Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:34

Demokratlar Buşu qoşunları İraqdan çıxarmağa çağırırlar


ABŞ Konqresində İraq məsələsi ilə bağlı dinləmələr planlaşdırılır
ABŞ Konqresində İraq məsələsi ilə bağlı dinləmələr planlaşdırılır

Corc Buş hökuməti yeni İraq siyasətini açıqlamaq ərəfəsindədir. Belə bir vaxtda demokratlar və respublikaçılar arasında söz savaşı güclənir. Amma, bu söz savaşının İraqdakı savaşın taleyini həll etmək gücündə olmadığı da etiraf olunur. Qanunlar Konqresin hökumətə təsirini məhdudlaşdırır.


Hökumətə müxalifətdə olan demokratlar İraqa əlavə qüvvələr göndərmək təklifinə dəstək verməyəcəklərini bildirirlər. Onların alternativ planları isə hələ görsənmir.


Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cozef Baydn Fox News televiziyasına müsahibəsində prezident Corc Buşun İraq siyasətinin iflas üzrə olduğunu deyib:


«Məsələ budur. Biz iflasda olan bu siyasəti davam elətdirməliyikmi? Ötən 12 ayda biz Bağdaddakı qoşunları artırmağa çalışmışıq. Dostumuz hökumət, təəssüf ki, işi gerilətdi. Hərbi həll yolundan öncə siyasi həll yolu tapılmalıdır».


Konqresin hər iki palatasında yenicə çoxluq qazanmış demokratların liderləri ötən həftə Buşa məktub göndərərək onu İraqdan qoşunları çıxarmağa başlamağa çağırıblar.


Senatdakı çoxluq lideri Hərri Reyd və nümayəndələr palatasındakı çoxluq lideri Nənsi Pelozi dörd aydan altı ayacan vaxtda qoşunları geri qaytarmağa başlamağın gərəkliliyini bildirirlər. Digər tərəfdən, Buş hökuməti tamamilə əks bir plan cızır. Prezidentin yaxın vaxtlarda elan edəcəyi planda İraqa əlavə 20 min qoşun göndərmək və bu ölkənin bərpasına əlavə milyard dollar maliyyə ayırmaq təklif oluna bilər. Bir tərəfdən demokratlar Buşun İraq siyasətni tənqid edirlər, o biri tərəfdən bu plana nə cavab verəcəkləri üstündə fikir ayrılıqları var. Senat və Nümayəndələr Palatasındakı demokrat liderlər həm vahid plan hazırlamaq, həm də respublikaçıların narazı hissəsini cəlb etmək yolları axtarırlar. Bütün bunlara baxmayaraq İraq müharibəsinin maliyyəsini kəsə biləcəklərinə eyham vurmurlar.


Pelosinin bazar günü dediyinə görə, hökumətdən tələb edəcəklər ki, maliyyənin İraqda nəyə xərclənəcəyini çox dəqiq göstərsinlər. Pullar qoşunları saxlamağa sərf olunacaq, yoxsa artırmağa?


Senator Baydn isə etiraf edib ki, Konqresin hakimiyyətini qanun məhdudlaşdırır və onun müharibəyə düzəlişlər etmək imkanı dardır. Bu imkan ondan ibarətdir ki, hökumətdən pulu nəyə xərclədiyini soruşsun. İraq müharibəsindən narazılar arasında respublikaçı konqresmenlər də az deyil. Senatın Respublikaçı lideri Mitç Məkkonnel bazar günü Fox televiziyasına müsahibəsində də bənzər fikir bildirib: «Konqresin müharibəni mikroidarə etmə vasitələri yetərincə məhduddur. Konqresin görə biləcəyi bir iş varsa o da qoşunların pulunu kəsməkdir. Amma, inanmıram ki, buna əl atılsın». Məkkonnelin sözlərinə görə, Senat bəyanat verib dinləmələr də keçirə bilər.


Konqresdə çoxluqda olan demokratların bir ümid yeri də Amerikada İraq müharibəsi ilə bağlı tənqidlərin artması sayılır. Demokrat liderlər ümid edirlər ki, İraq müharibəsinə diqqətin artması hökuməti qeyri-populyar siyasətdən çəkindirə bilər. Hələlik Konqres liderləri İraqla bağlı bir neçə dinləmə planlaşdırıblar. Bu dinləmələr son illər Konqresdə müharibəyə qarşı ən hay-küylü tədbir sayılır. Hələ aydın deyil ki, həmin dinləmələr qoşunların çıxarılmasına səbəb olacaq, yoxsa Buş hökumətinin qalan iki ili ərzində sonsuz debatlar gedəcək…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG