Yanvarın 3-də İran Türkiyəyə təbii qazın verilməsini dayandırıb. «Azadlıq» radiosunun Türkiyədəki əməkdaşının verdiyi məlumata əsasən, İrandan təbii qazın alınmasında fasilələr Türkiyənin mərkəzində bəzi müəssisələrin fəaliyyətini dayandırmasıyla nəticələnib.
Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Hilmi Gülər bəyan edib ki, enerji böhranı yaranacağı halda, ölkədə kifayət qədər yanacaq ehtiyatı var.
Cənab Gülər deyib ki, İranla Türkiyə arasında təbii qazın ixracı haqqında müqavilə var. Amma daxili problemlər üzündən Tehran sazişin tələblərini yerinə yetirə bilmir. Nazirin sözlərinə görə, həftənin sonuna qədər İran hökuməti Türkiyəyə təbii qazın verilməsini tam həcmdə bərpa etməyə söz verib.
Keçən ilin yanvarında İran qazının verilməsində fasilələr üzündən Türkiyədə yüzlərlə müəssisə fəaliyyətini dayandırmış, bir neçə iri şəhərə isə qazın verilməsi kəsilmişdi.