Dekabrın 22-də Bakı şəhərində iki avtomobil körpüsünün açılışı olub. Körpülərdən biri Dərnəgül qəsəbəsində Ayna Sultanova heykəlinin önündə, ikincisi isə Nəqliyyat Nazirliyinin yaxınlığında inşa edilib. Nəqliyyat Nazirliyinin yaxınlığındakı körpünün açılışında iştirak edən prezident İlham Əliyev deyib ki, bütün bunlar paytaxtın nəqliyyat sisteminin yaxşılaşdırılmasına xidmət edir. Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsi üçün ümumilikdə 200 milyon manatdan çox vəsait ayrılıb. Prezident qeyd edib ki, yaxın vaxtlarda hava limanına gedən yol da yenidən çəkiləcək.
Hazırda Bakı şəhərində daha 7 körpünün tikintisi davam edir. Onların isə 2007-ci ilin sonuna qədər istifadəyə veriləcəyi gözlənilir.
Dekabrın 22-də körpülərdən əlavə iki yeraltı keçid də istifadəyə verilib. Onlardan biri Respublika sarayının, ikincisi isə Nəsiminin heykəli yanındadır.