ATƏT-in Bakı Ofisinin siyasi məsələlər və mətbuat üzrə müşaviri Ülvi Axundlunun «Azadlıq» radiosuna verdiyi məlumatda belə deyilir.
Qanun layihəsi qurumun Bakı Ofisinin təşəbbüsü ilə hazırlanır. Ancaq layihə üzərində iş davam etdiyindən, təfsilatlı məlumat verilmir. Ülvi Axundlu bildirir ki, qanun layihəsi gələn ilin əvvəllərində hazır olmalıdır və bu zaman ictimaiyyətə məlumat veriləcək.
Hüquq müdafiəçisi Murad Sadəddinov hesab edir ki, məhbusların saxlanma şəraiti ilə bağlı qanunda köhnəlmiş məqamlar çoxdur və ona yenidən baxılmalı, Avropa standartlarına uyğunlaşdırılmalıdır:
«Ömürlük həbs cəzası almış məhkumların kamerada televizora baxmağına icazə verilmir. Qanunvericilik buna imkan vermir. Bu, sadəcə, bir məqamdır. Ancaq orada dəyişdirilməli məqam çoxdur».
Azərbaycanda məhbusların saxlanma şəraitinin yaxşılaşdırılmasına dair müxtəlif beynəlxalq qurumlar da tövsiyələr veriblər. Azərbaycan hökuməti isə bildirir ki, bu tövsiyələr nəzərə alınır və yeni həbsxanalar tikilir.