Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:37

Vergi əməkdaşı bizdən əvvəlcə 20 min, sonra da...


Azerbaijan -- Manat (code: AZN), the currency of Azerbaijan, 2009
Azerbaijan -- Manat (code: AZN), the currency of Azerbaijan, 2009
«Audit İaşə şöbəsindən bizə dedilər ki, 20 min manat pul verməlisiniz. Biz də dedik ki, sizə verməyə pulumuz yoxdur»

Bakıdakı «Dəli Kür» kafesinin nümayəndəsi Rafiq Məsimov iddia edir ki, bu ilin əvvəlindən o qədər də böyük olmayan kafelərində Vergilər Departamentinin Audit İaşə şöbəsi yoxlamalara başlayıb. Sahibkarın deməsinə görə, bir neçə gün yoxlama aparılandan sonra onlardan 20 min manat pul istənilib.

«Biz də dedik ki, bizim pulumuz yoxdur sizə verməyə. Dedi gedin fikirləşin. On gün keçəndən sonra bizə yenə dedilər ki, «gedin 10 min manat gətirin». Dedik ki, bunu da verə bilməyəcəyik. Biz hesabımızı aparırıq, qanunla nə ödəməliyiksə, onu da büdcəyə ödəyirik».

KİÇİK KAFEDƏ 4 AYLIQ YOXLAMA


Rafiq Məsimovun sözlərinə görə, vergi əməkdaşlarının əvvəlki rüşvət tələbi qalmaqla kafedə yoxlamalar hələ də davam edir. Sahibkar kiçik bir kafedə 4 ay yoxlama aparılmasının anlaşılmaz olduğunu deyir.

«Belə şey olar. Bu nədir? Bu prezidentə qarşı çıxmaqdır, mən başqa heç bir şey anlamıram»

DAHA BIR SAHİBKARDAN 400 MİN RÜŞVƏT TƏLƏBİ


Bundan başqa Şirvan şəhərindən AzadlıqRadiosuna müraciət edən və adının çəkilməsini istəməyən sahibkar ondan vergi işçilərinin 400 min dollar pul istədiyini iddia edir. Sahibkarın sözlərinə görə, o, 20 min dollar verə biləcəyini desə də qarşı tərəf bununla razılaşmayıb.

VERGİLƏR NAZİRLİYİ: YAZSINLAR ARAŞDIRAQ


Vergilər Nazirliyində isə bu deyilənlərə inanmırlar. Nazirliyin Analitik İnformasiya Şöbəsinin əməkdaşı Şahin Məmmədov AzadlıqRadiosuna deyib ki, əgər sahibkarlar elə bir halla üzləşiblərsə, onlar Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinə rəsmi müraciət etsinlər:

«Yaxud da nazirə məktubla müraciət edə bilər. İstənilən halda Daxili Təhlükəsizlik İdarəsi bunu araşdıracaq. Son vaxtlar korrupsiyaya qarşı mübarizə ilə bağlı bu məsələlər diqqət mərkəzindədir. Bu baxımdan da istənilən şikayət, istənilən müraciət çox diqqətlə araşdırılır. Bizim bu məsələyə rəsmi mövqeyimiz budur. Şikayətini etsin, cavab mütləq alacaq. Məsələyə başdansovdu yanaşma və ya araşdırılmama olmayacaq».

«HƏR BIR PROBLEMİN HƏLLİNƏ NAİL OLACAĞIQ»


Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov AzadlıqRadiosuna deyib ki, sahibkarlar Baş Prokurorluğun 161 saylı qaynar xətt məlumat mərkəzinə müraciət etsinlər.

«Mən xahiş edirəm ki, konkret faktla həmin o qaynar xəttə vətəndaş müraciət etsin. Mən sizi əmin edirəm ki, yaranmış hər bir problemin həllinə nail olacağıq»

Sahibkar Rafiq Məsimov isə deyir ki, o Baş Prokurorluğa müraciət etməyib, amma Vergilər Nazirliyinə etdiyi müraciətə isə hələ də cavab almayıb.

MAYIN 1-DƏN


İndiyə qədər müxtəlif qurumlarda yoxlamalar aparan qurumlar mayın 1-dən bu yoxlamalara müstəqil olaraq özləri qərar verə bilməyəcəklər.

Belə ki, prezidentin 15 fevral fərmanı ilə təsdiqlənən «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»yə görə mayın 1-dən yoxlama aparmaq istəyən orqan bu yoxlamaları Ədliyyə Nazirliyində vahid məlumat reyestrdən qeydiyyatdan keçəndən sonra apara biləcək. Əks halda qeydiyyat olmadan aparılan yoxlamalara görə yoxlayıcı orqanların vəzifəli şəxsləri məsuliyyət daşıyacaqlar.

Ədliyyə Nazirliyinin İdarə rəisi Faiq Qurbanovun AzadlıqRadiosuna dediyinə görə, yoxlama yalnız sahibkara reyestrdən çıxarış təqdim edildiyi zaman mümkün olacaq.

«Yalnız bu halda o qurumun yoxlamanı aparmağa ixtiyarları olacaq. Əgər onlar reyestrdən çıxarışı təqdim etməsələr, sahibkarlıq subyekti belə bir yoxlamanın aparılmasına qarşı çıxmaqda tam haqlı olacaq».

Bu baxımdan da Faiq Qurbanov hesab edir ki, əsaslandırılmamış və əvvəl aparılan yoxlamalardan bir il ötmədiyi halda yoxlayıcı qurumun təkrar yoxlama aparmaqla bağlı müraciəti də reyestrə daxil edilməyəcək.

Zöhrab İsmayıl
BÜTÜN QURUMLARA MÜRACİƏT ETSİNLƏR


Əsasız yoxlamaların, sahibkarlığın inkişafı sahəsində yaradılan süni maneələrin aradan qaldırılması ilə bağlı 1996-cı ildən indiyə qədər dörd fərman verilib. Bundan başqa bir sıra qanunlara əlavə və dəyişikliklər edilib.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl hesab edir ki, korrupsiyaya qarşı mübarizənin davam etdiyi ərəfədə bu kimi hallar ola bilər ki, hansısa məmurların öz şəxsi təşəbbüsü ilə baş versin. İqtisadçıya görə, əgər prezident səviyyəsində vətəndaşlara müraciət olunubsa ki, onlar bütün qanunsuz hallarla bağlı aidiyyatı qurumlara müraciət eləsinlər, o zaman həmin sahibkarlar bütün qurumlara müraciət ünvanlasınlar. Ekspertə görə, bu müraciət həm korrupsiyaya qarşı mübarizənin nə qədər səmimi olmasını üzə çıxara bilər.
XS
SM
MD
LG