Bakıda səfərdə olan cənab Semnebi dekabrın 16-da Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, medianın vəziyyəti onun Bakıda rəsmi şəxslərlə keçirdiyi danışıqlarda da diqqət mərkəzində olub: «Avropa Birliyi Azərbaycanda media azadlığı sahəsində, eləcə də ANS telekanalı ilə bağlı vəziyyətin bundan sonra da necə dəyişəcəyini diqqətdə saxlayacaq», – deyə Avropa Birliyinin nümayəndəsi qeyd edib.
Piter Semnebi rəsmilərlə Azərbaycanın yeni daxil olduğu Avropa Birliyinin «Qonşuluq Siyasəti» proqramının həyata keçirilməsi vəziyyətini də müzakirə edib: «Azərbaycanın Avropa strukturlarına inteqrasiyası yeni mərhələyə keçib və demokratik institutların inkişafı, mətbuat azadlığının və qanunun aliliyinin təmin edilməsi bu prosesdə prioritet olacaq».
Cənab Semnebi xatırladıb ki, 2007-ci ilin əvvəlində Avropa Birliyinin Azərbaycanda nümayəndəliyinin açılması nəzərdə tutulur. Bu qurum «Qonşuluq Siyasəti» sahəsində Fəaliyyət Planının necə həyata keçirilməsinin monitorinqini aparacaq və bu proqrama dair qiymətləndirmə hesabatları hazırlayacaq.
Dekabrın 14-dən Bakıda səfərdə olan Piter Semnebi prezident İlham Əliyev, digər dövlət rəsmiləri, həmçinin müxalifət partiyaları, QHT təmsilçiləri və hüquq müdafiəçiləri ilə görüşlər keçirib. Onun səfəri dekabrın 16-da başa çatıb.