Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:30

«Hazırda əsas məsələ Fəaliyyət Planını yerinə yetirməkdir»


Suallarınızı Piter Semnebi cavablandırıb
Suallarınızı Piter Semnebi cavablandırıb
-Hörmətli cənab Piter Semnebi, bu gün istənilən Qərb diplomatı bilir ki, Azərbaycanda sadəcə polis rejimi mövcuddur. Belə olan təqdirdə hazırkı rejimə bu qədər «isti» münasibəti necə izah edərdiniz? Bu «yumşaq» siyasət Avropanın bölgədəki gücsüzlüyünün, yoxsa «neft asılılığının» nəticəsidir?

-Ola bilsin ki, AB bu vaxtacan regionda prinsipial olmayıb. Məncə, bu, bir neçə ilə dəyişəcək. İndi Fəaliyyət Planı imzalanandan sonra AB Azərbaycan mediasında daha çox müzakirə olunur. Bu yaxınlarda Avropa Komissiyasının xüsusi nümayəndəliyi də açılacaq.

Səfir Piter Semnebi 1959-cu ildə İsveçdə anadan olub. O, Stokholm İqtisadiyyat Məktəbi, Uppsala Universiteti, Stokholm Universiteti və Harvard Universiteti nəzdində Con Kennedi adına İdarəetmə Məktəbində təhsil alıb.


2000-2002-ci illərdə Latviyada, 2002-2005-ci illərdə isə Xorvatiyada ATƏT Missiyasına başçılıq edib.


1997-2000-ci illərdə İsveç Xarici İşlər Nazirliyinin Avropada Təhlükəsizlik və Müdafiə Siyasəti Komitəsinə rəhbərlik edib. Bundan qabaq İsveçin Almaniya, Ukrayna və SSRİ-dəki səfirliklərində çalışıb.


Piter Semnebinin karyerası dövründə Cənubi Qafqazda işləmək və səyahət etmək imkanı da olub. O, 1988-ci ildə Ermənistanda zəlzələdən dərhal sonra xilasetmə işlərində iştirak edib. 1992-ci ildə Gürcüstanda ATƏT Missiyasının üzvü olub.


İsveç dili ilə yanaşı, ingilis, fransız, alman, rus və serb-xorvat dillərini bilir.


ətraflı forumda


AB Azərbaycana daha effektli yardım edə biləcək. Əlbəttə ki, enerji bu münasibətlərdə çox mühüm aspektdir, ancaq, bu yanlış fikirdir ki, enerji AB-ni maraqlandıran yeganə məsələdir. Cənubi Qafqaz bütünlükdə AB-ni maraqlandırır, onun prioritetinə çevrilir.


-Cənab Semnebi Azərbaycanda siyasi müxalifətin dövlət siyasəti nəticəsində sıradan çıxarıldığını doğurdanmı Qərbin gözləri görmür?


-Bütün siyasi baxışların eşidilməsi, siyasi müxalifətin normal işləməsi üçün şərait olmalıdır. Media da azad şəkildə, dövlətin müdaxiləsi olmadan bütün fikirləri yayması üçün şərait olmalıdır. Azərbaycanda bu mənada şərait baxımından narahatçılıq var. AB, digər beynəlxalq qurumlar bu barədə fikrini bildirib. Mən ümid edirəm və inanıram ki, hakimiyyət media azadlığının təminatı, seçkilərin azad və ədalətli keçməsi üçün nə lazımdırsa edəcək. Azərbaycanla AB-nin münasibətləri Fəaliyyət Planıyla əlaqədar yeni mərhələyə daxil olub. Media azadlığı, demokratik institutlar bu münasibətlərin kökündə durur.


-Avropa Heydər Əliyevin İlham Əliyevlə əvəzlənməsi və Azərbaycanda bir sülalə rejimi qurması ilə niyə asanlıqla barışdı?


-Azərbaycanda prezidentin kim olmasına Avropa Birliyi qərar vermir. Bizim fikrimizcə, Azərbaycanın timsalında mühüm olan odur ki, bu ölkə açıq, demokratik, şəffaf cəmiyyətə çevrilsin. Bunu bir gecəyə etmək mümkün deyil. Totalitar sistemdən çıxmaq həm də cəmiyyətin mentalitetində dəyişiklik deməkdir. Buna da çox vaxt lazımdır. Mənim prezident İlham Əliyevlə çox söhbətlərim olub, onun bir lider kimi ölkəsinin gələcəyinə dair strateji baxışları var. Azərbaycanın gələcək transformasiyası bu baxışın mərkəzində durur.


-Azərbaycanın Avropanın bir parçasına çevrilməsi üçün əsasən nə lazımdır? Əgər Avropaya inteqrasiya üçün şərti olaraq 10 addım nəzərdə tutulubsa, bu gün Azərbaycan necə addım atıb, neçəsi qalib?


-Bu çox çətin sualdır. Mən gərək fikirləşim ki, 10 addım hansılardır. Mən onu deyə bilərəm ki, Azərbaycan çox mühüm addımı atıb, Qonşuluq Siyasəti çərçivəsində, Fəaliyyət Planıyla bağlı danışıqlara qoşulub. Bu çox ambisiyalı bir sənəddir, yerinə yetirilməyə başlayan kimi, Azərbaycanı AB-nə yaxınlaşdıracaq. Bu sənəd qarşılıqlı anlaşmanı artıracaq, münasibətləri sıxlaşdıracaq. Bu sənədin yerinə yetirilməsi həm də Azərbaycanın, nə dərəcədə bunda maraqlı olmasından asılıdır. Bu prosesin sonu barədə mən spekulyasiya etmək istəmirəm. Qonşuluq Siyasəti AB üzvlüyü demək deyil, bunu tamamilə istisna da etmir. Hazırda əsas məsələ Fəaliyyət Planını yerinə yetirməkdir, bunun özü də AB-nə yaxınlaşma deməkdir. Biz indi ancaq əməkdaşlıq barədə danışmırıq, biz Azərbaycanın bir çox sahələrdə AB-nə inteqrasiyası barədə danışırıq.


-Şəxsən siz Azərbaycandakı demokratiyadan razısınızmı ?


-Azərbaycan keçid ölkəsidir. Totalitar irsdən çox ambisiyalı məqsədlərə doğru gedir. Bu məqsədlər-demokratik dövlət qurmaq, qanunun aliliyidir. Bu uzun müddətə həyata keçirilən bir işdir, Azərbaycan 15 ildir totalitar rejimdən azad olub, əlbəttə ki, bu iş hələ yerinə yetirilməyib. Ancaq, mən inanıram ki, Azərbaycan düz yoldadır. Azərbaycan Avropa Birliyi ilə təmaslar qurur. Avropa məkanında isə demokratik prinsiplər, qanunun aliliyi, media azadlığı əsas dəyərlər hesab olunur. Biz Azərbaycanın bu yolda inkişafına təkan verəcəyik.


-Sizə elə gəlmir ki siz həddindən artıq bizim daxili işlərimizə qarışırsınız? «Avropa Birliyi Azərbaycanda media azadlığını diqqətdə saxlayacaq» deməklə siz nə demək istəyirsiniz? Həmin Avropa Birliyi bizim bir milyondan çox qaçqın və məcburi köçkünləri bəs nə üçün diqqətində saxlamır və onların öz doğma yurd-yuvalarına qatması üçün heç bir təsirli tədbirlər görmür?


-Media azadlığı, insan haqları kimi məsələlər heç bir ölkənin daxili işi deyil. Azərbaycanda da daxil olmaqla ATƏT-in, Avropa Şurasının bütün üzvləri bu fundamental hüquqlarla bağlı öhdəliklər qoyan sənədlərə imza atıblar. Bu prinsiplər Avropa Birliyi (AB) ilə Azərbaycanın da münasibətlərinin kökündə durur və əlbəttə ki, biz media sahəsinə xüsusi diqqət ayırırıq.


Qaçqınlarla bağlı məsələyə gəlincə, AB bu məsələylə məşğul olmur, məncə, Avropanın bu işə daha çox diqqət ayırması gərəkdir. Azərbaycana növbəti səfərimdə bir neçə qaçqın düşərgəsinə baş çəkəcəyəm və qaçqınlarla bağlı yerində, ətraflı məlumat alacağam. Bu çox faciəvi haldır. Məncə, insanlar uzun müddətə bu şəraitdə yaşamamalıdırlar. Bu həm strateji məsələdir, həm də fərdlərin taleyidir.


XS
SM
MD
LG