Yüzlərlə sünni ərəb İraqda Səddam Hüseynin edamına etiraz əlaməti olaraq aksiya keçiriblər. Etirazçıların çoxu silahlı olub. Hadisə Bağdadın şimalında, Əd-Davr şəhərində baş verib. Səddamı 2003-cü ildə Amerika qüvvələri də, məhz bu şəhərdə tutmuşdular. Etirazçılar havaya atəş açıblar, onlar Səddamın edamına görə, şiə liderlərini və baş nazir Nuri-əl-Malikini günahlandırıblar.
İordaniyanın paytaxtında keçirilən anım yürüşündə isə Səddamın böyük qızı atasının şəhid olduğunu bildirib.
Müsəlman Üləmalar Birliyinin internetdə yaydığı bəyanatda bildirilir ki, keçmiş İraq prezidentinin edamı siyasi aktdır. Təşkilat hesab edir ki, Səddamın Qurban Bayramı ərəfəsində edam edilməsi düzgün deyildi.
Xəbər agentlikləri şahidlərə istinadla Səddamın qəbrini ziyarət etmək istəyənlərə polisin imkan vermədiyini yazırlar. Səddam Hüseyn ötən ilin dekabrın 30-da edam olunub. İraq məhkəməsi onu bəşəriyyətə qarşı cinayətlərdə ittiham edib və barəsində ölüm hökmü çıxarıb.