Maaş və pensiyalar 25 faiz artırılsa da, qiymət artımı ilə bağlı narazılıq tam aradan götürülməyib. Elə paytaxt küçələrində rəyini soruşduğum insanlar da bunu dilə gərir: «Qiymətlərin 300 faiz qaldırılması hara maaşların 25 faiz artırılması hara. Bir də bəs dövlət sektorunda çalışmayanların taleyi necə olsun? Xalq etiraz etməsə qiymətlər yenə qalxacaq…», «Mən hesab etmirəm ki, müxalifətin planlaşdırdığı aksiyalar ləğv edilməlidir. Problem qalır…»
Əslində, müxalifət də qiymət artımı ilə bağlı keçirmək istədiyi aksiyaları təxirə salmaq fikrində deyil. İstər 4 müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku, istərsə də bu bloka daxil olmayan Müsavat partiyası.
Müsavat başqanı İsa Qəmbərin sözlərinə görə, son müşavirə də göstərdi ki, İlham Əliyev Tarif Şurasının qərarını müdafiə edir: «Belə olan halda isə aksiyanı təxirə salmağa heç bir əsas yoxdur».
Onun sözlərinə görə, hələ ötən ilin sonlarında hökumət bəyan etmişdi ki, maaş və pensiyalar artırılacaq. Üstəlik Əli Kərimli hesab edir ki, maaş və pensiyaların 25 faiz artırılması mövcud qiymət artımına adekvat deyil: «Statistikaya görə Azərbaycanda 3 milyon 700 min insan çalışır. Onların 3 milyona yaxını qeyri dövlət sektorunda işləyir. Bəs onların taleyi necə olacaq?»
Son vaxtlar Azərbaycanda müxalifət həm aşağıdan, həm də yuxarıdan ciddi şəkildə tənqid olunur. Bir çox müstəqil ekspertlər iddia edirlər ki, Azərbaycanda hökumətdən narazılıq böyük olsa da müxalifət bu narazılığı işə çevirə bilmir. Onların düşüncəsinə görə, əhalinin ciddi şəkildə müdafiə etmədiyi müxalifət partiyaları bir növ hadisələrin ardınca gedir. Yuxarıların tənqidi isə bir qədər fərqlidir. Sonuncu müşavirədə prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda müxalifətin heç bir dəstəyi yoxdur və onlar bu qiymət artımını süni problemə çevirməklə özlərinin mövcudluqlarını isbat etmək istəyirlər.
AXCP sədri Əli Kərimli də hesab edir ki, aksiyalarla bağlı məsuliyyətin tək müxalifətin üzərinə atılması düzgün deyil. Onun fikrincə, bütün xalq öz taleyinə qərar verməlidir. Əli Kərimli prezidentin tənqidlərini də cavabsız qoymur. Onun sözlərinə görə, əgər müxalifət məhv olubsa bu aksiyalardan da təşvişə düşmək lazım deyil. Müsavat başqanı İsa Qəmbər hesab edir ki, belə bəyanat İlham Əliyevin güc strukturlarına arxayınlığından irəli gəlir…
Qiymət artımına etiraz əlaməti olaraq «Azadlıq» siyasi partiyalar bloku yanvarın 26-da, Müsavat partiyası isə yanvarın 28-də aksiya keçirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.