Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:41

Dialoq tərəfdarı kimdir: iqtidar, ya müxalifət?


İqtidar-müxalifət dialoqu, 11 iyul 2005
İqtidar-müxalifət dialoqu, 11 iyul 2005

Prezidentin siyasi dialoq tərəfdarı olması barədə Xaçmaz rayonunda dedikləri siyasi dairələrin diqqətindən yayınmayıb. Amma, bu məsələdə fikirlər fərqlidir. Siyasətçilərin bəziləri hesab edir ki, əslində prezident özü də yaxşı bilir ki, dialoqdan müxalifət yox iqtidar qaçır. Digərlərinin fikrincə, isə əslində iqtidar-müxalifət dialoqunun zəruriliyi və mövzuları prezidentə onun etimad göstərdiyi şəxslər tərəfindən yetərincə izah edilsə yəqin ki, bu məsələdə irəliləyiş ola bilər. Yəni qısa desək müxalifət düşərgəsində bu barədə söhbət etdiyim şəxslər tərəflər arasında siyasi dialoqun indiyə qədər baş tutmamasında iqtidarı ittiham etsələr də, detallarda müəyyən fikri ayrılığı da özünü büruzə verir.


Parlamentdəki Müsavat deputat qrupundan olan millət vəkili Pənah Hüseynin fikrincə həqiqətən də hazırda milli maraqların tələb etdiyi məsələlərin birlikdə müzakirəsinə ehtiyac var. Xüsusilə Dağlıq Qarabağ problemi, söz azadlığı ilə bağlı son vaxtlar baş verən hadisələrin müzakirəsi zəruridir. Bu məsələlərin hamısının müzakirəsində heç də prezidentin iştirakı vacib deyil. Belə dialoq bir sıra hallarda hakimiyyətin müvafiq strukturları ilə də aparıla bilər. Ancaq, iqtidar bunda maraqlı olmadığı üçün hələ ki, siyasi dialoqlar baş tutmur.


"Azərbaycan müxalifəti ümummilli məsələlərin müzakirəsinə hesablanmış dialoqda məmnuniyyətlə iştirak edərdi. Ancaq, bu dialoqun nəticə verməsi üçün onun keçirilməsi formal xarakter daşımamalıdır"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə hakimiyyətdən səslənən dialoq məsələsini ciddi qəbul etmir. O deyir ki, hər dəfə ölkədə müəyyən gərginlik yarananda prezident belə bəyanatlar verir. Ancaq bununla bağlı konkret addım atılmır.


İqtidar müxalifət münasibətindən söz düşmüşkən onu da xatırladım ki, bu günlərdə parlamentdə keçirilən mətbuat konfransı zamanı vitse-spiker Bahar Muradova iqtidar-müxalifət münasibətlərinin bəzi jurnalistlər tərəfindən düşmənçilik kimi dəyərləndirilməsinə etiraz etmişdi.


Amma, bununla yanaşı, hakim Yeni Azərbaycan Partiyasının funksionerləri də tərəflər arasında dialoqun alınmamasının günahını müxalifətdə görülər. YAP icra katibinin müavini millət vəkili Siyavuş Novruzov isə deyir ki, hakimiyyət dəfələrlə siyasi dialoqun keçirilməsinə cəhd göstərib. Amma, qarşı tərəfin ortaya qoyası heç nəyi olmadığından onlar müxtəlif bəhanələrlə belə danışıqlara mane olublar. Hətta, ATƏT-in Bakı ofisinin də bu istiqamətdə cəhdləri müxalifətin qeyri-konstruktiv mövqeyinə görə, nəticəsiz qalıb.


2003-cü ildə ATƏT-in təşkilatçılığı ilə həqiqətən də bir neçə görüşdən ibarət iqtidar-müxalifət dialoqu keçirilmişdi. Ancaq, sonrada bəzi hallarda görüşün keçirilmə yeri, müzakirə ediləcək məsələdə fikir müxtəlifliyi və s. bu kimi hallar həmin dialoqun yarıda kəsilməsinə gətirib çıxardı. Onda da dialoqun alınmamasında tərəflər bir-birini ittiham edirdilər.


Politoloq Eldar Namazov isə əmindir ki, Azərbaycan müxalifəti ümummilli məsələlərin müzakirəsinə hesablanmış dialoqda məmnuniyyətlə iştirak edərdi. Əlbəttə ki, bu cür dialoqun nəticə verməsi üçün onun keçirilməsi formal xarakter daşımamalı, hansısa beynəlxalq təşkilatın təzyiqinə yox hakimiyyətin siyasi iradəsinə söykənməlidir: «Əgər bu dialoqun arxasında həqiqətən də siyasi iradə, iqtidar-müxalifət münasibətlərinin normallaşdırılması istəyi dayansa belə bir dialoq böyük nəticə verərdi».


Dialoq məsələsində hakimiyyətin maraqlı olmadığını iddia edənlərin arqumentləri isə budur ki, yaxın günlərdə redaktorlar söz azadlığı ilə bağlı yaranmış problemi müzakirə etmək üçün prezidentə müraciət etmişdilər. Əgər dövlət başçısı həqiqətən də dialoqda maraqlı olsaydı həmin müraciətə müsbət cavab verərdi. Amma, bu cür düşünənlər həmin dialoqun alınmamasında daha çox prezidenti deyil başqa məmurları ittiham edirlər. Belə ki, Prezident Aparatında belə bir dialoqa ehtiyac duymayan şəxslər onun baş tutmasına şərait yaratmayıblar.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG