Türkiyədə Azərbaycan Dərnəklərinin Federasiyası yaranıb
Dekabrın 10-da Türkiyədə bu ölkədəki Azərbaycan Dərnəklərinin Federasiyası yaranıb. Federasiyanın təsis toplantısı Kocaeli şəhərində keçirilib. Kocaelidəki «Azərbaycan Evi»nin rəhbəri Bilal Dündar qurumun İdarə Heyətinin sədri seçilib. Cənab Dündar deyir ki, Federasiyaya Türkiyənin müxtəlif şəhərlərində fəaliyyət göstərən 15 dərnək daxildir. Onun sözlərinə görə, qurum Qarabağ münaqişəsi ilə bağlı məlumatları bütün dünyada yayacaq və Azərbaycanın mədəniyyətini təbliğ edəcək. Bilal Dündar bildirir ki, onun rəhbərlik etdiyi dərnək sosial fəaliyyətlər də həyata keçirir, o cümlədən Türkiyədə oxuyan azərbaycanlı tələbələrə maliyyə yardımı göstərir.
Qırğızıstanda türkdilli xalqların «Dostluq, Birlik və Həmrəylik» adlı tədbiri keçiriləcək
Dekabrın 24-də Qırğızıstanda yaşayan türkdilli xalqların iştirakı ilə «Dostluq, Birlik və Həmrəylik» adlı tədbir keçiriləcək. Bu tədbir «Türkel» Beynəlxalq Fondunun və Türkiyənin Qırğızıstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Qırğızıstanda çıxan türkdilli xalqların ortaq qəzeti olan «Türkel»in baş redaktoru Ramiz Məşədihəsənli deyir ki, tədbirdə Qırğızıstanda fəaliyyət göstərən türkdilli xalqların diaspor təşkilatları 10-15 nəfərlə təmsil olunacaq, o cümlədən Qazaxıstanın Cambul vilayətində yaşayan azərbaycanlılar da mərasimə qatılacaqlar.
Azərbaycanlı rəqqas Yaponiyada maşın düzəldən zavodda işləyir
Ramil Cəfərov Yaponiyada yaşayır. O, professional rəqqasdır. 2001-ci ildə Yaponiyaya qastrola gedib, sonradan isə bu ölkəyə köçüb. Amma Ramil Cəfərov Yaponiyada rəqqaslığı tərk etməli olub. O, hazırda maşın düzəldən zavodda işləyir. Deyir ki, Yaponiyada ən çox xoşuna gələn bu ölkənin mədəniyyətidir. Bu illər ərzində Yaponiyada üzləşdiyi çətinliklərə gəldikdə, cənab Cəfərov deyir ki, ən böyük çətinlik iş tapmaqla bağlıdır, çünki bir çox müəssisələr xariciləri işə götürmək istəmirlər. O, yapon dilini qısa müddətdə öyrənə bilib. Dediyinə görə, qrammatik baxımdan yapon dili ilə Azərbaycan dili arasında oxşarlıqlar var. Buna görə də bu dili mənimsəmək onun üçün çətin olmayıb.