Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:04

Putinin kefi pozulanda Ömər Xəyyamın kitablarını oxuyur


Vladimir Putinin yarıciddi-yarızarafat cavabları, Moskva, 1 fevral 2007
Vladimir Putinin yarıciddi-yarızarafat cavabları, Moskva, 1 fevral 2007

Prezident şparqalkadan istifadə edirmi? Kefi pozulanda nə edir? «Qazprom» qiyməti özbaşınamı qaldırır? Kimi öz varisi görür? Bu cür gözlənilən və gözlənilməyən suallarla üzləşən Rusiya prezidenti Vladimir Putin suaların bəzisinə zarafatla, bəzisinə isə ciddi cavab verdi.



1200-ə yaxın jurnalist qarşısında mətbuat konfransı keçirən cənab Putin qonşu ölkələrə satılan qazın qiymətini bir neçə dəfə qaldırmağı «siyasi silah» sayanlarla razılaşmadığını bildirdi: «Rusiya Federasiyası öz öhdəliklərini həmişə tam həcmdə yerinə yetirib və yerinə yetirmək niyyətindədir. Amma biz başqa ölkələrin iqtisadiyyatını böyük həcmdə subsidiya etməyə borclu deyilik».



Bundan qabaq Rusiya həmin addıma görə, etibarsız tərəfdaş olması barədə tənqidlərlə üzləşmişdi. Azərbaycan prezidenti İlham Əliyev dekabrda «Qazprom»un Azərbaycanla beş illik müqavilə öhdəliyini yerinə yetirmədiyini demişdi. Bu ay məzuniyyətdən qayıdandan sonrakı çıxışında isə Əliyev qaz mübahisəsinə işarə edərək belə bir ifadə işlətmişdi ki, Azərbaycan öz müqavilə öhdəliklərini zərər çəkmək bahasına olsa da, yerinə yetirmək yolu ilə etibarlılığını göstərir.




«Ermənistandakı Rusiya hərbi bazası regionda hər hansı bir ölkəyə qarşı, o cümlədən, Azərbaycanın maraqlarına yönəlməyib».

«Qazprom»un yanacağın qiymətini ölkə daxilində də qaldıra biləcəyi barədə suala cavab verən Putin bu şirkətin özbaşına olmadığını, belə qərarları hökumətin qəbul etdiyini dedi.



Son vaxtlar təhlilçilər Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyuqlaşdığını deyirlər. Bunun əlamətlərindən biri isə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun «Wall Street Journal» qəzetində sponsorluq yolu ilə çıxan məqaləsi sayılırdı. Yanvarın 19-da çıxan məqalənin sərlövhəsi beləydi: «Bizi bulilərdən qoruyun!»



«Bulil» sözü həm birjalarda qiyməti süni qaldıranlara, həm də başqalarını, xüsusən zəifləri hədələyən yekəpərlərə işarədir.



Rusiya qazından Azərbaycanın imtina etməsini Məmmədyarov Azərbaycan və bütövlükdə Güney Qafqaz üçün həlledici məqam adlandırırdı. Bundan başqa, məqalə Azərbaycanın strateji əhəmiyyətini göstərməyə çalışırdı. Azərbaycanla Rusiyanın bir-birinə etibar edib-etməməsi barədə mübahisələrin bir başı da Ermənistandakı Rusiya hərbi bazalarına gəlir. Rusiya prezidenti Vladimir Putin çıxışında həmin bazaların Azərbaycana qarşı yönəlmədiyini dedi: «Ermənistandakı Rusiya hərbi bazası regionda hər hansı bir ölkəyə qarşı, o cümlədən, Azərbaycanın maraqlarına yönəlməyib».



Rusiya hökumətinin qonşu ölkələrdə narahatlığa səbəb olan son qərarlarından biri də immiqrant işçi qüvvələri ilə bağlıdır. Kreml keçmiş sovet ölkələrindən gələn qanunsuz immiqrantların sayının 10 milyonu keçdiyini deyir. Bunlar arasında azərbaycanlıların sayı da yetərincədir. Azərbaycanın Dövlət Statistika Komitəsi Rusiyada işləyən vətəndaşların sayının 470 min olduğunu bildirir. Qeyri-rəsmi mənbələr isə iki milyona qədər rəqəm göstərirlər. Rusiyadakı mühacir işçilər əsasən, ticarətlə məşğuldur.



Rusiya hökumətinin ticarətdə immiqrant işçi qüvvəsini azaltmaq barədə qərarı həm Azərbaycanda, həm də bəzi başqa keçmiş sovet respublikalarında narahatlıqlar yaratmışdı. Putin hökumətin gördüyü tədbirləri belə izah edib: «Əgər səbəblərdən danışsaq, əlbəttə, əsas səbəblərdən biri budur ki, Sovet İttifaqının dağılmasına baxmayaraq sərhədlər açıq qaldı».



Son vaxtlar Rusiya ilə bağlı həm qonşu ölkələrdə, həm də beynəlxalq aləmdə bəzi stresslər yaşandı. Bəs Putin özü kefi pozulanda nə edir? Onun bildirdiyinə görə, kefini açmaq üçün reseptləri Ömər Xəyyamın kitablarından tapır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG