Dekabrın 31-i Azərbaycanda Qurban və Həmrəylik bayramlarıdır. Bakının bir çox küçə və meydanlarında qurbanlıq üçün qoyun və iribuynuzlu başqa heyvanlar satılırdı. Təqribən 12 kiloqramlıq qoyunu 80 manatdan ucuz almaq mümkün deyildi. Halbuki, Qurban bayramına qədər bu cür qoyunu 50-60 manata almaq olardı. Ətin qiymətinin belə kəskin bahalaşmasından alıcılar narazılıqlarını gizlətmirdilər:
«Xalqımızın bayramını təbrik edirəm. Arzu edirəm ki, gələn il belə olmasın»
Ancaq deyəsən, qiymətin bahalaşması alıcılar kimi satıcıların da çox ürəyindən deyildi. Satıcıların deməsinə görə, rayonlarda da qoyun və iribuynuzlu heyvanların qiyməti bahalaşıb. Bu üzdən də onlar qiyməti qaldırmaq məcburiyyətindədirlər.
Qafqaz Müsəlmanları Ruhani İdarəsindən verilən məlumata görə isə, paytaxtın bir neçə məscidində hər il olduğu kimi imkansız ailələrə qurban ətləri paylanıb.