Ermənistan Xarici İşlər naziri Vartan Oskanyan görüşdən sonra deyib ki, həmsədrlərin təklif etdikləri baza prinsiplər üzrə sənəd hələ də danışıqların əsasını təşkil edir: «Amma bu dəfə biz bəzi prinsip və detalların ikinci qatını müzakirə etməyə çalışdıq. Danışıqlar müsbət atmosferdə keçdi. Ancaq deməzdim ki, müzakirələrə ciddi dəyişikliklər edilib. Bununla belə, düşünürəm ki, bu görüş effektiv cəhd idi və biz danışıqları davam etdirməliyik».
Nazirlərin növbəti görüşünün vaxtı müəyyənləşdirilməyib. Amma cənab Tağızadə bildirir ki, bu axşam Bakıya gələn və yanvarın 24-də prezident İlham Əliyevlə görüşməli olan ATƏT-in Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan Minsk Qrupu həmsədrləri iki dövlət başçısının növbəti görüşünün vaxtını müəyyənləşdirməyə, danışıqların prezidentlər səviyyəsində davam etdirilməsinə çalışırlar.
Tahir Tağızadə onu da bildirir ki, Azərbaycan tərəfi həmsədrlərin, xüsusən də rusiyalı Yuri Merzlyakovun fəallığını yüksək qiymətləndirir.
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan sonuncu dəfə ötən ilin sonunda Minskdə görüşmüşdülər. Azərbaycan prezidenti danışıqların sonuncu mərhələyə yaxınlaşdığını bəyan etdikdən az sonra Ermənistanın dövlət başçısı 2007-ci ildə ölkədə parlament seçkiləri keçirildiyindən danışıqlarda irəliləyiş əldə olunmayacağını demişdi.