Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:50

Bazarlarda qiymətlər qalxıb


«Bilmirəm yer pulunu necə çıxaracam»
«Bilmirəm yer pulunu necə çıxaracam»

Tarif Şurası yanvarın 8-dən benzinin, dizel yanacağının, elektrik enerjisinin, suyun və daha bir neçə xidmətlərin qiymətini qaldırdı. Əhali danışır ki, bu qərardan sonra bütün sahələrdə qiymətlər qalxıb. Ancaq necə deyərlər, yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. «Azadlıq» radiosunun əməkdaşı 3-cü mikrorayon bazarına baş çəkib, qiymətlərin vəziyyəti ilə maraqlanıb.


- Qardaş, bazar olsun. Deyəsən, bazarlığa gəlmisiniz. Benzinin qiymətinin qalxması bazardakı məhsullara təsir edibmi?


-Təqribən 500-1000 köhnə manat məhsullar bahalaşıb. Məsələn, mən alma aldım. Əvvəlki qiymətə nisbətən almanın kiloqramı 500 manat bahalaşıb…
Hələ də bəzi insanların köhnə pul vahidi ilə danışdığı bazarda ancaq tək almanın qiyməti bahalaşmamışdı. Bazara kələm almağa gəldiyini deyən bir müştərinin sözlərinə görə, qiymətin az qala iki dəfə bahalaşdığını görüb, bu fikrindən daşınmalı olub. Satıcı isə kələmin qiymətinin iki dəfə artmasını benzinin bahalaşmasi ilə izah edir:


- Benzin bahalaşıb. Məhsulun qiymətini rayonlarda da qaldırıblar.


-Bəs alıcı azalıb?
-Yox, əvvəl alan, elə indi də alır…
Ancaq bazar o qədər də tünlük deyil. Kələm satıcısından başqa, bir çox satıcılar müştərilərin azalmasından gileylənirdilər:


-Saat 1-dir, hələ siftə etməmişəm. Bilmirəm yer pulunu necə çıxaracam. Pensiyanı 5 manat artırıblar, qiymətlər isə kəllə-çarxa qalxıb. Camaat indi çörək pulunun qayğısını çəkir…


-Bircə kəndiri ucuzlaşdıraydılar…


Bir yaşlı qadın isə kartofun bahalaşmasından gileylənirdi. Üstəlik, kartofun qiymətinin bahalaşması deyəsən, aldığı təqaüdü də onun gözündən salmışdı:


-Kartofun kiloqramı 1 manatdır. Bayaqdan axtarıram, ucuzunu tapa bilmirəm. 40 manat pensiya alıram. Belə çıxır ki, mən ancaq kartof yeyib, dolanmalıyam…


- Mən daha kommunal borcları ödəyə bilməyəcəyəm. Çünki balamı acından öldürəsi deyiləm ki!? Qoy, məni məhkəməyə verib tutsunlar…


Təqribən 10 gün əvvəl də bu bazarda bəzi insanların qiymətlərin bahalığından gileyi ilə rastlaşmışdım. Ancaq onda həm Qurban, həm Həmrəylik, həm də Yeni il bayramlarının ərəfəsi idi. Onda insanların gileyində bir bayram əhval-ruhiyyəsi də var idi. Çoxları güman edirdi ki, bayramlardan sonra qiymətlər yenidən əvvəlki qaydaya düşəcək. Ancaq Tarif Şurasının qərarı bu təxminlərin doğru çıxmasına imkan vermədi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG