Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:48

Bayram günlərində qəzetlər niyə çıxmır?


«Bayram günündə qəzet çıxarmaq qazanc gətirmir, əksinə itkilər olur»
«Bayram günündə qəzet çıxarmaq qazanc gətirmir, əksinə itkilər olur»
Bir həftədən çoxdur ki, Azərbaycanda qəzet çap olunmur. Bu vəziyyət nə jurnalistlərə, nə redaksiyalara, nə qəzet yayan firmalara, yəqin heç oxuculara da sərf etmir. Yalnız dövlət nəşriyyatı istirahət edir deyə, bu sahədəki bütün sistem dayanır. Niyə qəzetlər heç olmasa, özəl mətbəələrdə çap olunmurlar, bu cür boşluq həm də bir istehsalat sahəsi kimi redaksiyalara nəyə başa gəlir?

«Gündəlik Azərbaycan» qəzetinin redaktoru Şahvələd Çobanoğlu deyir ki, Azərbaycanda qəzetlərin gəliri yalnız satışdan əldə olunur. Odur ki, bayram tətilinin bu qədər uzanması onların heç də ürəyincə deyil. O, maliyyə sirri olduğundan bir həftə ərzindəki itkiləri haqda konkret rəqəm səsləndirməsə də, ay ərzində qazandıqlarının dörddə birinin əllərindən getdiyini söyləyir: «Bu mənada qəzetin çıxmaması redaksiyalara sərf etmir. Həm də biz yenicə işə başlamışdıq».


Söhbətləşdiyim qəzetçilərin əksəriyyəti ondan gileylənir ki, özlərinin ayrıca nəşriyyatı və yayım şəbəkəsi yoxdur. Ona görə də «palaza bürünüb, elnən sürünməli» olurlar. Çünki əksər qəzetlərin çap edildiyi «Azərbaycan» Nəşriyyatı da, onları yayan «Qasid» mətbuat yayım şirkəti də yalnız yanvarın 6-da işləməyə qərar veriblər.



«Keçən il bir dəfə bayramda çıxdıq. Yayım strukturları işləmədi deyə, əksəriyyəti alınmadı. Həmin günlərdə bircə səyyar yayım işləyirdi. Onlar da qəzeti rentabelli edəcək qədər şəbəkəyə malik deyillər. Əməyimiz boşa getdi».
«Azərbaycan» Nəşriyyatında baş direktorun müavini Bəsti İsmayılova isə qəzetçilərlə razılaşmır. Onun dediyinə görə, öncədən bütün qəzetlərə bayram günlərində işləməyə hazır olduqlarını bildiriblər: «Xəbərdarlıq etmişik ki, işləyə bilərik. Bu bizim marağımızdadır, niyə də yox deyək?»

Xanım İsmayılova bayram günü olmasına baxmayaraq, yanvarın 1-2-də dövlət qəzetlərinin qəfildən nəşr olunmaq istəklərini də məmnunniyyətlə yerinə yetirdiklərini deyir.


«Azadlıq» qəzetinin texniki redaktoru Azər Əhmədovsa deyir ki, onlara nəşriyyatın bir də yanvarın 6-da işləyəcəyini xəbər veriblər.


«Gündəlik Azərbaycan»ın redaktoru Şahvələd Çobanoğlunun sözlərinə görəsə, problem təkcə nəşriyyatla bağlı deyil. Onlar dövlət nəşriyyatından asılı deyillər, özəl «Çap Evi» mətbəəsində nəşr olunurlar. Odur ki, bayram günlərində də işləyə bilərdilər. Amma ötən ilki təcrübə göstərib ki, bayram günündə qəzet çıxarmaq qazanc gətirmir, əksinə itkilər olur: «Keçən il bir dəfə bayramda çıxdıq. Yayım strukturları işləmədi deyə, əksəriyyəti alınmadı. Həmin günlərdə bircə səyyar yayım işləyirdi. Onlar da qəzeti rentabelli edəcək qədər şəbəkəyə malik deyillər. Əməyimiz boşa getdi».


Özəl şirkət olan «Qaya» mətbuat yayımının direktoru Xanhüseyn Əliyev isə bayram günlərində də iş başında olduqlarını və qəzetləri bundan xəbərdar etdiklərini deyir. Hətta yanvarın 1-də çap olunan dörd dövlət qəzetinin yayımını da canla-başla təşkil ediblər.


Amma dövlət qurumu olan «Qasid» mətbuat yayımının direktor müavini Ağaəli İsmayılov başqa fikirdədir. O, deyir ki, ölkədə bir həftə rəsmi istirahət günüdürsə, onlar da bu imkandan yararlanmalıdırlar. Buna görə bir də yanvarın 6-dan 7-nə keçən gecə işə çıxacaqlar. O ki qaldı oxucunun qəzet oxumaq istəyinə, Ağaəli İsmayılov deyir ki, onsuz da bayramda oxucuların yadına qəzet düşmür: «Radio, televiziya, internet var, xəbər qıtlığı heç hiss olunmur».


Gündəlik çıxan «Ayna-Zerkalo» qəzetlərinin redaktoru Elçin Şıxlı isə ilin başlanğıcında gəlir-çıxarları hesablamağın tərəfdarı deyil. Onun qənaətincə, maddi itkilərə baxmayaraq qəzet kollektivinin də ildə bir dəfə ailəsi ilə dincəlməyə, bayram etməyə haqqı var. Maddi ziyan dəysə də, fiziki baxımdan xeyri var.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG