Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:12

İstilikxanalara verilən qaz 1-2 ay sonra kəsilə bilər


«Azəriqaz»dan bilidirirlər ki, qaz oğurluğu Bakı kəndlərində adi hala çevrilib
«Azəriqaz»dan bilidirirlər ki, qaz oğurluğu Bakı kəndlərində adi hala çevrilib
Hələ ötən il dekabrın 1-də prezidentin Nazirlər Kabinetində qışa hazırlıqla bağlı keçirdiyi müşavirədə qazdan və elektrik enerjisindən qanunsuz istifadə ilə bağlı məsələlərə toxundu. Həmin müşavirədə göstəriş verildi ki, bu halların aradan qaldırılması üçün «Azəriqaz» tədbirlər həyata keçirsin. «Azəriqaz»ın rəsmisi Nüsrət Qasımov deyir ki, elə həmin göstərişdən sonra onlar istilikxana sahiblərinə 2007-ci il yanvarın 1-dən qazın kəsilməsilə bağlı xəbərdarlıq ediblər. Nüsrət Qasımov deyir ki, istilikxanaların hamısına sayğac quraşdırılıb və sahiblərilə müqavilə imzalanıb. Amma, çox qaz işləndiyindən və nəticədə sayğaclar da çox pul yazdığından qaz oğurluğu Bakı kəndlərində adi hala çevrilib: «Xiyarı aparıb 5-6 şirvana satırlar amma işlətdikləri qazın pulunu vermək istəmirlər... 50-60 metr aralıda ana qaz olmadığına görə, körpəsinə süd qızdıra bilmir, amma istilikxana sahibi xiyar, pomidorun nə vaxt yetişəcəyin güdür».

Nüsrət Qasımov deyir ki, onlar hamının qazını kəsib, istilikxanası olmayanları da qazsız qoymaqdansa belə qərara gəliblər ki, müqavilə bağlanmasından asılı olamayaraq istilikxanaların hamısına qaz verilməsi dayandırılsın. Cənab Qasımova görə, indi çətin vəziyyətə düşüblər sakinlərin yarısı deyir ki, Bakı kəndlərindəki istilikxanaların qazı kəsilib əhaliyə daha yaxşı qaz verilsin, istilikxanası olanlar da qazı pulsuz işlətmədiklərini bildirirlər.


İndiyə qədər qaz sayğaclarına müdaxiləyə görə, 600 nəfər məhkəməyə verilib. Nüsrət Qasımov deyir ki, parlamentin qaz və elektrik enerjisindən qanunsuz istifadə edənlərə qarşı qaydaları sərtləşdirən qanun qəbul edib və bundan sonra onlar qazdan qanunsuz istifadə edənlərə daha ciddi mübarizə aparacaq
Zirə kənd sakini Zakir İbrahimov isə deyir ki, 2005-ci ildə qaz olmadığından o, özü ötən il və bu il istilikxana düzəltməkdən imtina edib. Amma, indi kənddə istilikxanası olanlar çətin vəziyyətdə qalıblar. Məhsulun yığılmasına az qalmış qazın kəsilməsi indiyə qədər çəkilən xərcin batması deməkdir. Zakir İbrahimovun dediyinə görə, istilikxana düzəldənlərin əksəriyyəti lazım olan avadanlıqların hamısını nisyə götürürlər. Bir istilikxananın düzəldilməsi, məhsulun becərilib yetişdirilməsinə isə təxminən 750 dollar vəsait xərclənir. Əgər onların qazı kəsilərsə həmin adamların hansı vəziyyətə düşəcəyi indidən bəllidir: «Azəriqaz» hamıyla o cümlədən mənimlə də müqavilə bağlayıb, sayğac qurulub. Amma, qaz olmadığından mən bu il istilikxana düzəltməmişəm. Başqalarının var amma indi qazları deyirlər kəsəcəklər bəs camaatın məhsulu necə olacaq? Çəkilən xərci kim ödəyəcək?»


«Azəriqaz»ın rəsmisi Nüsrət Qasımov isə hesab edir ki, qazın kəsilməsini istilikxana sahibləri problemə çevirməməlidirlər. Çünki, qazdan başqa da yanacaq növləri də var. Zirə kənd sakini Zakir İbrahimov isə deyilən bu fikirlərlə razılaşmır: «Bu boş şeydir, əgər mümkün olsaydı mən bu il işsiz, gücsüz qalmazdım. Mümkün olsaydı özüm belə bir addımı atardım». Zakir İbrahimov deyir ki, əgər belə problem var idisə onda bunu əvvəlcədən deyəydilər hər kəs də öz işini biləydi. Başqa bir tərəfdən də artıq bütün istilikxanalara sayğac quraşdırıldığından hamı arxayın işlətdiyi qazın pulunu ödəyib işini görür. Əgər birdən-birə bağlanan müqavilələr də öz qüvvəsini itirirsə onda vətəndaş neçə dolanmalıdır? Zakir İbrahimov deyir ki, vəziyyətdən çıxmaq üçün sakinlər bu günlərdə prezidentə müraciət ediblər. Və ümid edirlər ki, prezident və onun xanımı onların müraciətini cavabsız qoymayacaq.


Nüsrət Qasımov isə deyir ki, «Azəriqaz»ın bu addımı yalnız qaz oğurluğuna görə, başqalarının qazsız qalmasının qarşısının alınmasına yönəlib, əhalini qazsız qoymağa yox. Onun sözlərinə görə, indiyə qədər qaz sayğaclarına müdaxiləyə görə, 600 nəfər məhkəməyə verilib. Nüsrət Qasımov deyir ki, parlamentin qaz və elektrik enerjisindən qanunsuz istifadə edənlərə qarşı qaydaları sərtləşdirən qanun qəbul edib və bundan sonra onlar qazdan qanunsuz istifadə edənlərə daha ciddi mübarizə aparacaq.


Qaldı ki, istilikxanalara verilən qazın nə vaxt kəsiləcəyinə Nüsrət Qasımov deyir ki, əslində qaz yanvarın 1-dən kəsilməli idi, amma sakinlər prezidentə müraciət etdiyindən ola bilər bir neçə ay da gözləsinlər, yəni əhaliyə məhsulunu yığıb satmağa möhlət verilsin.


XS
SM
MD
LG