Yanvarın 18-dən 19-na keçən gecə Çinin ballistik raketlə Yer kürəsindən 865 kilometr uzaqda olan köhnə metereoloji peyki vurması dünyanın bir sıra dövlətlərində birmənalı qarşılanmayıb.
«Media Forum» xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qordon Condro bəyan edib ki, bu cür sınaqlar kosmos sahəsində dövlətlərin əldə etmək istədiyi əməkdaşlıq ruhuna ziddir. ABŞ-ın etirazlarına Kanada və Avstraliya da qoşulub. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Çinin apardığı sınaqların Britaniya hökuməti tərəfindən müzakirə ediləcəyini deyib.
Yaponiya hökumətinin baş katibi Yasuhisa Şiozaki deyib ki, bu sınaq Yaponiyanın milli təhlükəsizliyinə, fəzanın dinc məqsədlə istifadəsinə təhlükə yaradır.
Çinin bu cəhdi peyklərin ballistik raketlə vurulması üzrə uğurla nəticələnmiş ilk sınaqdır. 1985-ci ildə ABŞ-ın peyki ballistik raketlə vurmaq cəhdi boşa çıxmışdı.