Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:24

Koçaryanın siyasətdən getmək fikri yoxdur


2008-ci ildə Koçaryanın baş nazir olacağı proqnozlaşdırılır
2008-ci ildə Koçaryanın baş nazir olacağı proqnozlaşdırılır

«Eurasia Viev» məcmuəsi yazır ki, prezident Robert Koçaryanın 2008-ci ildə səlahiyyət müddəti başa çatandan sonra da siyasətdə qalmaq niyyətində olduğunu deməsi Ermənistanın gələcək siyasi mənzərəsiylə bağlı ehtimallara təkan verib. Dekabrın 16-da 3 hökumətpərəst televiziya kanalına müsahibə verən Koçaryan açıq şəkildə deyib ki, o siyasətdən getmək fikrində deyil. 1998-ci ildən Ermənistan prezidenti vəzifəsini icra edən 53 yaşlı Koçaryan bildirib ki, «Mən Ermənistanın ən gənc təqaüdçüsü olmaq niyyətində deyiləm. Həyat yeni başlayır». Koçaryan dediyinin təfərrüatlarına varmasa da Ermənistan liderinin 2008-ci ilin fevralında öz vəzifəsini təhvil verdikdən sonra siyasi cəhətdən fəallığını saxlayacağının bəlli olması mediada onun planlarına dair söz-söhbətə yol açıb. Ən çox yayılan fikirsə belədir ki, Koçaryan baş nazir postunu tuta bilər. O vaxtadək artıq baş nazirin səlahiyyətləri genişləndirilmiş olacaq. Hər halda 2006-cı ilin noyabrında konstitusiyadakı dəyişikliklər bunu nəzərdə tutur.


Müxalifət qəzeti olan «Haykakan Jamanak» 26 dekabr saylı nömrəsində belə bir fikir irəli sürüb ki, əgər hazırda Ermənistandakı hakim koalisiyanın tərkib hissəsi olan və baş nazir Andranik Marqaryanın və müdafiə naziri Serj Sarkisyanin başçılıq etdikləri Respublika Partiyası parlament seçkilərində səslərin çoxunu qazansa, Sarkisyan baş nazir təyin oluna bilər. Şərhdə təsvir olunan ssenariyə görə, bu halda Sarkisyan 2008-ci ildə prezident seçkilərində iştirak etmək qərarına gəldikdə, Koçaryana baş nazir postunu təklif edəcək.

2008-ci ildə yeni prezident kim olacaq sualına Koçaryan «Siz düşündüyünüz adam olmayacaq» cavabı verib
Bəzi müşahidəçilər isə deyirlər ki, Koçaryanın partiya mənsubiyyətinin olmaması bu planın qarşısında heç də kiçik olmayan problem yaradır. Onların fikrincə, Respublika Partiyası uzun müddət Koçaryana dəstək verməz.


Buna əsas olaraq «Çiçəklənən Ermənistan» adlı yeni partiyanın həyata keçirdiyi genişmiqyaslı xeyriyyə tədbirlərinə prezidentin əngəl olmaması göstərilir. Çoxları bu tədbirləri seçiciləri ələ almaq kimi qiymətləndirir. Bu cür fikirlər dekabrın 26-da prezidentin jurnalistlər üçün təşkil etdiyi Yeni il ziyafətindəki açıqlamadan sonra daha da irəli gedib. 2008-ci ildə yeni prezident kim olacaq sualına Koçaryan «Siz düşündüyünüz adam olmayacaq» cavabı verib.


Məcmuənin yazdığına görə, bu vaxta qədər Koçaryanın xələfi kimi müdafiə naziri Sarkisyanın adı çox hallandırılırdı. Hərçənd prezidentin bu sözləri onun digər namizədə tərəfdar olduğunu düşünməyə əsas verir. Həqiqətən belədirsə, Koçaryan hələlik bu namizədin adını açıqlamır. Danışanda isə hələ Respublika Partiyasına meylli danışır. Koçaryan 16 dekabr tarixli müsahibəsində bu partiyanın təcrübəli siyasi qüvvə olduğunu deyib. Onun sözlərinə görə, əməkdaşlığın mümkün olduğu digər partiyalar Daşnaksütun, Vahid Əmək Partiyasıdır. Bu partiyaların üzvləri ya hökumət koalisiyasına daxildirlər, ya da onu dəstəkləyənlərdir. «Çiçəklənən Ermənistan» Partiyası da əməkdaşlığın mümkün olduğu partiyalar sırasındadır. Bu partiyanı milyonçu Qagik Tsarukyan təsis edib və maliyyələşdirir. Bu partiya eyni adlı fondun həyata keçirdiyi xeyriyyə tədbirlərinə görə, son illər xeyli nüfuz da qazanıb. Belə xeyriyyə tədbirlərinin seçiciləri ələ almaq vasitəsi olub-olmadığı haqqındasa müşahidəçilər uzun-uzadı mübahisələr aparırlar. Hərçənd Koçaryan deyib ki, qanunvericilik hələlik bu cür xeyriyyə tədbirləri ilə seçiciləri ələ almaq tədbirləri arasında sərhədi müəyyənləşdirilməyib. Lakin baş nazir Marqaryanın rəqib partiyanın lideri kimi fikri daha sərt olub. Dekabrın 22-də jurnalistlərlə söhbətində o deyib ki, «Çiçəklənən Ermənistan» Partiyasının təklif etdiyi xeyir «hökumətin verdiyinin yalnız mində bir faizidir». Hələliksə, siyasətçilər Koçaryanın bəyanatlarını şərh edərkən əsas bu fikrə şərik çıxırlar ki, 2007-ci il parlament seçkilərinin nəticələrindən çox şey asılı olacaq. Müxalifətdə olan Ermənistan Xalq Partiyasının sədri Stepan Dəmirçyan isə bildirib ki, «Koçaryanın parlamentdə hansı partiyaları görmək istəməsiylə bağlı hər hansı sözü rəsmilər üçün həmin partiyaların xeyrinə çalışmaq baxımından əmrə bərabərdir». Onu da əlavə edib ki, «həqiqətdə isə nəyin baş verəcəyini zaman göstərəcək».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG