Təhsil hüquqlarının bərpası tələbilə 29 gündür Müsavat Partiyasında aclıq edən keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) tələbələrindən dördü ölüm aclığına başlayıb. Həmin tələbələr dekabrın 19-dan ağızlarını yapışqanlı lentlə bağlayıblar.
Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədr müavini Xalid Qarayevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlardan aksiyanı dayandırmalarını xahiş ediblər: «Amma həmin dörd nəfər həyatları bahasına olsa belə, aclığı davam etdirmək niyyətindədirlər».
Hazırda aksiyanı davam etdirən tələbələrin sayının 60-a yaxınlaşdığı bildirilir.
Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etdikdən sonra universitetin testdənkənar qəbul olunmuş ikinci kurs tələbələri başqa ali məktəblərə köçürülməyib.
Problem dekabrın 21-də Binəqədi Rayon Məhkəməsində araşdırılacaq.