«Yanacaq bahadır, ödəmir. 10 qəpiklə neyləyə bilərik? «Zapçast» qalxıb, təkər qalxıb… Belə getsə, işləməyəcəyik, sürücülüyü atıb başqa iş dalınca gedəcəyik». İndi Gəncədə şəhərdaxili nəqliyyatda çalışan sürücülərin bir çoxu 18 saylı marşrutun sürücüsü Vüqar Quliyev kimi fikirləşir. Onlar şəhərdaxili sərnişindaşımanın əvvəlki qiymətdə qalmasına narazılıq edirlər. Hətta yanvarın 10-da etiraz edib xətdən çıxan marşrut sürücüləri də olub. Tarif Şurasının qərarından sonra marşrut sahibləri də qiyməti 20 qəpiyə qaldırmağı qərara aldılar. Ancaq, iki gün keçməmiş yenidən qiyməti 10 qəpiyə salmaq göstərişi verildi. Narazılıq edən sahibkarlar isə şəhər polis idarəsinə çağırılıb.
Gəncə 1 saylı Regional Nəqliyyat Departamentinin sədr müavini Qədir Əliyev isə deyir ki, yanvarın 8-i və 9-da sərnişindaşımanın 20 qəpiyə qaldırılmasının qarşısı alındıqdan sonra hələlik bir müddət şəhərdaxili gediş haqqı 10 qəpik olacaq: «Biz qaraj sahibləriylə müqavilə bağlayanda şərt qoyulmamışdı ki, xeyri olmasa, işləməyəcəklər. Yəqin ki, bir neçə günü yeni qiymət bəlli olar».