Cambul vilayəti Qazaxıstanda azərbaycanlıların ən çox yaşadığı rayondur
Tarıverdi Mirzəyev Qazaxıstanda anadan olub, valideynləri isə 30-cu illərdə Azərbaycandan Qazaxıstana sürgün ediliblər. O, Qazaxıstanın Cambul vilayətinin Çu rayonunda bu yaxınlarda yaradılmış Nəsimi adına Milli Mədəniyyət Mərkəzinin prezidentidir. Cənab Mirzəyev həmçinin Çu rayonunun kommunal xidmətinin rəhbəri vəzifəsində çalışır. Cambul vilayəti Qazaxıstanda azərbaycanlıların ən çox yaşadığı rayondur. Onların əksəriyyəti 30-cu illərdə Azərbaycandan sürgün edilmiş azərbaycanlıların övladlarıdır.
Berlindəki Ocaq Cəmiyyətinin üzvlərinin əksəriyyəti İran azərbaycanlılarıdır
Hazırda Almaniyada fəaliyyət göstərən ilk Azərbaycan qurumlarından biri Berlindəki Ocaq Cəmiyyətidir. Cəmiyyət 1982-ci ildə yaradılıb, 1988-ci ildə isə qeydiyyatdan keçib. Təşkilatın sədri Hafiz Mahinaşqarnia deyir ki, bu, təkcə Almaniyada deyil, Türkiyədən başqa, bütün dünyada olan ən qədim Azərbaycan cəmiyyətlərindən biri sayılır. Cəmiyyət üzvlərinin əksəriyyəti İran azərbaycanlılarıdır. Təşkilatın əsas məqsədi xaricdəki Azərbaycan gənclərinin Azərbaycan mədəniyyəti ilə tanış olmasını təmin etməkdir.
DAK Ukraynada Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirməyi planlaşdırır
Bu günlərdə Dünya Azərbaycanlıları Konqresi (DAK) Ukraynada qeydiyyatdan keçib. İş adamı Oqtay Rüstəmov DAK-ın Ukrayna nümayəndəliyinin rəhbəri seçilib. Konqresin sədri Cavad Derəxti deyir ki, qurum Ukraynadakı fəaliyyətini əsasən bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə və Qarabağ münaqişəsi ilə bağlı məlumatların yayılmasına yönəldəcək. Gələn ilin əvvəlində isə Dünya Azərbaycanlıları Konqresi Ukraynada Qarabağ münaqişəsi ilə bağlı tədbir keçirməyi planlaşdırır.
Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası Kanada Assosiasiyalar Şurasına üzv olub
Dekabr ayında Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası Kanada Assosiasiyalar Şurasına üzv olub. Assosiasiyanın sədri İlham Axundov deyir ki, Kanada Assosiasiyalar Şurası 60 ilə yaxındır ki, fəaliyyət göstərir və bu quruma YUNİSEF, Beynəlxalq Qırmızı Qaç Komitəsi kimi təşkilatların Kanada bölmələri daxildir. Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası bir il əvvəl Şuraya üzvlük üçün müraciət edib və yalnız bu yaxınlarda onları bu təşkilata qəbul ediblər.