Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 00:46

Astroloqların proqnozlarına görə, donuz ili bərəkətli ildir


«Donuz ilinin verdiyi şansdan istifadə edənlər ömürlərini firavanlıqla başa vuracaqlar»
«Donuz ilinin verdiyi şansdan istifadə edənlər ömürlərini firavanlıqla başa vuracaqlar»

Hazırda Bakıda mağaza vitrinlərində daha çox donuz oyuncaqlarına rast gəlinir. Bu da təbii ki, səbəbsiz deyil. Şərq təqviminə görə, 2007-ci il donuz ilidir. Satıcı Rahil deyir ki, alverləri pis getmir. Alıcılar bu il donuz oyuncaqları ilə maraqlanırlar: «Çox alırlar. Ən ucuzu 80 qəpikdir, ən bahası isə 10 manat. Hansı heyvan üstündə il gəlirsə, həmişə o oyuncaqlara maraq çox olur».


Astroloqların proqnozlarına görə, donuz ili bərəkətli ildir. Donuz sülhsevər olduğuna görə, donuz ili də sülh, əmin-amanlıq ili olur. Donuz vicdanlı və zəhmətkeşdir. Ona görə də, bu ildə səylə çalışan insanların əziyyəti yerdə qalmır.


«Adətən belə illər sakit olur. Ötən üç illə müqayisədə bolluq olur, insanların maddi rifahı, iqtisadi durumu qat-qat yaxşı olur. Bundan başqa, adamların çalışqanlığı artır, şəxsi zəmində baş qaldıran ədavətlər kəskin şəkildə azalır»

Astroloq, «Qoroskop» qəzetinin baş redaktoru Səbuhi Rəhimli deyir ki, 2007-ci il ötən üç ildən kəskin fərqlənəcək: «Adətən belə illər sakit olur. Ötən üç illə müqayisədə bolluq olur, insanların maddi rifahı, iqtisadi durumu qat-qat yaxşı olur. Bundan başqa, adamların çalışqanlığı artır, şəxsi zəmində baş qaldıran ədavətlər kəskin şəkildə azalır. Belə ümid etmək olar ki, 2007-ci il müharibəsiz bir il olacaq».


Cənab Rəhimlinin sözlərinə görə, donuz ili bu ildə doğulanlarla yanaşı, həm də keçi və pişik ilindən olanlar üçün uğurlu il olacaq. Bürclərə gəlincə isə, şir və qoç bürcündən olanlar donuz ilində daha çox uğur əldə edəcəklər.


İlindən və bürcündən asılı olmayaraq Bakıda söhbətləşdiyim sakinlərin də hər biri 2007-ci ilin uğurlu olacağına inanırlar.


"Çox istərdim ki, donuz ilində Qarabağ alınsın, insanların yaşayış tərzi yüksəlsin, məncə, donuz ili uğurlu il olacaq", "Xoşbəxtlik, mehribanlıq olsun təki", " Evdə donuz saxlamamışam, bilmirəm necə heyvandır, amma inanıram ki, bu il uğurlu olacaq..."


Şərq təqvimində o da göstərilir ki, donuz ilinin verdiyi şansdan istifadə etməyi bacaranlar qalan ömürlərini firavanlıqla, korluq çəkmədən başa vuracaqlar. Bu şans bir daha 12 ildən sonra ələ düşəcək, ona görə də, qolları çirməyib iş görmək vaxtıdır.


XS
SM
MD
LG