Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:14

Elnur Məcidli beynəlxalq axtarışa verilib


Respublika Prokurorluğu Fransada yaşayan və barəsində cinayət işi qaldırdığı bloqqer Elnur Məcidlini beynəlxalq axtarışa verib. Bu barədə AzadlıqRadiosuna Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, Elnur Məcidli İnterpol xətti ilə axtarışa verilib.

Elnur Məcidli sosial şəbəkələrdə aktiv istifadəçidir və «Facebook»da «11 mart - Böyük Xalq Günü», «2 Aprel - Böyük Qəzəb Günü», «8 aprel - Böyük Cümə» və «17 aprel - Böyük Birlik Günü» qruplarının təşkilatçılarından biri olub. O, bloqunda ictimai-siyasi mövzularda yazılarla çıxış edib.

Aprelin 1-də Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi Elnur Məcidli barəsində 281.1 (hakimiyyəti zorla ələ keçirməyə çağırış) maddəsi ilə cinayət işi açıb.

Bir neçə gün öncə Elnur Məcidli AzadlıqRadiosuna bildirmişdi ki, o, yazılarında dövlət əleyhinə çağırış etməyib, o, hesab eləyir ki, indiki iqtidar hakimiyyətə saxta yolla gəlib və ona görə də bu rejim dəyişməlidir.

ELNUR MƏCİDLİ FRANSA MƏHKƏMƏSİNƏ MÜRACİƏT EDƏ BİLƏR


Hüquqşünas Erkin Qədirli hesab edir ki, Elnur Məcidli barəsində qaldırılmış cinayət işi qondarmadır və heç bir hüquqi əsası yoxdur. Ona görə də o, ittihamın yetərincə sübut toplaya bilməyəcəyini bildirir. Sübutsuz isə Elnur Məcidlinin Azərbaycana verilməsinə nail olmaq çətin olacaq.

Hüquqşünasın bu yöndə rəyinə keçməzdən öncə İnterpolun imkanlarına toxunaq. İnterpol ona üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında əlaqə yaradan bir qurumdur. Bu qurum axtarılması istənilən adam haqqında məlumatları üzv ölkələrlə paylaşır. Hüquqşünas Erkin Qədirli deyir ki, Elnur Məcidli Fransada olduğundan çox güman ki, bu məlumatlar Fransa polisinə ötürüləcək:

- Amma Fransa polisi Elnur Məcidlini saxlayacağı təqdirdə Məcidlinin hüququ var ki, yerli məhkəməyə bu saxlanmadan şikayət etsin və bu zaman yerli polis də saxlamanı və onu Azərbaycana təhvil verməni əsaslandıran tutarlı sübutları olmalıdır.

Erkin Qədirli
Elnur Məcidli özü AzadlıqRadiosuna bildirib ki, telefonuna gələn hədələrlə bağlı o, yerli polisə müraciət edib və məsləhətləşmələr nəticəsində yaşadığı ünvanı dəyişib. O, Fransa polisinin onu Azərbaycana təhvil verəcəyini güman etmir.

ÇAĞIRIŞ EDƏNİN YERİ VƏ ÇEVRƏSI ÖNƏMLİDİR


İttihamı şərh edən hüquqşünas Erkin Qədirlinin sözlərinə görə, CM-nin 281.1-ci maddəsində Elnur Məcidlinin günahlandırıldığı hissənin şərhi onu deyir ki, Elnurun bloq yazıları açıq çağırış kimi qiymətləndirilə bilməz. Onun sözlərinə görə, çevrilişə acıq çağırış üçün şəxsin çevrəsi və yeri önəmlidir. Elnur Məcidli isə bu parametrlərə cavab vermir:

- Zorla hakimiyyəti ələ keçirmək zarafat deyil. Kontekst burada çox vacibdir. Daim ictimai-siyasi sabitlikdən danışan, ölkədə vəziyyəti gərginləşdirə biləcək qüvvələrin olmadığına israr edən bir iqtidar birdən-birə, xaricdə yaşayan bir gəncin başqa açıq mənbələrdən çoxdan hamıya məlum olan şeyləri bloqunda yerləşdirməsindən təşvişə düşür və həmin gənci cinayət təqibi qaydasında məsuliyyətə cəlb etmək istəyir. Nə məsələdir? Nə olub? Nəsə ciddi dəyişib, xəbərimiz yoxdur? Elnur da, tərs kimi, bloqunda elə yazıb ki, dəqiq bir şey anlamaq olmur. Başa kapüşon keçirib, «Coca-Cola» ilə üzünü yuyub, limon çeynəyib, qazan qapağı ilə silahlanıb, sirkə və boya püskürücüləri ilə də hakimiyyəti zorla ələ keçirmək olar? 281.1-ci maddə belə «təhlükələrdən» qorunmaq üçün yazılmayıb, axı.

HÜQUQDAN SİYASİ MƏQSƏDLƏRLƏ İSTİFADƏ EDİLMƏMƏLİDİR


Bəzi hüquqşünaslar Elnur Məcidliyə açılan cinayət işini hakimiyyətin cəmiyyətin artan fəallığını azaltmaq və onun gözünü qorxutmaq siyasəti kimi qiymətləndirir. Erkin Qədirli də deyir ki, o, siyasi və ya başqa məqsədlər uğrunda hüquqdan bu cür sui-istifadə yolverilməzdir. Onun fikrincə, hökumət anlamalıdır ki, hüquqla belə rəftar etməklə nəinki legitimliyini, həm də sabitliyini, təhlükəsizliyini zəiflədir:

- Hökumətin təhlükə duyumu bu dərəcədə kövrəkdirsə, təhlükə ünvanını yanlış yerdə axtarır demək. Yetişən gənclik əsasən müxalif ola bilər, amma naxələf də deyil. Hökumət gənclərə qarşı təqiblərlə sağlam çevrəni ürküdür. Ürkmüş sağlam çevrənin yerini isə doğrudan da təhlükəli, özü də hamımız üçün təhlükəli çevrələr tuta bilər.
27 yaşlı Elnur Məcidli Türkiyənin Qazi Universitetində bakalavr dərəcəsi alıb. Sonra Strasburq universitetində magistraturanı bitirib və son 4 ildə Fransada yaşayıb. O, İnternet-jurnalistikası ilə məşğul olur və müxtəlif KİV-lərlə əməkdaşlıq edir. Strasburqda bir sıra saytlar yaradıb.
XS
SM
MD
LG