Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 20:17

2006-cı ildə Gürcüstanda toyların sayı artıb


Gürcüstanda doğulan hər uşağa görə 200 lari verirlər
Gürcüstanda doğulan hər uşağa görə 200 lari verirlər
Gürcü qızları ərə getməyə tələsmir

2006-cı ildə Gürcüstanda toyların sayı artıb. Ədliyyə Nazirliyi yanında Vətəndaş Reyestri Agentliyinin məlumatına görə, ötən ilin 11 ayında 20 min 357 ailə qurulub. 2005-ci ildə isə 17 min 113 ailə qurulduğu deyilir. Gürcüstanda ötən il əcnəbilərlə izdivac bağlayanların sayı 4913 nəfər olub. Gürcüstan vətəndaşları adətən Rusiya, Yunanıstan, ABŞ, İsrail, Türkiyə və Almaniya vətəndaşları ilə nikaha girməyə üstünlük verirlər. Britaniya, Ukrayna və Azərbaycan vətəndaşları ilə ailə quranların sayı isə lap azdır.


Bir qədər əvvələ kimi Gürcüstanda 22 yaşlı qızlar ailə qurmayanda az qala qarımış sayılırdısa, indi bu yaşda xanımlar ərə getməyə tələsmirlər. Əksinə gənc gürcü qızları da qərbli həmcinsləri kimi karyera və gələcəkləri haqda haqqında düşünürlər. Mənim respondentlərim 22 yaşlı qızlardır ki, onların planında qəribə də səslənsə ərə getmək, ailə qurmaq birinci yerdə deyil.


«Mən xaricə oxumağa getmək istəyərdim. Mənim qarşımdakı ən başlıca məqsəd magistraturaya daxil olmaqdır», «Çalışıram yaxşı maaşlı iş tapım, sonra ailə haqda da düşünmək olar», «Mən əvvəlcə karyeramı qurardım, işləyərdim, öz həyatımı özüm qurardım».


Uşaq üçün 200 larilik vauçer


29 yaşlı Amiran da həyatını özü qurur. O, kiçik şirkətlərdən birinin meneceridir. Bir il əvvəl evlənib. İndi iki aylıq Annanın atasıdır. O, prezident proqramı olan doğuş vauçerindən yararlanıb və bundan çox məmnundur: «Mən bilirəm ki, bu prezidentin tapşırığıdır və bunu alqışlayıram. Əgər Gürcüstanda əhalinin artımını istəyirsənsə, buna kömək olmaq lazımdır. Düzdür, bu 200 lari elə də çox deyil, ancaq Gürücüstanda maaşlar da azdır. Odur ki, hər şeyə çatmır. Sadəcə, həmin məbləğ stimuldur».


Minnətdarlıq hissi duyan Amiran prezident proqramının çatışmazlıqlarını da görməmiş deyil. 200 larilik vauçer öz yerində, amma uşağın doğuşu ona ikiqat baha başa gəlib, səbəbinə gəlincə: «Həmin məbləğ birbaşa həkimə çatmadığına görə onlar da narazıdırlar. Bu pul baş direktora çatır, daha sonra kimə verilir, bəlli deyil. Yaxşı olardı ki, bu pulu bizə kartla verəydilər».


Yeni evlənənlərin daha bir problemi şəxsi mənzillə bağlıdır. Əgər əvvəllər cavanlar valideynləri ilə birgə yaşayırdılarsa, bu gün əksəriyyətin dərdi özünün bir küncünün olmasıdır. Mənzilin qiyməti isə gün-gündən artır. Bir o qədər çox maaş almayan və sabit işi olmayan cavanlarsa kreditə bel bağlaya bilmirlər. Çünki bu gün heç kim işsizlikdən sığortalanmayıb. İşsizlik xüsusən də cavanlar arasında ən böyük problemlərdəndir.


43 faiz Gürcüstan vətəndaşı işini itirəcəyini istisna etmir


«Qorbi» Sosioloji təhqiqatlar xidmətinin rəhbəri Merab Paçuliya bu qənaətdədir. 2006-cı ilin sonunda keçirilən sorğunun nəticələrinə görə, heç kim bu sahədə vəziyyətin düzəldiyinə inanmır. «Yalnız 17 faiz bildirirdi ki, işsizlərin sayı olduğu kimi qalacaq. Azalacaq və ya qismən azalacaq cavabını isə hər beş nəfərdən biri verirdi, yəni 21 faiz. O da maraqlıdır ki, işləyənlərin 43 faizi işini itirəcəyini istisna etmir. Onların 48 faizi isə deyir ki, yeni iş yeri tapmaq üçün xeyli vaxt tələb olunacaq. Tezliklə iş tapacağam fikrini yalnız 20 faiz deyir. 6 faiz əlini yelləyərək hətta iş axtarışına çıxmayacağını deyir».


Bu cür ovqatın hökm sürməsinə baxmayaraq Gürcüstanda son bir ildə doğulanların sayı da artıb. Ədliyyə Nazirliyi yanında Vətəndaş Reyestri Agentliyinin məlumatına görə, ötən ilin 11 ayında Gürcüstanda 43 min 902 körpə doğulub.


XS
SM
MD
LG