Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 18:28

«Türkmənistan Niyazov dövrünə qayıtmayacaq»


«Türkmənbaşı Türkmənistanı hər yerdən təcrid etmişdi»
«Türkmənbaşı Türkmənistanı hər yerdən təcrid etmişdi»

Türkmənistan prezidenti Saparmurad Niyazov (Türkmənbaşı) dekabrın 20-dən 21-nə keçən gecə vəfat edib. Azərbaycanda rəsmilər və ekspertlər bu məsələyə və Türkmənistanın bundan sonrakı gələcəyinə necə yanaşırlar?


Prezident Aparatında İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov deyir ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər heç vaxt gərgin olmayıb və bəzi mübahisəli məsələlərdə, Xəzər dənizinin dibinin bölünməsində hər bir dövlət öz marağından çıxış edib. Ancaq politoloq Eldar Namazov bu fikirlərlə razılaşmır, onun sözlərinə görə, Türkmənistan nəinki Azərbaycanla, hətta bir çox xaici ölkələrlə də gərgin münasibətdə olub: «Türkmənbaşı Türkmənistanı hər yerdən təcrid etmişdi, o cümlədən, Azərbaycandan da».


Əli Həsənov hesab edir ki, Azərbaycanla Türkmənistanı dil və soy eyniliyi birləşdirir. Politoloq Eldar Namazovun fikrincəsə, bu amillərdən başqa, iqtisadi məqamlar da var ki, hər iki ölkənin maraqlarına xidmət edir: «Türkmənistan öz qazını, neftini Rusiyayla dünya bazarına çıxartmaq məcburiyyətində qalıb, amma Azərbaycan vasitəsilə çıxartsaydı, iqtisadiyyatı daha çox gəlir əldə edə bilərdi».


Əli Həsənova görə, Azərbaycan-Türkmənistan münasibətləri Türkmənistanda hakimiyyətə kimin rəhbər gəlməsindən asılı olmayaraq inkişaf edəcək. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, Türkmənistanın qonşu ölkələrlə hansı siyasi münasibətləri seçəcəyi yeni prezidentin şəxsiyyətindən asılı olacaq.


Ancaq bəzi ekspertlər Türkmənistanda siyasi sistemin hansı xətlə inkişaf edəcəyini proqnozlaşdırmaqda çətinlik çəkirlər. Onlar deyirlər ki, Türkmənistan indiyə qədər qapalı ölkə sayıldığından orda gedən siyasi proseslər barədə tam məlumat əldə etmək mümkün olmayıb. Eldar Namazovun fikrincə, bir müddət Türkmənistanda qeyri-müəyyən bir dövr başlayacaq, politoloq bunu ölkədə rəsmi müxalifətin yoxluğu, hakimiyyətdaxili qrupların isə nüfuz çəkişməsinə cəlb olunacağıyla əsaslandırır. Onun sözlərinə görə, Türkmənistanda geniş enerji mənbələrinin mövcudluğu Qərbin diqqətini bu ölkəyə daha ciddi yönəltməyə vadar edəcək


Türkmənistandakı siyasi sistemin demokratik tələbələrə cavab vermədiyini deyən millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, cəhd göstərilsə, imitasiyaya can atılsa belə, artıq bu ölkədə Saparmurad Niyazov xəttini yeritmək çətin olacaq: «Mən sizə deyim ki, daha Türkmənistan Niyazov dövrünə qayıtmayacaq, mütləq dəyişiklik olacaq».


XS
SM
MD
LG