Türkiyə və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətləri dekabrın 10-da Dağlıq Qarabağda ermənilərin keçirdiyi referendumla bağlı məsləhətləşmələr aparacaqlar. Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Murad Mərcanın sözlərinə görə, həmin müzakirələrdə ehtiyac duyulsa, onda bu hadisənin AŞPA-da müzakirəsi barədə məsələsə qaldıracaqlar.
APA xəbər agentliyi isə Türkiyənin Xarici İşlər Nazirliyinin həmin referendumu pisləyən bəyanat yaydığını bildirir. Bəyanatda Ermənistan tərəfin bu addımının ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində səylərinin nəticəsinə mənfi təsir edəcəyi vurğulanır. APA-nın digər məlumatında isə Avropa Birliyinin (AB) Dağlıq Qarabağda keçirilən referendumun nəticələrini tanımadığını bəyan etdiyi bildirilir. Agentliyinin məlumatına görə bəyanatda hazırda AB-yə sədrlik edən Finlandiyanın Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağın müstəqilliyini və orada keçirilən referendumun nəticələrini tanımadığı qeyd olunur.