Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:32

«Ölkədə təqribən 30-40 faiz qiymət artımı gözlənir»


«Azərbaycanda inhisarçılıq olduğundan qiymət artımı daha çox da ola bilər»
«Azərbaycanda inhisarçılıq olduğundan qiymət artımı daha çox da ola bilər»
«Azadlıq» bloku yanvarın 26-da Bakıda bir neçə ünvanda kütləvi aksiyalar keçirmək niyyətindədir. Blok hesab edir ki, kütləvi aksiyalar yolu ilə hökuməti qiymət artımı ilə bağlı qərarından çəkindirmək lazımdır. «Azadlıq» blokuna Milli Birlik Hərəkatı, ADP, Azərbaycan Xalq Cəbhəsi, Tərəqqi və İnkişaf partiyaları daxildir. Onların mövqeyinə görə, hökumətin qiymətlərin qaldırılması haqda qərarı əhalini maddi baxımdan çıxılmaz vəziyyətə salır. Ona görə də insanlar öz həyatlarını təhlükəyə atmaqdansa, elektrikin, suyun və başqa xidmətlərin pulunu yeni qiymətlərlə ödəməkdən imtina etməlidirlər. Hətta ADP-nin baş katibi Akif Şahbazov son qiymət artımını xalqdan oğurluq kimi dəyərləndirir və onun sözlərinə görə, «Azadlıq» bloku bu oğurluğa imkan verməməlidir. Blokun İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev isə hesab edir ki, hökumət qiymətləri artırmaqdansa, başqa çıxış yolları tapmalıydı. Onun sözlərinə görə, təkcə enerji itkilərinin qarşısını almaqla elektrikin qiymətini artırmaq zərurətini aradan qaldırmaq olardı. Cənab Əliyev hesab edir ki, Tarif Şurasının bu qərarı həm inflyasiyanı gücləndirəcək, həm də bütün sahələrdə qiymət artımına səbəb olacaq: «Biz hesablama aparmışıq. Kənd təsərrüfatında 30 faiz, balıqçılıqda 22 faiz, dağ-mədən sənayesində 60 faiz, kimya sənayesində 36 faiz qiymət artımı olacaq. Bütünlükdə ölkədə təqribən 30-40 faiz qiymət artımı gözlənilir».

Nemət Əliyev deyir ki, əslində, Azərbaycanda inhisarçılıq mövcud olduğundan qiymət artımı daha çox da ola bilər. Başqa bir iqtisadçı Azər Mehtiyev isə bildirir ki, bütün dünyada gedən qiymət artımı ilə Azərbaycandakı qiymət artımını eyniləşdirmək olmaz.


«ABŞ-da qiymətləri əmək haqqının yüksək olması, avadanlıqların müasir tələblərə cavab verməsi şərtləndirir. Biz də isə xərcləri artıran məhz korrupsiyadır».
Onun sözlərinə görə, aparıcı Qərb ölkələrindən fərqli olaraq, Azərbaycanda qiymətləri tamam başqa amillər şərtləndirir: «ABŞ-da qiymətləri əmək haqqının yüksək olması, avadanlıqların müasir tələblərə cavab verməsi şərtləndirir. Biz də isə xərcləri artıran məhz korrupsiyadır».

Hökumət nümayəndələri isə nə «Azadlıq» blokunun, nə də müstəqil iqtisadçıların gəldiyi nəticə ilə razılaşırlar. Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev deyir ki, qiymətlərin bundan sonra ölkədə bütün sahələr üzrə 30-40 faiz artacağını söyləmək əsassız iddiadır. Tarif Şurasının katibi Elşən Əsədov isə bildirir ki, onların müəyyənləşdirdiyi qiymətlərə məhz iqtisadi təhlilin nəticəsi kimi baxmaq lazımdır: «Elektrik enerjisinin maya dəyərinin 90 faizini mazut və qaz xərcləri təşkil edir. Bu xərclərin böyük olması istər-istəməz elektrik enerjisinin qiymət artımını şərtləndirir».


Cənab Əsədov deyir ki, hər il Nazirlər Kabineti bütün sahələrin gəlir və xərclərini hesablayır və mövcud tariflərə də həmin hesablamaların nəticəsi kimi baxmaq lazımdır.


«Azadlıq» blokunun iqtisadçıları isə iddia edirlər ki, Azərbaycanda xərclər bir qayda olaraq şişirdilir. Əsl problem də elə burdan doğur. Məsələn, onlar iddia edirlər ki, Bakı şəhərində tikilən körpülərin maya dəyəri bir neçə dəfə şişirdilir. Ona görə də qiymət artımı, büdcənin genişləndirilməsi daha çox korrupsiya maraqlarına xidmət edir.


Hakim düşərgədə bu məsəlinin siyasi problemə çevrilməsi ilə bağlı fikirlərlə də razılaşmırlar. Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, sadəcə, müxalifət bu məsələni siyasiləşdirməklə yenidən varlığını nümayiş etdirmək istəyir. Ancaq onun sözlərinə görə, müxalifətin bu istəyi gerçəkləşməyəcək.


Müxalifətin təklif etdiyi mübarizə üsullarına ekspertlər arasında bir inamsızlıq var. Hüquq Maarifçilik Cəmiyyətinin rəhbəri İntiqam Əliyev deyir ki, aksiyaları gecikdirmək müxalifətin öz gücünə inanmamasından irəli gəlir. Ancaq o, hesab edir ki, Tarif Şurasının qərarından tək müxalifətdəki insanlar yox, 5-10 korrupsioner məmuru çıxmaqla, hamı ziyan çəkdiyindən etiraz aksiyalarının məsuliyyətini yalnız müxalifət partiyalarının da üzərinə atmaq düzgün deyil.


O ki, qaldı müxalifətin təklif etdiyi mübarizə üsuluna - yəni elektrikin, suyun və başqa xidmətlərin haqqını yeni tariflərlə ödməkdən imtina etməyin hüququ məsuliyyətinə, İntiqam Əliyev deyir ki, əgər vətəndaşlar elektrikin, suyun yeni qiymətlərlə haqqını ödəməkdən imtina edirlərsə, mövcud qanunvericiliyə görə, onlar haqqında cinayət işi qaldırıla bilməz. Onlara qarşı yalnız məhkəmə yolu ilə mülki iddialar qaldırıla bilər. Ancaq İntiqam Əliyev deyir ki, elektrikin, qazın, suyun oğurlanması halları aşkarlanarsa, onda vətəndaşlar haqqında cinayət işi qaldırıla bilər.


XS
SM
MD
LG