Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Yalnız sentyabrda İranda 10 milyondan çox internet səhifəsi bağlanılıb


İran hökuməti gündə 200-300 «veb» səhifəsinin yayılmasına mane olur
İran hökuməti gündə 200-300 «veb» səhifəsinin yayılmasına mane olur

İnsan hüquqları təşkilatı «Amnesty International» İranda senzuranın artırılması və insan hüquqları müdafiəçilərinə qarşı təzyiqlərin davam etdirilməsinə görə, dərin narahatlığını bildirib. Təşkilatın dekabrın 6-da açıqladığı bəyanatında deyilir ki, internet səhifələri və qəzetlərin bağlanması, kitabların yasaqlanması, jurnalistlərin həbsi və insan hüquqlarının tapdalanması haqda məlumatları yayanlara qarşı təzyiqlər İran hökumətinin söz və fikir azadlığına qarşı məhdudiyyətlərinin davam etməsi və artması deməkdir.



«Amnesty International»ın bildirdiyinə görə, «Wikopedia», «YouTube», «Amazon.com» kimi bir sıra beynəlxalq ensiklopedik məlumatlar mənbəyi, azad internet səhifələri və beynəlxalq kitab və nəşriyyat satışı şirkətləri «şəriət qanunlarına zidd» adlandırılaraq müvəqqəti və ya daimi şəkildə bağlanıb.


Beynəlxalq İnsan Hüquqları təşkilatı 2006-cı il İranda bir çox nəşrin yasaqlanması, qəzet və jurnalların bağlanmasını informasiya və mətbuat azadlığının boğulması kimi qiymətləndirir
«Amnesty International» eyni zamanda qadınların daşa basılmasını qınayan və insan hüquqları təşkilatlarını müdafiə edən səhifələrin yasaqlanmasını xüsusi qeyd edib.


Təşkilat cari ilin sentyabr ayında azərbaycanlıların Babək qalasına yürüşü ərəfəsində azərbaycanlı fəal Mehdi (Oxtay) Babayi Əcəbşirin internet səhifələrinə müraciət etməsi ittihamı ilə həbsini qeyri-qanuni adlandırır.


Bəyanatda İran İslam Respublikasının internet şəbəkəsini nəzarəti altına almaq istədiyinə dair sənədlər göstərilir. O cümlədən bildirilir ki, 2006-cı ilin may ayında dövlət idarəsi olan Məlumat Texnologiyası şirkətinin müdiri Rza Rəşidi Mehrabadi vətəndaşların internetdə axtarışları və elektron poçtunda məktublaşmalarının izlənəcəyi barədə rəsmi bəyanat verib. Bu məlumata əsasən İranda «veb» səhifələrinin qapadılması üçün məhdudiyyət proqramları hazırlanıb və cari ilin sentyabr ayında 10 milyondan çox internet səhifəsi sezuraya məruz qalaraq bağlanılıb. Bu hesabata əsasən İran hökuməti gündə 200-300 «veb» səhifəsinin yayılmasına mane olur.


«Amnesty International» İran vətəndaşları tərəfindən dərc edilən «veb» səhifələrinin dövlət icazəsi olmadan qeyri-qanuni elan edilməsinə dair yeni qərarları da pisləyir. İran parlamenti cari ilin noyabr ayında bununla bağlı yeni qanun layihəsini təsdiq edib. Bu qanuna əsasən yeni internet səhifələrinin hamısı İslam Respublikasının Mədəniyyət Nazirliyi «İrşad-i-İslami»nin qeydiyyatından keçməlidir.


Beynəlxalq İnsan Hüquqları təşkilatı 2006-cı il İranda bir çox nəşrin yasaqlanması, qəzet və jurnalların bağlanmasını informasiya və mətbuat azadlığının boğulması kimi qiymətləndirir.


İnsan hüquqları təşkilatının bəyanatında İran hökumətini internetdən istifadə edilməsinə dair məhdudiyyətləri aradan qaldırılması, məlumat vasitələrindən istifadə edənlərə qarşı təqiblər, habelə kütləvi informasiya vasitələrinin senzurasına son qoyulmasına çağırılır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG