Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:59

Çin azərbaycanlıları nə ilə cəlb edir?


Böyük Çin səddi
Böyük Çin səddi

Fərid İsmaylov iki ilə yaxındır ki, Çində bizneslə məşğuldur, bu ölkədə ailə də qurub. Deyir ki, Çində bizneslə məşğul olan azərbaycanlılar çoxdur: «Çində xaricilərin bizneslə məşğul olması üçün imkanlar böyükdür. Çin dövləti də xaricilər üçün bütün şəraiti yaradır. Azərbaycanda isə işləmək, pul qazanmaq çətindir». Onun sözlərinə görə, Pekində xaricilərin yaşadığı Yabolu rayonu var. Burada əsasən, MDB ölkələrindən gələnlər yaşayır, onların 50-60 faizini də azərbaycanlılar təşkil edir. Fərid İsmayılov onu da bildirir ki, bu ölkədə onun ən çox xoşuna gələn çinlilərin özləri, onların adətləridir. Deyir ki, bir çox ölkələrdə olub, amma çinlilər kimi ürəyiaçıq, qonaqpərvər insanlar görməyib.


Dünya azərbaycanlıları 20 Yanvar hadisələrinin 17-ci ildönümünü qeyd ediblər



Ötən həftənin sonunda dünya azərbaycanlıları 20 Yanvar hadisələrinin 17-ci ildönümünü qeyd ediblər. Müstəqil Dövlətlər Birliyi ölkələri, Avropa, Asiya, Amerikada yaşayan azərbaycanlılar anım mərasimləri keçirib, 20 Yanvar qurbanlarını yad ediblər. Londondakı Azərbaycanlı Gənclər Klubunun nümayəndələri Britaniyadakı Kaspian Xəzri məktəbi ilə bir yerdə 20 Yanvarla bağlı tədbir keçirib. Klubun rəhbəri Vüsal Həmzəyev deyir ki, tədbirə Britaniyadakı


türk diasporasının nümayəndələri də qatılmışdılar. Mərasimdə 20 yanvar hadisələri ilə bağlı film də nümayiş etdirilib. Avstraliyadakı Azərbaycanlılar Cəmiyyəti isə bu ölkədə yayılan «Azərbaycanın səsi» radiosunda 20 Yanvar hadisələri ilə bağlı veriliş hazırlayıb. Bu haqda «Azadlıq»a Sidneydən sözügedən radionun rəhbəri Gülsar Qasımova məlumat verib. O, deyir ki, Sidneydəki Türk Evində anım mərasimi keçirilib və 20 Yanvar hadisələri ilə bağlı stend hazırlanıb. 20 Yanvar hadisələri Türkiyənin müxtəlif şəhərlərində də anılıb. İzmirdə 20 Yanvar hadisələrini əks etdirən səgri təşkil edilib. İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Turqut Arat deyir ki, Türkiyədə yaşayan tələbələrin də iştirak etdiyi mərasimi bir neçə televiziya kanalı işıqlandırıb.



Rusiyanın Nijeqorodsk vilayətində bir qrup azərbaycanlıya hücum edilib



Yanvarın 6-da Rusiyanın Nijeqorodsk vilayətində bir qrup azərbaycanlıya hücum edilib. Hadisə Nijeqorodsk vilayətinin Baloxna şəhərində baş verib. Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijeqorodsk bölməsinin rəhbəri Məmmədcamal Məmmədov deyir ki, hücum edənlər keçmiş polis işçiləri olublar. Xəstəxanada yerləşdirilən iki azərbaycanlı hazırda özlərini yaxşı hiss edir. Yanvarın 15-də Rusiyada yeni miqrasiya qanununun qüvvəyə minməsindən sonra Nijeqorodsk vilayətində vəziyyətin necə dəyişdiyinə gəldikdə isə, cənab Məmmədov deyir ki, bu qanunun tətbiqi müsbət haldır və indi azərbaycanlıların sənədlərinin qaydaya salınması ilə bir neçə təşkilat məşğuldur. Azərbaycanlıların vətənlərinə qayıtmalarına gəldikdə, Məmmədcamal Məmmədov deyir ki, onun təşkilatı ilk növbədə, Nijeqorodsk vilayətində qeydiyyatsız yaşayan azərbaycanlı qadın və uşaqları geri qaytarmaq niyyətindədir. Çünki onun dediyi kimi, bəzi hallarda hüquq-mühafizə orqanları azərbaycanlılara təzyiq göstərmək üçün qadın və uşaqlardan istifadə edirlər: «Qeydiyyatsız olan azərbaycanlıları arvad-uşaqlarını həbsxanaya salmaqla hədələyirlər və əllərindən pullarını alırlar».




Londonda Azərbaycan məktəbi



Ötən ilin aprel ayında Londonda Azərbaycan məktəbi açılıb. Məktəbdə Britaniyada yaşayan azərbaycanlı uşaqlar Azərbaycan dilini, tarixini, ədəbiyyatını, mədəniyyətini və adətlərini öyrənirlər. Uşaqlar burada həftəsonu dərs keçirlər. Məktəbin nəzdində rəqs qrupu da yaradılıb. Caspian Xəzri Məktəbinin direktoru Simüzər Baloğlanova deyir ki, hazırda məktəbə 35 uşaq gəlir. İndi Londonun başqa bölgəsində də belə bir məktəbin açılması üçün iş aparılır. Yeni məktəbdə oxumaq üçün artıq 45 ailədən ərizələr daxil olub. Xanım Baloğlanova deyir ki, Britaniyada yaşayan azərbaycanlı ailələrdə uşaqlar məktəbdə də, evdə də valideynləri ilə ingilis dilində danışırlar, valideynlərin isə uşaqlarını Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə tanış etmək üçün vaxtı olmur. Amma Simüzər Baloğlanova deyir ki, aprel ayından bəri uşaqların Azərbaycan dili xeyli yaxşılaşıb: «Təzə gələndə uşaqlar öz aralarında ingilis dilində danışırdılar, indi isə Azərbaycan dilində danışırlar».


XS
SM
MD
LG