müddətinin 74 gününü təkadamlıq kamerada, 18 ayını isə adi rejimli koloniyada keçirən İnsafəli Hidayət məruz qaldığı işgəncələri memuarlarında əks etdirib.
Hazırda 29 yaşı olan Həsən Zarezadə bütün çətinliklərə baxmayaraq dayanmadan yaşadığı ölkəndə insan hüquqlarının tapdalandığını ifşa edib. Elə buna görə də 2003-cü ildə 8 ay İranın dəhşətli Evin həbsxanasında saxlanılıb. O, 2005-ci ildə ölkəni tərk etməli olsa da İranda insan haqları məsələsini təqib edərək jurnalistika fəaliyyətinə davam edir.