Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:47

«Economist»: «Azərbaycanda iqtisadi artım iki dəfə azalacaq»


«Economist Intelligence Unit» proqnoz verir ki, ölkədə iqtisadi artım 2008-ci ildə isə 11 faizə enəcək
«Economist Intelligence Unit» proqnoz verir ki, ölkədə iqtisadi artım 2008-ci ildə isə 11 faizə enəcək

2007-2008-ci illərdə Azərbaycanda iqtisadi artım iki dəfə azalacaq. Mərkəzi qərargahı Londonda yerləşən «Economist Intelligence Unit» təşkilatının 2007-2008-ci illər üçün Azərbaycanın iqtisadi və siyasi vəziyyətinə dair açıqladığı proqnozda belə deyilir. Proqnoza görə, 2006-cı ildə Azərbaycanda müşahidə olunan 33 faizlik iqtisadi artım, 2007-ci ildə 18 faizə, 2008-ci ildə isə 11 faizə enəcək.


Təşkilat qarşıdakı illərdə Azərbaycanın neft-qaz ixracını genişləndirəcəyini və bu səbəbdən də Rusiya ilə münasibətlərin daha da gərginləşəcəyini proqnozlaşdırır. Eyni zamanda, bildirilir ki, bu hal Rusiya investisiyalarının ölkəyə daxil olmasının qarşısını almayacaq. İki ölkə arasında növbəti illər ərzində hərbi və təhlükəsizlik sahəsində də əməkdaşlıq stabil olaraq qalacaq.


«Economist Intelligence Unit» Azərbaycanda inflyasiyanın səviyyəsinin noyabrda qeyd olunan 11 faizdən də yüksək olacağını deyir. İnflyasiyanın səviyyəsinin stabil qalması üçünsə, Azərbaycan Milli Bankının əlavə maliyyələşdirmədən istifadə edəcəyi proqnozlaşdırılır.


Təşkilat hakimiyyətin bu ilki neft gəlirlərinin əmək haqqlarının artırılmasına və infrastrukturun inkişafına sərf edəcəyini və bu səbəbdən də, büdcənin sosial yönümlü olaraq qalacağını deyir. Qarşıdakı illərdə neft gəlirlərinin artması ilə 2007-2008-ci illərdə iqtisadi artımın yüksələcəyi, Ümum Daxili Məhsulun isə 2009-2011-ci illərdə təqribən 7 faiz artacağı qeyd olunur.


«Economist Intelligence Unit» açıqlamasında Azərbaycanın növbəti dövrlər üçün siyasi durumunu da nəzərdən keçirib. Hesabatda hakimiyyətdəki qeyri-müəyyənliyin ilin sonuna doğru artacağı deyilir. Nəticə olaraq isə, İlham Əliyevin Konstitusiyada dəyişikliyə cəhd edə biləcəyi, yaxud da, inandığı birini varisi təyin edəcəyi proqnoz edilir. Lakin bu vəziyyətin də ölkədəki sabitliyi poza biləcəyi ehtimal olunur.


Müxalifət partiyalarının isə ilin sonuna kimi fəaliyyətinin zəif olaraq qalacağı, müxalifət partiya liderlərinin isə ambisiyalarının onların birgə əməkdaşlığına mane olacağı deyilir.


1946-cı ildə yaradılan «Economist Intelligence Unit» təşkilatı dünyanın qabaqcıl sənaye və idarəetmə analizlərini aparır. Artıq 60 ildir ki, iqtisadi təhlillər həyata keçirən qurumun dünya üzrə 40-dan çox bölməsi var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG