Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:18

Özünü teatrda tapan uşaqlar


Dövlət Kukla Teatrında tamaşanın başlamasına bir saat qalıb. Hər keçən dəqiqə ilk dəfə böyük səhnədə çıxış edəcək aktyorların həyəcanını daha da artırır. Onlar səhnədə məşq edir, tamaşaya son hazırlıq işlərini yekunlaşdırırlar.

Ən çoxu 17-18 yaşlarında olan bu aktyorlar xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlardır. Onların səhnələşdirdiyi tamaşalar isə cəmiyyətin köklü problemləri- ailədə kişi- qadın bərabərliyi, narkomaniyanın və QİÇS-in gətirdiyi bəlalardan bəhs edir.

SAĞLAM GƏLƏCƏYİMİZ ÖZ ƏLİMİZDƏDİR

Aprelin 13-dən Dövlət Kukla teatrında «Sağlam gələcəyimiz öz əlimizdədir» adlı teatr festivalı başlayıb. Tamaşalar Bakıdakı internat məktəbləri və Sos Uşaq Kəndinin sakinləri tərəfindən səhnələşdirilib.

18 yaşlı Ruhlan Əsədov həmyaşıdının təkidi ilə ilk dəfə narkotikdən istifadə edən və öz dostuna da narkotikin dadına baxmağı təklif edən məlumatsız məktəbli rolunu oynayır. Ruhlan deyir ki, peşəkar olmasa da gənclərə öz mesajını çatdırmaq üçün əlindən gələni edəcək.

Ruhlan Əsədov
«Bu tamaşalar əsasən gənclərə aiddir. İlk dəfədir belə böyük səhnəyə çıxıram. Çox həyəcanlıyam. Professional olmasam da əlimdən gələni edəcəyəm ki, fikrimizi tamaşaçılara çatdıram».

FESTİVAL İNTERNATLARDA DA KEÇİRİLƏCƏK

Festivalın təşkilatçısı- «Birliyə Doğru» Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin sədri Zərifə Quliyeva deyir ki, Azərbaycanda ilk dəfədir keçirilən mini teatr festivalının Bakıdakı internat və digər təhsil müəssisələrində də nümayişi nəzərdə tutulub.

«İki fərqli insan», «Qadın və Kişi bərabərliyi», «Narkomaniya və QİÇS-in gətirdiyi bəla» adlandırılan tamaşaların hər birində yeniyetmə, gənclərə müxtəlif mesajlar ötürülür.

Tamaşaçıların alqış sədaları ilə başa çatan hər bir tamaşaya görə uşaqlara hədiyyə və prizlər təqdim olunub.

«OĞLUM SANKİ ÖZÜNÜ TAPIB»

14 yaşlı, «Tıq-tıq xanım» səhnəcəyində siçan rolunun ifaçısı Cavad Heydərli bir ildən artıqdır ki, Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən truppanın tərkibindədir. Deyir ki, əvvəllər tez-tez teatrlara gedib, televiziyada filmləri izləyib. Teatrda çalışmaq, səhnəyə çıxmaq isə əlçatmaz arzusu olub:

Cavad Heydərli
«Teatrda mən arzularıma çatdım, özümə çoxlu dostlar tapdım, dostlarımı tanıdım. Sevdiyim işlə məşğulam. Əvvəllər də mən tez-tez teatra gedirdim, amma təkcə tamaşaya baxmırdım, öz-özümə fikirləşirdim ki, məsələn, səhnə düzgün qurulmayıb. Düşünürdüm ki, nə etsələr, daha maraqlı olar. Hərdən evdə televiziyada Azərbaycan-dilinə tərcümə olunan filmlərdə səhvlər tapırdım».

Cavadın anası Vəfa Bünyadova da deyir ki, oğlu bu teatra gədikdən sonra sanki özünü tapıb:

«Burada ixtisas dərsləri, əməlli-başlı professional dərslər keçirilir. Nitqi pis deyildi, indi daha da inkişaf edib. Düşüncələrinə, psixologiyasına daha geniş təsir edib. Həvəsində, arzusunda olduğu işlə məşğul olduğu üçün özünü çox xoşbəxt hiss edir. Daha yeni-yeni arzuları yaranıb. İndi sanki özünü tapıb».

«GÖYÇƏK FATMA VƏ DOSTLARI»

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr truppası isə aprelin 13-də «Göyçək Fatma və dostları» adlı tamaşanı da nümayiş etdiriblər. Ancaq tamaşanın ssenarisi hamının bildiyi nağıldan xeyli fərqlənirdi. Burda Tıq-tıq xanım da var, Cırtdan da, div də...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı teatrın peşəkar aktyorlarının da iştirak etdiyi tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru İntiqam Soltan bildirdi ki, gələcəkdə bu truppanın hazırlayacağı tamaşaların sayı daha da artırılacaq. İntiqam Soltanın sözlərinə görə, uşaqların fiziki imkanlarına uyğun tamaşaların hazırlanması üçün əsərlər seçilir.

Gələcəkdə Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən truppaya «Sağlam gələcəyimiz öz əlimizdədir» adlı festival iştirakçılarının da cəlb edilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG