Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 16:47

Azərbaycanda «quş qripi» yoxdur


«Quş qripi» ilə bağlı aparılan monitorinq Azərbaycanda bu xəstəliyin olmadığını təsdiqləyib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin yanvarın 15-də yaydığı məlumata görə, ötən ilin sonundan başlayan monitorinq başa çatıb. Monitorinq zamanı götürülən nümunələrin heç birində «quş qripi» xəstəliyinin daşıyıcısı aşkarlanmayıb. Respublika Baytarlıq Laboratoriyası üç minə yaxın ev və çöl quşlarının müxtəlif nümunələri üzərində müayinələr apardıqdan sonra bu qənaətə gəlib.


Dövlət Baytarlıq Xidməti ev quşlarının tam qapalı şəraitdə saxlanmasını məqsədəmüvafiq hesab etməklə yanaşı, köçəri və çöl quşlarının ovlanmasına, satılmasına və qida məhsulu kimi istifadəsinə qoyduğu müvəqqəti məhdudiyyətin hələlik qüvvədə qaldığını xatırladır.


Dövlət Baytarlıq Xidmətinin yaydığı başqa bir məlumatda isə bildirilir ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsində bir neçə ev quşu tələf olub: «Ölmüş quşların nümunələri götürülərək laboratoriyaya aparılıb. Müayinələr başa çatdıqdan sonra nəticəsi barədə açıqlama veriləcək».


XS
SM
MD
LG