Azərbaycanda fəaliyyət göstərən GSM mobil operatorlarının sözçüləri isə, bu vəziyyətin normal olduğunu və bütün ölkələrdə yarandığını deyirlər. Həm də onu bildirirlər ki, eyni anda bütün abonentlərin danışığını 100 faiz təmin etmək qeyri-mümkündür.
«Azercell» şirkətinin sözçüsü Rüfət Abbasov, Azərbaycanda fəaliyyət göstərən mobil operatorların Avropa ölkələrindən də yaxşı işlədiyini deyir. Amma əlavə edir ki, 2,3 milyon abunəçinin eyni anda zəng etməsi də sistemin yüklənməsinə səbəb olur: «Bu, bilirsiniz nəyə oxşayır? Adi hallarda yollar normal sayda olan maşınlar üçün nəzərdə tutulub, amma bütün maşınları eyni yola qoyanda tıxac yaranır. Adi qaydada hamı rahat danışır, SMS göndərir. Avadanlıq bunun üçün, hətta bunun artıqlaması üçün nəzərdə tutulub. Amma eyni vaxtda 2,3 milyon abonent zəng vurmağa və SMS göndərməyə çalışanda, sistem yüklənir».
Ölkədə fəaliyyət göstərən ikinci mobil rabitə operatoru «Bakcell» şirkətinin mətbuat katibi İlham Əfəndiyev isə bu halı bayram günlərində mağazalardakı canlanma ilə müqayisə edir: «Siz hansı bir dükana girsəydiniz, görərdiniz ki, orada bir dəfəyə 10-20 nəfər hansısa bir malı almaq istəyir. Yəni bütün sistemlərdə, dükanlarda da, mobil operatorlarda da, nəinki Azərbaycanda, hətta bütün dünyada belədir. Bayram günlərində istifadəçilərin sayı qat-qat çoxalır».
Lakin həm «Azercell», həm də ki, «Bakcell»dən bildirirlər ki, adı çəkilən problemlə bağlı çox az adam onlara zəng edərək, şikayətini bildirib.