Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 11:18

Türkiyə «Şahdəniz» yatağından çıxarılan qazdan imtina edərsə…


Dünya standartları baxımından Azərbaycanın qaza tələbatı 8,5 milyard kubmetri keçməyə bilər
Dünya standartları baxımından Azərbaycanın qaza tələbatı 8,5 milyard kubmetri keçməyə bilər
Türkiyənin «Şahdəniz» yatağından 2007-ci il üçün ona düşən qazı Azərbaycana və Gürcüstana verməyə razılaşması ilə Azərbaycanın qaza olan tələbatının birdəfəlik ödənəcəyini demək çətindir. Hələlik «Şahdəniz» qazında Türkiyənin builki payının Azərbaycanla Gürcüstan arasında necə bölüşdürüləcəyi bəlli deyil. Bu məsələ tərəflərin dekabrın 15-də Bakıda keçiriləcək təkrar görüşündə razılaşdırılmalıdır.

Dekabrın 8-də Tbilisidə keçirilən görüşdə Azərbaycanı təmsil edən Sənaye və Energetika naziri Natiq Əliyev isə səhhətindəki nasazlığa görə, hələlik bu yöndə yaranmış sualları cavablandıra bilmədiyini söyləyir. Onun rəhbərlik etdiyi Nazirliyin əməkdaşları isə danışıqların mahiyyətindən xəbərsiz olduqlarını deyirlər.


Ancaq, Bakıdakı ekspertlərin qənaətincə, Türkiyənin öz payından bir illiyə imtina etməsi Gürcüstanı da, Azərbaycanı da bu qışdan çıxarmağa bəs edəcək. «Turanenerji» məcmuəsinin redaktoru İlham Şaban deyir ki, əgər 2007-ci ildə «Şahdəniz» yatağından 4 milyard kubmetr qaz çıxarılarsa və bunun 2,5 milyard kubmetri Azərbaycana verilərsə, ölkənin qaza tələbatı ödənə bilər:

«Nəzərə alınsa ki, bu il Azərbaycan yeraltı anbarlara 1,2 milyard kubmetr qaz vurub və «Azəri-Çıraq-Günəşli» yatağından təqribən 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu halda problem qalmır»
«Nəzərə alınsa ki, bu il Azərbaycan yeraltı anbarlara 1,2 milyard kubmetr qaz vurub və «Azəri-Çıraq-Günəşli» yatağından təqribən 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu halda problem qalmır».


«Ayna-Zerkalo» qəzetlərinin əməkdaşı Fuad Əlizadənin sözlərinə görə isə, demək olar ki, bu halda camaat qazsız qalmayacaq. Qalır bircə qazla işləyən elektrik stansiyalarının problemi. Bunu da yoluna qoymaq mümkündür: «Neft satmaqla qaz almaq olar. Bu yolla da enerji balansı ödənər».


Burda qısaca arayış verim ki, Azərbaycan rəsmiləri ölkənin qaza tələbatının təxminən 11 milyard kubmetr olduğunu bildirirlər. Bunun təxminən 4,5 milyard kubmetri, yəni Rusiyadan alınan qaz bütünlükdə qazla çalışan elektrik stansiyalarına yönəldilir. Amma, Rusiya növbəti il üçün Azərbaycana yalnız 1,5 milyard kubmetr qaz sata biləcəyini və qiyməti də iki dəfə artırdığını bəyan edəndən sonra hökumət alternativ enerji mənbəyi axtarmağa başladı. Məmurlar yaranmış vəziyyətdən İrandan iki milyard kubmetr qaz almaqla və ölkədə hasilatı artırmaqla çıxmağın mümkün olduğunu deyirdilər. Daha bir təklifi isə ölkə başçısı İlham Əliyev səsləndirdi. Dövlət başçısı hökumətə Novorossiysk kəməri ilə nəql olunan neftin həcmini azaltmağı, qazla işləyən elektrik stansiyalarını mazuta keçirməyi təklif etdi. Amma, bu haqda hələlik qəti qərar qəbul olunmayıb. Mütəxəssislərin rəyinə görə, bu halda Azərbaycanın itkiləri daha çox ola bilər. Çünki, hökumət bir milyon ton neft satıb 430 milyon dollar pul qazanmaqla Rusiya qazını 230 dollara da ala bilər ki, nəticədə qazancı itkisindən çox olar.


«Turanenerji» məcmuəsinin redaktoru İlham Şaban deyir ki, qaz problemini həll etmək üçün Azərbaycanda sistem dəyişdirilməlidir. Qazpaylayıcı şirkətlər yaradılmalı, israfçılıq aradan qaldırılmalıdır. İş ondadır ki, indiyədək heç bir audit şirkəti və ya elmi tədqiqat institutu Azərbaycanın qaza tələbatı ilə bağlı dəqiq hesablama aparmayıb. Bu haqda müxtəlif rəqəmlər səslənməkdədir. Əslində, dünya standartları ilə yanaşanda Azərbaycanın tələbatı 8,5 milyard kubmetri keçməyə də bilər. Yəni kommersiya və sənaye ehtiyacları da əlavə olunmaqla bir milyon nəfərə 1 milyard kubmetr qaz tələb olunur. İndi sərt qış başladığı vaxtda hökumətin vəzifəsi qaza tələbatı ödəməkdən ibarətdir, bunu da «Şahdəniz» yatağının hesabına yoluna qoymaq mümkündür.


XS
SM
MD
LG