Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:26

ABŞ-ın hərbi xərcləri artır, yeni müstəqil ölkələrə isə yardımı azalır


Buş hökuməti bütövlükdə gələn ilin büdcəsi üçün 2 trilyon 900 milyard dollar istəyir
Buş hökuməti bütövlükdə gələn ilin büdcəsi üçün 2 trilyon 900 milyard dollar istəyir

Gələn il Birləşmiş Ştatların hərbi xərci 11 faiz arta bilər. Prezident Corc Buşun Konqresə təqdim etdiyi büdcə layihəsində İraq və Əfqanıstandakı hərbi əməliyyatlar üçün əlavə 142 milyard dollar istənir. Bu da hökumətin hərbi xərclər üçün istədiyi pulu az qala 625 milyarda çatdırır. Büdcədə ən çox artım hərbi sahədə gözlənir. Buş bazar ertəsi təhlükəsizliyin bir nömrəli məsələ olduğunu deyib: «Bizim prioritetimiz Amerika xalqını qorumaqdır. Və bizim prioritetimiz, qoşunlarımızın girişdiyi işin öhdəsindən gəlmək imkanının olmasına əminlikdir».


Büdcə təsdiqlənərsə Pentaqon İraq və Əfqanıstandakı əməliyyatlardan başqa yeni silah, hərbi gəmi və sualtı qayıq istehsalına da maliyyəni artıra bilər.


Buş hökuməti bütövlükdə gələn ilin büdcəsi üçün 2 trilyon 900 milyard dollar istəyir.


Büdəcə keçmiş sovet respublikalarına yardımı xeyli azaltmaq nəzərdə tutulur. Azadlığa yardım aktı əsasından müstəqil dövlətlərə göstərilən həmin yardım ötən il yarım milyard dollar idi. Gələn il üçünsə 352 milyona yaxın planlaşdırılıb. Bu puldan Ukraynaya daha çox-70 milyon dollar düşə bilər. Bu il 50 milyon dollar yardım alan Ermənistana gələn il üçün 35 milyon planlaşdırılıb. Əgər büdcə belə təsdiqlənərsə, bu il 28 milyon yardım almaqda olan Azərbaycan isə həmin xətlə gələn il 18 milyon ala bilər. Keçmiş Sovet respublikalarından yalnız Tacikistan və Türkmənistana yardımlar bu ilinkindən çox ola bilər.


Rusiya və Ermənistanın informasiya agentlikləri erməni lobbiçilərinin layihədən narazı qaldıqlarını xəbər verirlər

Rusiya və Ermənistanın informasiya agentlikləri erməni lobbiçilərinin layihədən narazı qaldıqlarını xəbər verirlər. «RİA Novosti» agentliyi Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Hamparyanından gətirdiyi sitata görə, onlar Birləşmiş Ştatlar hökumətinin Azərbaycan üçün nəzərdə tutduğu 4.3 milyon dollarlıq hərbi yardım layihəsinin azaldılmasına çalışacaqlar. Hamparyan həmçinin büdcə layihəsində Dağlıq Qarabağa ayrıca yardımın qeyd olunmamasından narazılığını bildirib.


Hələlik bu yalnız layihədir. Qarşıda sürəkli bir proses durur. Konqresin hər iki palatası büdcə layihəsini ya təsdiqləyir, ya da ona düzəliş edə bilər. Sonra uzlaşdırıcı komissiya onun üzərində çalışmalıdır. Səsvermədən keçəndən sonra isə prezidentin təsdiqinə göndərilir.


Konqresə demokratlar nəzarət etdiyindən demokratların layihəyə münasibəti önəmli sayıla bilər. İlk reaksiya isə obrazlı olub: «Prezidentin təklifləri olduğu kimi qəbul edilsə, bu bizi sıldırımın qırağından borc uçurumuna yuvarlayacaq», bunu dünən Senatın Büdcə komitəsinin sədri demokrat Kent Konrad deyib.


ABŞ-ın büdcə kəsiri gələn il üçün 239 milyard dollar hesablanıb. Bu böyük rəqəmə oxşasa da rekord sayılmır. 2004-cü ilin büdcəsində kəsir 400 milyard dolları keçmişdi.


Müxalifətçi demokratların başqa iradları da gözlənir. Onların səhiyyə, təhsil və nəqliyyata yetərincə pul ayrılmamasından şikayətlənəcəyi proqnozlaşdırılır.


Bu büdcə layihəsi Buş hökumətinin son 6 ildə ən çox müqavimətlə üzləşən sənədi ola bilər.


XS
SM
MD
LG