Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:49

Əsəd Qaraqaplan. And olsun gecəyə
















And Olsun Gecəyə

səni sevməyəcək qədər günahkaram
and olsun gecəyə
and olsun bu qaranlığa
mən gecələr adam olmağı öyrəndim
mən gecələr - adam olmadığımda..

böyük işıqlar doğuram gecənin zülmətində
heç qadınlar görmədim məni tərk etməyəcək
havalı ruhum məni həyata enməyə qoymaz
bu daş döşəli Bakının küçələri
bu ruhsuz evlər şəhəri işıqlarda
məni daha çox sevər - adam olmadığımda
adam olmadığımda..

səni sevməyəcək qədər günahkaram
and olsun kitaba
and olsun bu ağ kağıza
məni Bakının başından çəkib gətirir bura
dağınıq fikirlər məni sıxır divar küncünə..

Quran oxuyuram hərdən
hərdən şeir yazıram
adamlar gözlərimə baxanda adam bilir
əl verib görüşür mənlə adamlar
mənsə qorxa-qorxa gəzib qayıdıram otağıma
bugün də sirr açılmadı - şükr edirəm
yazmadığım şeirləri gəzdirirəm..
sənsə heç bilmirsən sənsə
bu tənhalıq Tanrı sevgisindən böyük cəzadı
Tanrı sevgisindən böyük..

səni sevməyəcək qədər günahkaram
and olsun Qurana
and olsun uca Allaha
mən hər dəfə açdığım hər sirdə biraz sirlənirəm..
hər sevgi bir qadın boyda tənhalıqdı
hər gün biraz böyüyürəm tənhalaşıb
hər gün dəli olduğumu anlayıram
hər gün biraz Tanrılaşıb..

ahımı Bakı küləyi alıb çırpır küçələrə
qadınlar keçir ahımdan
tanımadığım sifətlərdə ahımı görüb dururam
hər qadında ahımı görüb sevirəm - Allahımdan..

od nəfəsim içimə çəkilsə gecə fənərində
bir şeir yaxar gecənin zülmətini
otaq nəfəs-nəfəs çökər yatağıma
bir dərin yuxu aparar məni - qatmaqarışıq
səhər şeirdən duraram tənhalığa..
gün yenə başlar gecəni gətirməyə
gün yenə başlar gecəni..

and olsun gecəyə
and olsun bu qaranlığa
səni sevməyəcək qədər günahkaram..


Böyük Ayrılıqlar

böyük ayrılıqlar vardı içimdə
kiçik adamların çıxıb getməsindən..

mən nə acılar yaşadım - yazmadığım
mən nə fikirlər söylədim - acımadan
həyatımı qurbanlarla bütövlədim
gedənlər yer qoydu mənə - özüm olum
dəyər verdiklərim fahişə sifətiylə çıxıb getdi
hamıda bir qısas varmış ayrılıqdan..

böyük ayrılıqlar vardı içimdə..
hələ böyüməmişdim bu gecədən səhərəcən
havanın soyuqluğu içimi isitməmiş
qaranlıq qapıdan çöldə gözləməkdə..

mən - dağınıq bir otaqda darmadağın
saçlarım dağınıq - üzüm tüklü üzüm
son qadın da bu gecədən səssiz keçir
yatır - körpə balaların qucaqlayıb..

mənim otağımda Bakı şəhər deyil
mənim otağımda bizim kəndimiz yox
biri yox - ayıra məni tənhalıqdan
biri yox - üzümə baxıb dəli deyə
biri yox - qopara məni Tanrılıqdan..

böyük ayrılıqlar vardı içimdə
böyük ayrılıqlar.. böyük ayrılıqlar
hər kəs anlayacaq qədər anlatılmaz
böyük ayrılıqlar.. böyük ayrılıqlar
kiçik adamların çıxıb getməsindən..


Ayrılıq

bir tarixçəsi var hər ayrılığın
ya bir yaxışlı gündə
ya bir günəşli səhər
ya da gecə yarısı..

atamın ölmü də ayrılıqdı son mənzilə
on doqquz sentyabr.. on doqquz sentyabr..
payıza bir gün qalmış gələr ayrılıqlar
sənsə yaz gəlməsən getmək istəyirsən
ya bir yağışlı gündə
ya bir günəşli səhər
ya da gecə yarısı..

Bakının rüzgarları dağıtmış divarları
sizin ev bizim evdi
bizim küçə sizin küçə
gediləsi bütün yollar bərabərdi..
..ama sən mənim deyilsən
ya bir yağışlı gündə
ya bir günəşli səhər
ya da gecə yarısı..

əl sallasaq gecəni daşıyan qaranlığa
ah çəkib yata bilməsək bərabərcə
yağış damlaları döyysə pəncərəni səhərəcən
sizin ev körpə nəfəsli
mənimki təklik qoxan..
xatırlaya bilməsək nə zaman ayrılmışıq
ya bir yağışlı gündə
ya bir günəşli səhər
ya da gecə yarısı..

durub baxsaq aynadakı üzümüzə
bir qırış da artıb onda - düşünsək
bir gecə də qaranlıqda yol gedirsə sabaha
əllərimizi qoynumuzda çarpazlasaq
durub dinləsək yağışı hüzursuzca
qayıtmağa yol qalmasa geriyə
çıxıb getsək uzaqlara - çıxıb getsək..
sadəcə sevə bilsək - sadəcə sevsək - deyirəm
ya bir yağışlı gündə
ya bir günəşli səhər
ya da gecə yarısı..

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG