«Regionda kimyəvi silahların istifadəsinin öz tarixi var. Bu baxımdan təhlükə istisna edilmir və hər zaman mövcud ola bilər» - Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov bu fikirdədir. Bu gün Xarici İşlər Nazirliyində Avropa Birliyinin (AB) dəstəyi ilə təşkil olunmuş «Azərbaycanda kütləvi silahlar konvensiyasının tətbiq edilməsinə dair milli seminar» öz işinə başlayıb.
Tədbirdə çıxış edən Araz Əzimov kimyəvi silahlardan istifadə ilə bağlı təhlükənin hələ aradan qaldırılmadığını və bu istiqamətdə Azərbaycanını AB ilə əməkdaşlığa önəm verdiyini bildirib: «Azərbaycan bu konvensiyaya qoşulub və bundan irəli gələn öhdəliklərini icra edəcək. Qanunvericilikdə bir sıra dəyişikliklər həyata keçirilir və keçirilməlidir. Ümid edirik ki, AB gələcəkdə də bu istiqamətdə yardımlar edəcək. Seminarın davamı olaraq məlumat mübadiləsi mexanizmləri tətbiq olunacaq və milli qanunvericilik güclənəcək».
Nazir müavini bildirib ki, Azərbaycan regionda silahlara nəzarət və təhlükəli növlərin istifadəsinin aradan qaldırılması sahəsində nəticə olmasını istəyir. Azərbaycan tərəfi kimya sənayesi ilə bağlı respublika ərazisində olan obyektlərinin siyahısını AB ekspertlərinə artıq təqdim edib.
Fevralın 1-dək davam edəcək seminarda hökumət müxtəlif nazirlik və komitələrin nümayəndələri ilə təmsil olunur.