Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 02:12

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (14)


əvvəli

Dedim:

“Әlbәttә, dörd otağı tәmir elәmәyin otuz lirәdәn artıq xәrci yoxdur. İndi ki, bu qәdәr xәrc çәkmişik, bu işi dә görmәk lazımdır. Otaqların da kağızlarını dәyişәrik. Mәn sizin fikrinizi bәyәnirәm, әlbәttә, bәy dә razı olacaq.”

İbrahim bәy başını buladı, xudahafizlәşib getdi. Gördüm Mәhbubә qapının dalında dayanıb gözlәyir, içәri girib dedi:

“Yusif әmi, qorxurdum deyәsәn ki, lazım deyil. Allah sizә ömür versin, sәndәn çox razı oldum. Amma kağızlardan nümunә gәtir, mәn özüm seçim. İstәyirәm pәrdәlәrin rәnginә uyğun gәlsin.”

Dedim:

“Qorxma, pәrdәlәri dә dәyişәcәyәm, qoy hamısı tәzә olsun.”

Sevincәk getdi....

Firәnglinin dili ilә deyilәn sözlәrә qulaq asdıqdan sonra İbrahim bәyin rәngi qaçdı. Qulaqlarının dibinәdәk zәfәran kimi saraldı. Gördüm daha oturmaq iqtidarında deyil. Tez kalyaska tutub evә gәtirdim. Birbaş öz otağına getdi. Hövsәlәsiz olduğuna görә onunla heç bir söhbәt elәmәdim. Öz mәnzilimә gedib istirahәt elәmәk istәdim. Bir saatdan sonra Hacı Mәsud gәlib dedi:

“Xanım yatıbdır, sәn gәl gör ağa nә üçün ağlayır?”

Gedib otağına girmәmiş qapının dalında dayanıb qulaq asdım. Gördüm İbrahim bәy öz-özünә deyir: "Ey vәtәn, ey mәnim әziz anam! Bu nә fәlakәtdir ki, sәnin oğulların sәnә rәva görmüşlәr?”

Sәnin bәdnamçılıq vә rüsvayçılığını firәngilәrin qulağına naxәlәf evladların çatdırdılar. Hәr bir avara-yava firәngi sәnin evladlarının hәrәkәtlәrinә gülür, parklarda onların yaxasından tutaraq mәzәmmәt elәyir, öz vәziyyәtinin yaxşılığına öyünür. Hal-hazırda sәni sevәn elә bir adam yoxdur ki, halına ağlamasın.

Dün bir ölü üstündә yüz nәfәr ağlayırdı,

Bu gün bir kәs yoxdur ki, yüz nәfәrә ağlasın.

İbrahim bәy bu kimi sözlәrdәn deyib, hönkür-hönkür ağlayırdı. Hacı Mәsuda dedim:

“Tez qaç, Mirzә Abbası gәtir.”

Özüm otağa daxil oldum. Az keçmәmiş Mirzә Abbas da gәldi. Soruşdu:

“Qardaşım, sәnә nә olmuşdur? Nә üçün ağlayırsan? Niyә özünü hәlak elәyirsәn? Dünya sәnin şad olmağin vә ya qüssә elәmәyinlә dәyişmәyәcәk ki, dözmәk lazımdır.

"Әssәbrü miftahül-fәrәc" sәbir xoşbaxtlığın açarıdır demişlәr.”

Elә düyün yoxdur ki, açılmasın,

Kişi gәrәk işdәn qorxub qaçmasın.

Bәdgümanlığı başından büsbütün çıxar, xoşbin ol.

"Bütün işlәr düzәlәr, amma gәrәk sәbr olsun".

Ona bir qәdәr tәsәlli verdi, sonra dedi:

“De, atları kalyaskaya qoşsunlar, çıxaq bayıra. Böyüklәr demişlәr: dәrdü qәm çoxalanda qәbristana get. Cümә gecәsidir, gedәk qәbristana, әhli-qübura bir fatihә oxuyub xәtm edәk.”

Kalyaska hazır oldu. Oturub getdik mәrhum Hacının qәbri üstünә. İbrahim bәy özünü qәbrin üstünә atıb, şiddәtlә ağlaya-ağlaya dedi:

“Atacan, xoş halına ki, getdin, bu kәdәrli günlәri görmәdin. Mәn sәnin bütün vәsiyyәtlәrini yerinә yetirdim. Amma sәnin nәslini vәtәnә qaytara bilmәdim. Atacan, özüm gedib gördüm ki, özgәlәrin haqqımızda dediklәrinin hamısı doğrudur. Atacan, kaş qıçım sınaydı, heç getmәyә idim. Hәmvәtәnlәrin bizi mәzәmmәt elәmәsindәn әl çәkib, indi firәngilәr dә eyiblәrimizi qәzetlәrdә yazıb dünyaya bildirirlәr. Atacan!

Vәslinin intizarı çәksә dә qiyamәtә,

Dözәrәm bu möhnәtә çatınca sәadәtә.

Ata, mәnim xahişimi yerinә yetir, mәni öz yanına çağır. Mәndә bundan artıq yaşamaq taqәti yoxdur. Dost-düşmәnin vәtәnim haqqındakı şәmatәtinә dözә bilmirәm. Hәyatımdan bezmişәm. Hamı mәnә diluzunluq etmәyә başlamış; ilahi, mәnim canımı al, mәni xilas elә!”

Bu vaxt Mirzә Abbas İbrahim bәyin qolundan tutdu, qәbrin üstündәn qaldırıb dedi:

“Qardaş, sәn ki, lap dәli olmusan! Camaat sәnin toyunu, bayramını görmәk arzusundadır, sәn isә özünә ölüm arzulayırsan.”

Bir yolun fәrqinә bax, gör haradandır haraya!

“Bu nә raz-niyazdır elәyirsәn? Bu nә yersiz duadır? Dur ayağa, dur ayağa, gedәk.”

Gәldim dәrdim azalsın,

Artdı, ziyadәlәndi.

Onu güclә qәbristandan çıxarıb kalyaskaya oturtduq. Evә qayıtdıq. Lakin heç kәs dinmirdi. Heç birimizdә nәinki danışmaq, heç nәfәs çәkmәk taqәti belә yox idi.

Haciyә xanım gәlib soruşdu ki, nә xәbәrdir? Dedim:

“Heç bir xәbәr yoxdur. Yenә dә qüssә üz verib, özü dә haman qüssәlәrdәndir.”

Mirzә Abbas bir az oturandan sonra durub getdi. Mәhbubә mәnim otaqdan çıxmağımı gözlәyirdi. Mәn dә otaqdan çıxdım. Ağlar gözlә, yanar ürәklә soruşdu:

“Nә olubdur?”

Dedim:

“Heç bir şey olmayıb, "Hәblülmәtin" qәzetini oxuyub, kәdәrlәnibdir.”

Dedi:

“Bundan sonra "Hәblülmәtin"i bizim qapıdan içәri buraxmayın. "Hәblülmәtin" gәlәndә әvvәllәr mәn dә bәzәn onu oxuyurdum. Mündәricatını yaxşı başa düşә bilmәsәm dә bәzi mәqalәlәri mәni haldan-hala salıb ağladırdı. Deyәsәn, o qәzetin müdiri mәrsiyәxan imiş, ya da mәhәrrәmlikdә anadan olubdur. O qәzetdә İran barәsindә heç zaman xoş bir xәbәr, sevindirici bir mәtlәb görünmәmişdir. Mәlumdur ki, belә xәbrlәri oxumaq bәyә zәhәr içirmәk kimidir.”

Dedim:

“Doğru deyirsәn, mәp özüm dә bundan sonra oxumayacağam. Lakin qәzet yazanın tәqsiri yoxdur. Qәzetin borcu güzgü kimi olmaq, pisi -- pis, yaxşını -- yaxşı göstәrmәkdir. İranlıların әmәlindә vә ovzaında elә bir yaxşı cәhәt yoxdur, o necә yaxşı xәbәrlәr yazsın?”

İbrahim bәy nә çay içdi, nә dә şam yedi. Pәrişan halda әylәşib başını aşağı salmış, dәrdli könlündәn yanıqlı-yanıqlı ahlar çәkirdi. Bir ay tamam bu vәziyyәtdә evdә qalıb bayıra çıxmadı.

Haciyә xanım nә qәdәr istәyirdi ki, hәkim çağırsın, o, razı olmurdu. Gündә iki-üç fincan südlü qәhvә, gah da çay içirdi. Lakin hәr gün qırx-әlli papiros çәkirdi.

Dostlar hәr gün gәlib әhvalını soruşur, könlünü alırdılar. Gündәn-günә bәdәni әriyib arıqlayır, zәiflәyirdi, qüvvәtdәn vә taqәtdәn düşürdü. Hәmişә fikir-xәyalda idi.

O, qadınlar kimi hönkür-hönkür ağlayıb, nohә demәyә başladı. Haciyә xanım vә bәdbәxt Sәkinә qaçıb qapının dalında dayanaraq nә hadisә üz verdiyini bilmәk istәdilәr. Mәn qonaqlara işarә elәdim. Onlar durub getdilәr. Haciyә xanım vә Mәhbubә otağa daxil oldular. Xanım dedi:

“Oğlum, oğlum, nә xәbәrdir? Nә olubdur?”

İbrahim bәy asta-asta cavab verdi:

“Anacan, pәrişan, pәrişan....”

Xanım üzümә baxıb soruşdu:

“Mirzә Yusif, qonaqlar nә qәlәt dartdılar? Nә dedilәr ki, mәnim oğlumu bu günә saldılar? Bәs sәn görmürsәnmi ki, mәnim oğlum xәstәdir? Bunları nә üçün toplayırsan?”

Dedim:

“Xanım, onlar mәhәbbәt vә qayğı üzündәn buraya gәlib, onunla mülayim söhbәtlәr elәyirdilәr. İstәyirdilәr başı qarışsın, kәdәri azalsın. Onlardan heç bir xilaf iş baş vermәdi. Tehrandan bir mәktub gәlmişdi. Onun tәkidi ilә mәn kağızı oxudum. Bu vaxt İbrahim bәy birdәn papağını yerә vurub, sәsi kәsik vә hәzin ahәnglә dedi:

“Tfu sәnә, ey ruzigar, tfu sәnә. Pәrişan, pәrişan!...”

Bәli, doğrudan da pәrişan. O gecәni sәhәrәdәk belәcә oturduq, heç birimizin gözünә yuxu getmәdi. Sәhәr adam göndәrdim, hәkim Saleh әfәndi gәldi. Dedi:

“Mәn Tәntәdә idim, srağa gün gәlmişәm.”

İbrahim bәyin kefini soruşdu, dedilәr yenә dә xәstәlәnibdir.

İbrahim bәyin otaqına gәlib, salam verdi. İbrahim bәy çox hәzin sәslә "әleykәssәlam" dedi. Hәkim soruşdu:

“Nә olubdur?”

İbrahim bәy dilini çıxarıb, işarә ilә su istәdi.

Hәkim dedi:

“Samovardan qaynanmış su gәtirin.”

Gәtirdilәr, azca içdi. Hәkim nәbzini tutub, müayinә elәdi. İstiölçәni qoydu. Gördüm halı pozuldu. Nüsxә yazıb, içmәli dәrman tapşırdı. Otaqdan çıxarkәn mәnә işarә elәdi, bәrabәr getdik dedi:

“Mәhbubәyә vә anasına demә. Bu birinci xәstәlikdәn deyil. İndi xәstәliyi doğrudan da şiddәtlәnmişdir. Muğayat olun! Yenә dә axşamüstü gәlәrәm. Bir az nar verin yesin.”

O getdi. Mәn dә otağa qayıtdım, dedim:

“Hәkim deyir, xәstәnin yanında ağlamaq olmaz, onun halına pis tәsir edәr.”

Mәhbubә tez ağlamağını uddu, gözlәrini sildi.

Xәstәnin halı gündәn-günә xarablaşırdı. Dörd gün dә keçdi.

Mәhbubәnin halı mәlumdur, daha nә kimi nohәlәr deyib ağlamasını şәrh etmәyә heç bir ehtiyac yoxdur. Beşinci gün Saleh әfәndi gәlib xәstәni müayinә etdikdәn sonra dedi:

“Sabah üç-dörd hәkim gәtirәcәyәm. Sabahısı gün haman Şeyx Yusifül-Seyyid, Volf vә iki başqa hәkim gәlib, bir-bir İbrahim bәyi müayinә etdikdәn sonra başqa otağa keçdilәr. Bәdәninin hәrarәti qırxdan artıq idi. Fransızca bir az danışdılar. Tәzә gәlәn hәkimlәrdәn biri mәndәn soruşdu:

“Siz xәstәnin atasısınızmı?”

Saleh әfәndi dedi:

“Xeyr, bu onun müәllimidir, elә atası yerindәdir.”

Dedi:

“Deyin, eybi yoxdur.”

Saleh әfәndi dedi:

“Yusif ağa, mәn sizә birinci gün dedim, indi bunlar da deyirlәr, xәstәnin iyirmi faiz sağalmaq ümidi var.”

İki әlli başıma vurub dedim:

“Aman allah, aman allah! Mәgәr bunun xәstәliyi nәdir ki?...”

Bir dәrman da ona әlavә elәyib getdilәr. Sәkkiz günә kimi İbrahim bәyin halı daha da pislәşirdi. Özünü anlamırdı. Saleh әfәndi dedi:

“Taxtını yığışdırın, yasdığını fәrşin üstündәn salın, bir qәdәr rahat olsun.”

Onun dediyi kimi elәdilәr. Mәhbubә çiynilәrindәn, hәkim ayaqlarından tutdu, Hacı Mәsud da kömәk elәyib, taxtdan götürüb yerә salınmış yasdığa uzatdılar. Bir tәrәfdә anası, o biri tәrәfdә Sәkinә oturmuşdular. Mәhbubә bir hәftә idi ki, nә yeyirdi, nә dә yatırdı. Qup-quru quruyub taxtaya dönmüşdü.

Mәhәrrәmin әvvәli idi. Evdә qiyamәt qopmuşdu. Hamının günü qara idi. Hәkim gecәni getmәdi. Qoltuğuna istiölçәn qoydu. Bәdәninin hәrarәti qırx bir sәhldir, qırx ikidәn dә keçmişdi. Mәnә işarә elәdi ki, bir tәhәr Mәhbubәni otaqdan çıxarım ki, xәstәnin vәsiyyәti olsa elәsin. Dedim:

“Mümkün deyil, getmәz, sәn dә bir söz demә, faydası yoxdur.”

Evdә qiyamәt qopmuşdu. Ağlamaq, vaveyla sәsi yeddi qonşuya gedib çatırdı. Birdәn gördüm Mәhbubә özünü İbrahim bәyin üstünә atdı. Elә "ağam", "sevgilim" deyib qışqırdı ki, dәr-divardan nalә qopdu. Uca sәslә dedi:

“Mәnim ruhi-rәvanım, hara gedirsәn? Mәnim canımın aramı, mәni kimsәsiz, yalqız qoyursan? Sәnә qurban olum, bәs mәn sәnsiz qalacağam? Yox, vallah, sәnsiz mәnә yaşamaq haramdır! Yaşamayacağam!”

Әtәyindәn heç vaxt mәn әl üzmәrәm,

Dözә bilsәn dә, mәn dözә bilmәrәm.

Uzun illәr boyu sәni gözlәdim,

Vüsala yetmәyi daim dilәdim.

Sәni İran eşqi öldürdü yәqin,

Sevgidә sәndәn da olaram mәtin.

Hacı Mәsud gәldi, qeyzlә Mәhbubәnin saçlarından tutub dartdı vә dedi:

“Dur, sәn mәnim ağamı boğdun!”

Mәhbubә qışqırıb dedi:

“Çәkil kәnara, ey Hәmzәnin qatili! Ay qara üzlü cәllad, sәn istәyirsәn ruhu bәdәndәn ayırasan?...”

Bu hәngamә sәhәr açılanadәk davam elәdi. Qonşu arvadlar әrәblәrin qaydası ilә qıy vurub nohә oxuyurdular. Mәhşәrin nümunәsi olan, cigәri kabab elәyәn bu vәziyyәt tanışın da, yadın da ürәyinә od vururdu.

Haciyә "nakam oğul vay, cavan balam vay!" deyirdi. Sәkinә huşunu itirib bayılaraq saçlarını yolur, başını divara vurur, "vay, qardaşım, mәni yetim qoyursan!" deyirdi.

O biri tәrәfdә Hacı Mәsud yumruğunu başına elә möhkәm vurdu ki, әqiq üzüyü başına batıb yarıldı. Al qan qara üzünә axmağa başladı. Bir ucdan "ya mövla" deyib, göz yaşı tökürdü. Mәn dә papağımı bir tәrәfә atıb, başı açıq, köynәyimin yaxasından әtәyinә kimi cırılmış halda üz-gözümә vururdum. Hәkim әllәrini qoltuğuna qoyaraq heyran vә sәrgәrdan dayanıb baxırdı. Qonşular nohә deyirdilәr.

Mәhbubә:

“Sevgilim, istәklim, ağam!

Götürmәrәm әlimi damәni-vüsalindәn!

Mәnim ruhi rәvanım, sәninlәyәm, sәninlә,” -- deyib, İbrahim bәyә yapışmışdı.

On beş dәqiqәdәn artıq nә Mәhbubәdәn sәs çıxdı, nә dә İbrahim bәyin nәfәsi eşidildi.

Hәkim yaxınlaşıb müayinә elәdi, iki әlli başına vurub dedi:

İkisi dә tamam olmuşlar.

ÜÇÜNCÜ CİLD

ÜÇÜNCÜ CİLDİN MÜQӘDDİMӘSİ

Qәlәmi әlә alıb, İbrahim bәyin "Sәyahәtnamә"sinin üçüncü cildini başlamaq istәyirәm. Lakin fikrim elә pәrişandır ki, iki kәlmә mühüm mәtlәb yazmaq iqtidarında deyilәm. Bilmirәm mәtlәbi haradan başlayım, necә bәyan elәyim. Qәlәmim qurudu, barmağım od tutub yandı, daha nә yazım? Yazılmış bir şey qalmamış; nә deyim? Deyilmәmiş bir söz qalmamış, kinayә qurtarmışdır, rәmz tükәnmişdir, izah aydınlaşmışdır. Heç nә, heç bir şey qalmamışdır. Tarixçi deyilәm ki, tarix yazıb, keçmişdәkilәrin әhvalatını qәlәmә alam, şair deyilәm ki, şer yazıb, qafiyәpәrdazlıq edәm. Natiq deyilәm ki, söz quraşdıram, münәccim deyilәm ki, sözümü әflakın hәrәkәt etmәsi ilә әsaslandıram, siyasi mәktәbdә oxumamışam ki, beynәlxalq hüquqdan vә tarixdәn dәm vuram. Öyrәndiklәrimi tuti kimi deyib qurtardım. Dağarcığımda nә var idi xәrclәdim. Yalandan-palandan özümdәn şer dә oxudum. Gülünc vәziyyәtә düşdüm, xoruz olub banladım, qışqırdım, haray çәkdim, başıma әmmamә qoyub azan verdim, dedim: oyaqlıq yuxudan yaxşıdır, anla!

Uca sәslә bağırdım: -- “yahu, qәflәt yuxusundan oyanın!”

Hamamçı olub, buğ çәkib dedim: "ey qәflәt yuxusunda yatanlar, durun, hamam açıldı, üz-gözünüzü yuyub sәfalanın, kәsalәtdәn çıxın, tövbә qüslü elәyib, özünüzә söz verin ki, bir daha zülm etmәyәsiniz. Mәzlum da olmayasınız, itaәti dә tәrk etmәyәsiniz.

Sәsim boğazımda düyünlәnib qaldı, heç bir kәs oyanmadı ki, mәnim sәsimi eşitsin. Heyif ki, bu sәhәr banlayan xoruzun banı heç kәsin qulağına çatmadı.

Belә olduqda mәn nә yazım, nә deyim? Vәtәnin xәstәliyini hansı dillә vәtәn evladına çatdırım? Kimә deyim? Nә bir görәn göz var, nә dә bir eşidәn qulaq.

Hamı ölü ikәn diri, diri ikәn ölüdür. Mәnim sәsimi eşidib, mәqsәdimi anlayanlar da susdular. Bir parası mәni mәzәmmәt elәmәyә başladı, bәzilәri dediklәrimi füzulluq hesab edib, mәni tutmaq vә әzab-әziyyәtә mәruz qoymaq niyyәtindә oldular. İndi ki, zalımlar belә bir niyyәtdәdirlәr üçüncü cilddә labüd olaraq, iş eyham, kinayә vә işarәdәn keçib, sözümüz açıq vә pәrdәsiz olacaqdır.

Mәlamәt oxundan üz döndәrmәrәm,

Mәn arvad deyilәm, aslan tәk әrәm.

Qoy hәr nә olacaq olsun. Yeri gәldikcә İranın son yüz illik tarixindәki bir para hadisәlәri, vәtәnin hәrc-mәrcliyә düçar olması sәbәblәrini eşitdiklәrim, oxuduqlarım vә gördüklәrimin әsasında yazacağam. İndi artıq iş-işdәn keçibdir. Bıçaq sümüyә dayanmışdır. Bu vәtәn divanәsi uca sәslә deyir ki:

“Ey Çingiz tayfasının qalıqları! Bilin vә agah olun ki, sizin hökmranlıq dövrünüz başa çatmışdır. Ey millәtә zülm edәnlәr, ey insanlıq ailәsinә cәfa edәnlәr, ey mәdәniyyәt qanunlarının düşmәnlәri! Tәbiәtin әli tezliklә sizin haqsızlıqlarınızın, bәd әmәllәrinizin müzdünü ovcunuza qoyacaq, öz rәftarınızın cәzasını çәkәcәksiniz. Tezliklә hәqiqi intiqamçı sizin bu lәnәtә gәlmiş qoşunlarınızı qan dәryasında boğub mәhv edәcәkdir. Millәtin arasında görünәn bu fәaliyyәt vә qeylü qal, şübhәsiz ki, sizlәrә әdәb dәrsi vermәk üçündür vә bu dәrsi sizә verәcәklәr. Belә olduqda, özünüzün dә üzvü olduğunuz әhaliyә rәhm elәyin, bir anlığa özünüzә gәlin, ayıq başla düşünün, sәlәflәrin tarixini oxuyun, keçmişlәrin әhvalını xatırlayın. Siz Bәrmәk evladından artıq deyilsiniz. Onların da qulluğunda sizin kimi yüzlәrlә cәfәrlәri var idi. Axırı necә oldu? Cәfәr-Bәrmәkinin anası Aliyә xatun qurban bayramı varlılardan birinin evinә getdi. Ev sahibi gәlib öz arvadından bu qadının kim olduğunu soruşdu. O dedi:

“Bu, Cәfәrin anasıdır.”

Ev sahibi hörmәt qaydasını yerinә yetirәndәn sonra dedi:

“Ana, siz dünya görmüşsünüz, qәribә vә maraqlı hadisәlәrdәn söhbәt elәyin, biz dә istifadә edib, onlardan özümüz üçün nәticә çıxaraq.”

Qadın dedi:

“Öz başıma gәlәn әhvalatdan qәribәsi ola bilmәz. Belә ki, qurban bayramlarından birindә iki yüz dәvә vә qoyun qurbanlıq kәsdim, iki yüz ayüzlü kәnizә zәrli-zivәrli paltar geyindirib, hәr birisinә şәninә görә xәlәt vә әnam verdim. Başqa bir qurban bayramında, yәni bu gün, altıma salmaq üçün bircә dәnә qoyun dәrisinә möhtacam.”

Bu ucsuz biyaban o mәnzildir ki,

Sәlm-tur qoşunun kamına çәkdi.

O gün keçdi, bu gün dә keçmәkdәdir. Bu zillәtin sәbәbi nә idi? Sәbәbi istibdad vә qanunsuzluqdan başqa nә ola bilәrdi? Uzağa getmәyәk. Siz öz hәmqatarınız Hacı Mirzә İbrahim xan Şirazini ki, yaxşı tanıyırsınız. Bütün İran onun vә onun evladının әlindә idi. Bircә günün içindә bәrmәkilәr kimi olmadılarmı? Sәbәbi nә idi? Sәbәbi -- istibdad, özbaşınalıq, zülm vә qanunsuzluqdan başqa bir şey deyildi. Bәs nә üçün ayılmırsınız, nә üçün özünüzә rәhminiz gәlmir? Niyә insaf gözü ilә baxıb belә bir hәqiqәti görә bilmirsiniz? Mәgәr bilmirsiniz zülm öz sahibinin rişәsini kökündәn qoparıb atan bir baltadır. Yazıçıların vә natiqlәrin әlini-dilini nә üçün kәsirsiniz? Axı biz necә ağzımızı yumub vәtәnpәrvәrlikdәn danışmayaq? Zümrüd dәstәli qәmәlәr, qınları qızıla tutulmuş qılınclar, xalis qızıldan olan masalar, çarpayılar, firuzә kasalar, zümrüd vә yaqut piyalәlәr, mirvari kisәlәri necә oldu? Rüstәm heybәtli, Әfrasiyab görkәmli sәrkәrdәlәr hara getdi? Hamısını bada verdiniz! Vәtәn sәrbazlarını tiryәki elәdiniz, vәtәn fәdailәrinә arsızlıq, biqeyrәtlik öyrәtdiniz. Sәrtiblik rütbәsini on beş yaşlı uşaqlara verdiniz.... Minlәrlә nahaq qanlar axıdılır, düşmәnlәrin hәr biri ölkәnin bir tikәsini qoparıb öz torpağına qatır.

Bәs bütün bu zalımların, fisqü-fücur sahiblәrinin dәf edilmәsi vacib deyilmi? Yaxud bu haqda sizdәn sorğu-sual olmayacaqmı? Nә isә, keçәk, çox da ağartmayaq, mәtlәbә başlayaq. Ancaq bunu bilin ki, tarix heç bir eybin üstünü örtmür! Yaxşı düşünün!

MÜӘLLİFİN TӘRCÜMEYİ-HALI

Qoy gizlin qalmasın. Bir qayda olaraq, hәr bir kitabın әvvәlindә onun müәllifinin müxtәsir tәrcümeyi-halı, әsil-nәsәbi vә kitabın tәlifinin sәbәbi yazılır. Hörmәtli oxuculara mәlum olduğu kimi, bu "Sәyahәtnamә"nin birinci cildinin çap olunmasından bugünәdәk keçәn on iki il әrzindә hәmin qaydaya müraat olunmamış, müәllifin adı, ünvanı aşkara çıxmamışdır. Bu mәsәlәnin özü bir çox bәdgümanlıqlara sәbәb olmuşdur. Dost-aşnalardan bir neçәsini istisna etmәklә bir çoxları bu kitabın müәllifi haqqında şübhәlәnmiş vә şübhәdәdirlәr. Bәzilәrinin gümanı bu kimi bir alәmdәn vә vәtәn sevgisindәn çox-çox uzaq olan adamlara gedir. Onlar da bir para kinayә vә eyhamla belә bir zәnni tәsdiq edәrәk, özlәrini müәllif kimi qәlәmә verirdilәr.

İranın sabiq sәdr-әzәmi Mirzә Әlәsgәr xan bir neçә nәfәri bu kitabı qәlәmә alıb yazmaqda töhmәtlәndirdi, onların tutulub hәbsә alınması haqqında әmr verdi. İbrahim bәyin kitabını bir kәsin әlindә tutan kimi onu cәrimә edir, zәhmәtә vә xәsarәtә salırdılar. Bütün bunlara görә müәllifin vicdanı әzab çәkir, ürәyi sıxılırdı ki, "nә üçün gәrәk allahın bәndәlәri mәnim üstümdә әzab-әziyyәt çәksinlәr, zәrәrә, cәrimәyә düçar olsunlar. Saf әqidә vә xeyirxahlıq niyyәtindәn başqa bir mәqsәdim olmayan bir iş üçün nә sәbәbә görә günahsız vәtәn evladı incidilmәlidir?"

Lakin mәn öz adımı aşkara çıxarmamaqda üzürlü idim vә öz adımı heç bir vәchlә açıq söylәyә bilmәzdim. Çünki, mәlum olduğu kimi, kitabın әvvәlindәn axırına kimi söhbәt vәtәn sevgisindәn gedirdi. Ancaq sözümlә әmәlim arasında ziddiyyәt olduğuna görә mәn öz vicdanımın qarşısında vә camaat qarşısında başıaşağı idim. İndi isә o şәrmәndәlik ortalıqdan qaldırılmış vә üzrüm rәf edilmişdir. İndi özümü tam iftixar vә sәrbәstlikdә hörmәtli hәmvәtәnlәrimә tanıtdıra bilәrәm. Bununla da bir para adamları hәdә-qorxudan, kitabın tәlifini özlәrinә nisbәt verәnlәri isә böhtan vә yalan danışmaq günahından xilas edib, onun yaxşısını, pisini, xeyrini, zәrәrini müәyyәnlәşdirmәyi әhli-xibrәnin, mәrifәt vә bilik sahiblәrinin, millәt başçılarının insafı vә mürüvvәtinә tapşırıram. Mәni lәnәt vә nifrәtә layiq görmәkdә, yaxud tәrif vә rәhmәtә qabil hesab etmәkdә onların ixtiyarı vardır.

Elçinin borcu fәqәt söylәnәni söylәmәdir.

İndi mәn istәyirәm onun-bunun yaxasından әl çәksinlәr, vәtәn sevgisi dәnizindә qәrq olan müәllifi tanısınlar, mükafata vә ya cәzaya layiq görsәlәr, mәn hazıram.

Qılınc çәksәn әgәr boyun әyәrәm,

İltifat göstәrsәn minnәt çәkәrәm.

Әdalәtli olsalar, mәn dünyada xoşbәxt olaram, zülm etsәlәr mәzlumların sırasında qalaram. Ümid edirәm ki, bir neçә ildәn sonra maarif sәmasının buludları gurladıqda mәrifәt gülzarı gülәcәkdir. Onda bir әhli-dil dә bu möhnәtçәkmişin halına ağlar vә mәni rәhmәtlә yad edib bağışlanmağımı dilәr. Çünki mәnim heç bir şәxsi qәrәzim olmamışdır. Mәn dünyәvi mәnfәәt әlә gәtirmәk mәqsәdi daşımamışam. Mәhz millәtin vә vәtәn evladının tәrәqqisini könlümün güzgüsündә cilvәlәndirmişәm. Mәn vәtәn vurğunuyam, bütün varlığımı vәtәn evladına hәsr etmişәm.

İndi kәmali-әdәblә әrz edirәm:

Atam vә babalarım altmış-yetmiş ildәn artıq yaşamamışlar. Tezliklә bu hәqirin yaşı da o hәddә çatacaqdır. Ömrümdәn beş il, on il ya qala, ya qalmaya. Onun da yükümü ağırlaşdırmaqdan başqa bir sәmәrәsi olmayacaqdır. Bu elә bir çarәsiz sәfәrdir ki, onun yolunu nә qәdәr sürәtlә keçib son mәnzilә çatsan o qәdәr yaxşıdır.

Әlqәrәz, başdan ayağa günahkar olan bu müәllif Zeynalabdin ibn-Mәşәdi Әli ibn-Hacı Rәsul ibn-Hacı Abdulla ibn-Hәmzә xan Savucbulaq kürdlәrindәn vә o mahalın xanlarından idi. Dinlәri sünni olub, şafei mәzhәb idilәr. Nadir şah zamanında onun ordusunda İran üçün bir çox görkәmli xidmәtlәri olmuşdur. Onların haqqında bir sıra rәvayәtlәr eşitmişәm ki, indi burada nağıl etsәm, mәqamı münasib olmadığına görә oxuculara başağrısı vermiş olaram. Ondan sonra bizim babalarımız Marağada ticarәtlә mәşğul olmuşlar. Öz ticarәtlәrindә bir müddәtdәn sonra etibar kәsb edib şöhrәt qazanmış vә camaatın etimadını vә inamını özlәrinә cәlb etmişlәr.

O zamanlar mәnim ata-babam var-dövlәtdә Marağanın Rotşeldi hesab olunarmışlar. Halbuki onların bütün sәrmayәsi vә tәnxahı nәqdli, cinsli beş-altı min tümәndәn artıq deyilmiş. İndi adi bir baqqal, әllaf da bu qәdәr sәrmayә ilә kifayәtlәnmir.

Sәkkiz yaşımı başa vuran kimi mәni mәktәbә qoyub, tәlim-tәrbiyәmin qeydinә qaldılar. Düz sәkkiz il mәktәbә gedib-gәldim. Amma mәktәb -- nә mәktәb? Tәrbiyә -- nә tәrbiyә? Müәllim -- nә müәllim? Allah heç kafirә dә qismәt elәmәsin!

Әlifi beydәn ayırd etmәyimin mümkün olmadığı belә bir mәktәbdә sәkkiz il oxuyandan sonra dәrsimi başa vurub cәhli-mürәkkәblә oradan çıxdım. Elә bu kimi mәktәblәrin zülmәti sayәsindә, deyәsәn, әbәdi olaraq cәhalәt vә nadanlıqda qalacağam. Vicdanım qarşısında özümü çox da mәzәmmәt etmәmәyә bir sәbәb varsa o da bundan ibarәtdir ki, mәn tәk deyilәm, mәnim kimilәr çoxdur. Fәqәt tәәccüblü burasıdır ki, bu cәhalәtlә mәrifәt vә bilikdәn dәm vurmaqdan әl çәkmirik, öz iddialarımızdan vә dediklәrimizdәn әsla utanıb usanmırıq, öz әfkarımızı hәqiqәtәn düzgün hesab edirik.

Bilmәmәk eyb deyil, bilsә kişi bilmәmәyin.

Cәhlini bilmәyәn onda әbәdi qaldı yәqin.

Xülasә, on altı yaşımdan etibarәn mәni bazarda hücrәyә göndәrdilәr. İyirmi yaşımda ticarәt üçün mәni Әrdәbilә yola saldılar. Әrdәbildә, Marağada әyanlıq elәmәyә başladım. Özüm üçün bir dәstgah düzәltdim. At saxlamağa, şikara getmәyә, nökәr tutmağa, tüfәngin gәzdirmәyә qurşandım. Ticarәtdә mәdaxilim bir oldu, mәişәtdә xәrcim on doqquz-iyirmiyә çatdı. Belә bir şәraitdә vәziyyәtimizin necә olduğu aydındır. Müsәlman eşitmәsin, kafir görmәsin. Nә düz-әmәlli gündәlik hesabımız var idi, nә dә kitab-dәftәrimiz müәyyәn idi. Әyanlıq vә qolçomaqlıq iddiası bütün varlığıma hakim kәsilmişdi. Yәni başqa sözlә demiş olsam, bir növ barbarlıq vә vәhşiliyә başlamışdım. Şaha vergi vermәkdәn boyun qaçırırdım; yol gözәtçisini döymәk, maliyyә mәmurunu söymәk, kәndxuda vә fәrraşı tәhqir elәmәk mәnim üçün iftixar vasitәlәrindәn biri olmuşdu.

Xülasә, hesab-kitabsızlığı özümә şәn vә lәyaqәt hesab edirdim ki, bu da qanunsuz bir mәmlәkәtin vәziyyәtindәn doğurdu.

Getdikcә ticarәtimiz kasadlaşdı. Hәr tәrәfdәn pәrişanlıq üz vermәyә başladı. Fәlakәtә düçar olanlar kimi cәlayi-vәtәn elәyib, qürbәtә düşmәli olduq. Olan-qalan cüzi sәrmayәni götürüb, iki qardaş әl-әlә verdik, "tәvәkkül allaha" deyib, Qafqaz diyarına doğru yola düşdük. Köçümüzü Kutaisi şәhәrindә saldıq. O zaman orada iranlılardan heç kәs yox idi vә heç kәs bizim nә vәziyyәtdә olduğumuzu bilmirdi. Azacıq sәrmayә ilә o zaman nadanlıq üzündәn bizim nәzәrimizdә on alçaq şüğl hesab olunan bir kәsbә, yәni baqqallığa başladıq. Üç-dörd ilin әrzindә bir neçә min manat pul toplaya bildik. Dәmir yol çәkmәk işi ilә әlaqәdar olaraq, iranlı fәhlә vә sәnәtkarlardan min nәfәrә qәdәr Gürcüstanın paytaxtı olan bu şәhәrә toplandı. O vaxt İranın Tiflisdәki baş konsulu cәnab Mirzә Әsәdulla xan Nazimüddövlә idi. O mәni Kutaisidә vitse-konsul tәyin elәyib, min әdәd dә tәzkirә verdi ki, iranlıların hәr birindәn üç manat baş konsul üçün, bir manat da özüm üçün pul alım.

Aydındır ki, indi mәn hәm konsul, hәm ağsaqqal, hәm dә tacir olmuşdum. Başdan-ayağa yoxsul vә müflis hәmvәtәnlәrin dәrdinә qalmaq mәnim borcum idi. Hәm tәzkirәni, hәm dә yemәk-içmәk vә geyim cәhәtcә onlara hәr nә lazımdırsa, nisyә vermәyә başladım. Az bir müddәt içәrisindә nisyә dәftәri doldu. Xoylu Әli yüz manat, tәbrizli Hәsәnqulu yetmiş manat, sәlmaslı filankәs әlli manat vә s. vә i.a.

Neçә ilin әrzindә topladığımız sәrmayә әlimizdәn çıxdı. Biri qaçdı, başqasını tutdular, o birisi qumarda uduzdu, başqa birisi xәstәlәndi. Üç ildә qoymadılar bizdә bir şey qalsın. Baş konsul cәnabları isә tәzkirә pullarını bütünlüklә nәqd alıb cibinә saldı. Yenә dә iki әlimiz oldu, bir başımız. Әlacsızlıq üzündәn Qarqazdan da köçmәli olduq. Dedik, elә bir yerә gedәk ki, orada bizi heç kәs tanımasın. Çoxlu götür-qoy elәyәndәn sonra mәlum oldu ki, Krımda әsla iranlı yoxdur. Gәlib bu dәfә dә orada yükümüzü açdıq. Yavaş-yavaş İstambula gedib, cüzi mal alır, gәtirib orada birә üç qiymәtә satırdıq. Az müddәt içәrisindә bir mağaza açmaq üçün kifayәt edәn bir sәrmayә qazandıq. Osmanlı -- rus müharibәsi baş verdi. O vaxt biz Yaltada sakin olmağa başladıq. Gözәl iqliminә görә o zaman Yaltanı rus imperatoru II Aleksandr abadlaşdırır, villalar tikdirirdi. İmperatorun bütün ailә vә qohum-әqrәbası, әyan vә zadәganlar oraya toplaşırdılar. Getdikcә işimiz tamamilә rövnәqlәndi. Voronsovun arvadı knyaginya bizim mağazanın mötәbәr müştәrisi oldu. Belә ki, bir gün mәni aparıb imperatorun xanımına tәqdim elәdi. Bizim adımızı "çestnı kupets Persii", yәni İranın vicdanlı taciri qoydular. İş o yerә çatdı vә bizim etibarımız o dәrәcәdә artdı ki, әgәr ipliyi ipәk yerinә satsaydıq, onun ipәk olmamasına şübhә elәmәzdilәr. Nә üçün? Ona görә ki, iranlı yalan danışmaz! Bütün saray adamları, zadәganlar vә şahlıq xanәdanı bizә hәddindәn artıq hörmәt vә mәhәbbәt göstәrirdilәr.

Nәhayәt, mәndәn rus tәbәәliyini qәbul etmәyimi xahiş elәdilәr. İstәdilәr bir para imtiyazlar versinlәr. Bu barәdә çox üz vurduqlarına, hәm dә İstambulda iki-üç dәfә konsuldan nahaq әziyyәt vә tәhqir gördüyümә görә bunların tәkidi ilә tәbәәlik әrizәsi verdim. Üç aydan sonra canişinin böyük divanxanasında molla gәtirib mәnә and içdirdilәr. Bütün böyüklәr, canişin vә başqaları rәsmi paltarla orada hazır oldular. Mәni rus tәbәәliyinә qәbul elәdilәr. Neçә ildәn sonra gәlib İstambulda evlәndim. Arvadımı götürüb Yaltaya: apardım. Üç övladım oldu. Böyüdülәr, lakin bir kәlmә nә türkcә, nә dә farsca bilirdilәr, çünki bütün qulluqçular vә onların tәrbiyәçilәri rus idilәr.

Bu on-on beş illik qürbәt hәyatı mәnim fikrimi, xәyalımı pәrişan elәdi. Deyirdim: "Bu nә zindәganlıq, nә yaşayışdır ki, mәn özüm üçün ixtiyar etmişәm?..."

Bu kimi fikir-xәyallarla bir müddәt gizli bir tәşviş vә iztirab içәrisindә idim. Sanki özüm-özümdәn nifrәt elәyib, bir növ bezmişdim. Lakin xilas olmaq üçün çarә tapa bilmirdim. Çıxış yolları üzümә bağlanmışdı. Әziz, sevimli vәtәnimin eşqi vә mәhәbbәti könül mülkünü tutduğuna görә mәn vәtәnimdә olan adab vә rüsumu zәrrәcә dә olsun tәrk etmәk istәmirdim. Ancaq bu işlәrin maddi vә mәnәvi sәmәrәsi bizim üçün ondan ibarәt idi ki, öz mәzhәb vә adabımıza riayәt etdiyimizә görә ruslar bizә dәrindәn inanır, nәhayәt dәrәcәdә hörmәt göstәrirdilәr. Bizi düzgün, tәmiz adamlar adlandırırdılar.

Cavanlığımda bir gün bir dәst firәngi yay paltarı alıb geymişdim. Birdәn knyaginya prinses Voronsova faytonla mağazaya tәşrif gәtirdi. Mağazaya girәn kimi dayanıb mәnә heyrәtlә baxdı vә dedi:

“Bu nә halәtdir, bәs belә niyә olmusan? Heç güzgüyә baxmamısan ki, görәsәn nәyә oxşayırsan? Bu nәdir әyninә geymisәn?”

Әrz elәdim:

“Paltardı da, geymişәm.”

Buyurdu:

“Bu dәqiqә get dәyiş. Heyifdir ki, özünü bu tәrkibә salmısan.”

Doğrusu, onun mәzәmmәtindәn çox utandım, başımı aşağı salıb dedim:

“Gözüm üstә, daha geymәrәm.”

Dedi:

“Yox, mәn sәnin әynindә milli paltarını görmәyincә buradan getmәyәcәyәm.”

Çox tәkid elәyәndәn sonra mәn utana-utana, xәcalәt çәkә-çәkә mağazadan çıxdım. İmperatorun xanımından sonra ölkәnin әn möhtәrәm qadını olan bir zati ali yarım saat mağazada yalqız әylәşdi. Mәn gedib İran paltarı vә sәrdarisi geyib gәldim. Çox mәmnun qaldı, sevinclә dedi:

“İndi adama oxşayırsan.”

Belә mәzәmmәtә görә haman gün mağazamızdan üç min manatlıq şey alıb getdi. "Bәsirәt sahiblәri, bundan ibrәt alın!"

Xülasә, bu vaxtadәk az-az adamlara nәsib olan bu ticarәt vә yaşayışla dünyәvi işlәrimiz saat kimi qurulub müntәzәm işlәyirdi. Bununla belә mәn yenә dә yaşayışımdan mәyus idim. Bu işin aqibәtindәn naümid idim. Ona görә ki, dünya ilә axirәt arasında tәrәddüd elәyirdim. İstәr-istәmәz birini seçmәli idim.

Çox düşünüb götür-qoy elәdikdәn sonra belә qәrara gәldim ki, әbәdi alәmin sәadәtini fani dünyanın üç günlük eyşinә satmaq kişilik vә insanlıqdan çox uzaqdır.

Ona görә dә elan verib, mağazanı ucuz qiymәtә satmaq istәdiyimi vә ticarәtdәn әl çәkәcәyimi bildirdim.

Bu elan nәşr edilib şaye olan kimi mötәbәr müştәrilәrimizdәn vә zadәgan qadınlarından yüzlәrcә gәlib, belә bir niyyәtdә olmağımın sәbәbini soruşdular. Dedilәr: pula ehtiyacın varsa, verәk, sәni heç vәchlә qoymarıq ki, bizi tәrk edәsәn. Mәn hamısına öz tәşәkkürümü bildirib xahişlәrini rәdd etdim.

Hәr nә vardı üç ay әrzindә satdıq. Әlli faiz әlә gәldi. Var-yoxumuzu yığışdırıb, İstambula tәrәf yola düşdüm. Orada xırda bir ev aldım, ev-uşağı yerbәyer elәyib, Mәkkә ziyarәtinә getdim.

Hörmәtli hәmvәtәnlәrimdәn hәdsiz mehribanlıq vә qayğı gördüm. Lakin onların mәclislәrindә oturanda utanırdım. Vicdanım qarşısında çox xәcalәt çәkirdim. Çünki o mәclislәrin söhbәti vәtәndәn qeybәt elәmәk, oradakı qanunsuzluqdan vә hakimlәrin zülmündәn, yaxud vәtәnpәrvәrlikdәn dәm vurmaqdan başqa bir şey deyildi. Lakin mәnә elә gәlirdi ki, onların hәr birisi mәnә kinayә ilә andırır: ay qeyrәtsiz, bu sözlәrin sәnә dәxli var? Әgәr sәn doğrudan da vәtәnpәrvәrsәn, bәs nә üçün vәtәnini atmısan?

Hәmişә fikir-xәyalda vә iztirabda idim. Bu kimi düşüncәlәr mәni bir saat belә rahat buraxmırdı.

1904-cü il fevral ayının 8-dә rus-yapon müharibәsinin birinci günündә Rusiya konsulxanasından mәni çağırdılar. Dedilәr işin başa çatıb qurtarmışdır. Bu sәnin azadlıq kağızındır.

Azadlıq kağızını verdilәr әlimә.

Doğrusu, bilmirdim nә kimi sözlәrlә tәşәkkürümü izhar edim: Nә dilimdә taqәt var idi, nә qәlәmimdә qüdrәt. Vicdanım asudәlәşdi, canım dincәldi.

Nә isә, bu müqәddimәni söylәmәkdәn mәqsәd bir mәsәlәni müәyyәnlәşdirmәk vә düzgün başa salmaqdan ibarәt idi. Yoxsa mәn yazıq әsla vә әbәda özümә elә bir mәqam qail deyilәm ki, tәrcümeyi-halımı yazıb nәşr edәm.

Allaha şükür, o adamlardan deyilәm ki, özümdәn müştәbeh olub, mübaliğәyә yol verәm. Bunu yaxşı bilirәm ki, "haman xakәm ki, hәstәm". Bu qәdәr izahat vermәsәydim mәsәlә aydın olmazdı. Birinci cilddә adımı gizlәtmәyimin sәbәbi qәzәb vә cәrimә qorxusundan deyil idi, bunun üçün idi ki, demәsinlәr: filan-filan şüdә, sәnin sözünlә әmәlin bir-birinә uyğun deyil.

İxtiyarım ola gәr ruzi-qiyamәtdә mәnim,

İstәmәm rövzeyi-rizvan, mәnә bәsdir vәtәnim.

Lütf buyurub nәvaziş etsә dә, qәhr elәyib qapısından qovsa da, mәn hamısını iltifat sayacağam.

Hamının kiçiyi Zeynalabdin Әli oğlu.

* * * * *

N ә z ә r i-d i q q ә t ә l a y i q b i r m ә t l ә b

İndi bu çirkin әmәlin yaxşı-pisini, xeyri-şәrini diqqәtlә nәzәrdәn keçirәk, görәk bunun nә sәmәrәsi, nә kimi şәrәfi vә iftixarı vardır. Bizim әziz hәmvәtәnlәrimizdәn bir çoxunun qondarma bir tәzkirә üçün ürәyi gedir, ona hәdsiz-hesabsız pullar xәrclәyirlәr. Neçә nәfәr mәnim yanıma gәlib xahiş elәmiş ki, rus tәbәәsi olmaq yolunu onlara göstәrim. Mәn xeyirxahlıq üzündәn, dünya vә axirәt mәnfәәtini nәzәrә alaraq dәlil vә nәsihәtlә onları bu fikirdәn çәkindirib, bu niyyәti başlarından çıxarmışam. Rus dövlәtinin özü heç bir vәchlә tәbәә qәbul elәmir. Bunun sәbәbi nәdir? Bilmirәm. Lakin zirәk adamlar tәzkirә tapırlar. Şirvandan, Qarabağdan, Gәncәdәn vә başqa yerlәrdәn gәtirilmiş saxta tәzkirә vәrәqәsini Tәbriz vә Rәştdә olan rus konsulxanası birinin әlindә görәn kimi ağına-bozuna baxmamış qәbul edir. Bunu әlә gәtirәn kimi sanki onlar qolçomaqlıq, millәtin hüququna tәcavüz etmәk haqqı qazanmış olurlar. Bәzilәri dә bu tәzkirәni әldә etmәklә yalnız öz hüququnu filan mәmur, ya filan sәdrülülәmadan qorumaqla kifayәtlәnirlәr, İran mәmurları heç fikir vermirlәr ki, axı bu Haşım Tağı oğlu baqqal idi, filan mәhәllәdә dә dükanı var idi. Bәs necә oldu ki, birdәn-birә rus rәiyyәti oldu? Halbuki bu mәsәlә Peterburqdan soruşularsa, o saat cavab gәlәcәk ki, bizim belә bir rәiyyәtimiz yoxdur. Nә isә, bu haqda deyilәsi söz çoxdur, fәqәt bizim mövzudan kәnardır.

İranda ümumi qanunun olmaması vә hәrc-mәrcliyin hökm sürmәsidir. Bir kapitan, bir naib, bir molla vә ya seyyid qolçomaqlıq elәyib neçә nәfәri öz himayәsinә aldığı halda, xarici ölkәnin konsulu öz rәiyyәtini nә üçün öz qanadı altına almasın?

Amma ümumi bәrabәrlik qanunu hәyata keçirilәrsә, hәr kәsin -- kiçiyin dә, böyüyün dә vәzifәsi müәyyәnlәşdirilib, qanun kitabçasının maddәlәrindә vә fәsillәrindә qeyd edilәrsә, hәr bir vilayәtdә vә idarәdә o kitabça әsasında rәftar olunarsa, hәmin qanun kitabçası xarici ölkәlәrin mәmurlarının nәzәrinә çatdırılarsa vә deyilәrsә ki, bu, ölkәnin qanunudur, bu da onun altında şahın imzasıdır, daha onda hansı bir konsulun vә ya mәmurun etiraz haqqı ola bilәr? Konsulların mәmuriyyәti yalnız xarici ölkәlәrdә hakimlәrin mәmlәkәt qanunlarından sui-istifadә etmәlәri qarşısını almaqdan ibarәtdir, vәssәlam. Konsul öz rәiyyәtini qanunsuz himayә elәsә, Serbiyada vә Bolqarıstanda olduğu kimi, haman saat onun ayaqqabılarını cütlәyib qoyarlar qabağına vә deyәrlәr: "buyur, tәşrif apar!" Belә bir hadisә Bolqarıstanda bir neçә dәfә baş vermişdir.

Belәliklә dә millәt tabe olduğu dövlәtdәn bәrabәrlik qanunları tәlәb etmәlidir ki, әcnәbi öz hәddini tanısın, onların hüququna әliuzunluq elәmәsin.

Möhtәrәm oxucular bu kitabın yalnız zahirini nәzәrә almamalı, elә tәsәvvür etmәmәlidirlәr ki, bu, ancaq şirin hekayәlәr vә mәzәli әhvalatdan ibarәtdir. Onun yazılarına gülmәmәli, dәrindәn düşünәrәk hәrtәrәfli ölçüb biçәndәn sonra bunları nә mәqsәdlә yazdığımızı dәrk etmәli vә bilmәlidirlәr ki, birinci vә ikinci cildlәr hәmin üçüncü cildin müqәddimәsidir. Son cilddә allahin kömәyi ilә yuxu tәbiri, kinayә, eyham vә hekayә şәklindә vә ya açıq surәtda cәmiyyәtin sәlahı vә xeyri üçün mühüm bir mәsәlәni әhaliyә çatdıracağıq.

Doğrudur, әziz vәtәnimizdә bu vaxtadәk bu kimi mәsәlәlәr yazılmamış, heç kәs vәtәn sevgisindәn danışmamış vә faydalı mövzuları hamının başa düşәcәyi bir tәrzdә dövrün tәlәblәri sәviyyәsindә qәlәmә almamışdır. Yazdıqları әsәrlәr gül vә bülbüldәn vә mәhәbbәt sevdası, pәrvanә vә şәm mәhәbbәti, yaxud müәllif vә yazıçının izhari-fәzilәti, ya da tәriflәnmәyә heç bir hüququ olmayan adamların mәdhi olmuşdur. Bu әsәrdә nәzәrә alınan faydalı cәhәtlәr aşağıdakılardan ibarәtdir:

Birincisi, qoy xeyrin banisi vә ya şәrә mürtәkib olanlar bilsinlәr ki, yaxşıları yaxşılıqla, pislәri nifrәtlә xatırlamaq vaxtı gәlib çatmışdır. Bundan sonra millәt hәr bir yaxşını, pisi bir-birindәn ayırd edib, hәr bir әmәlin nәticәsini milli tarixdә yazmalıdır ki, bununla da gözәl vә pis işlәr qeyd edilsin. Qoy gәlәcәk nәsillәr yaxşılara rәhmәt, pislәrә lәnәt oxusunlar. Bunun özü vicdan vә namus sahiblәri üçün ağır bir әzabdır. İnsanları yaxşılığa hәvәslәndirmәyin, pislikdәn çәkindirmәyin zәruri olması aydın mәsәlәdir. Әyri yolda olanları düz yola gәtirmәk mәqsәdilә bu kimi әsәrlәr yazmaq hәr bir yazıçının vәzifәsi hesab olunur. Bunların öz pis adәtlәrini tәrgitmәyә hümmәti çatmasa, onda heç olmasa öz çirkin әmәllәrini azaltmalı olarlar, yaxşı adamlar isә xeyirxahlığa daha artıq rәğbәt göstәrәrlәr ki, bunun da cәmiyyәtә çox xeyri olar.

İkincisi, әxlaqı gözәllәşdirib, nәfsi islah etmәk mәqsәdilә deyilmiş bu sözlәrdәn yüzdә biri oxucuya tәsir edib onun intibahına sәbәb olarsa, bunun da ümumi faydası ola bilәr.

Üçüncüsü, heç kәs yalnız axirәt dünyasında cәza verilәcәyini vә bu dünyada әmәlinin cәzasına çatmayacağı ümidilә arxayın oturmayacaq, hamı yәqin bilәcәkdir ki, bu dünyanın özündә dә mükafat var:

Nә әkәrsәn, onu da biçәrsәn.

Aydındır ki, vәtәni vә vәtәndaşları haqqında yaramaz әmәlә mürtәkib olanların öz cәzasına çatdıqlarını görәn hәr bir kәs istәr-istәmәz o әmәlin tәkrarından çәkinәcәkdir. Bunun da cәmiyyәtә faydası var.

Dördüncüsü, dövlәtә, millәtә vә vәtәnә sәdaqәt vә pak niyyәtlә xidmәt elәyәn hәr bir kәsin, şәksiz-şübhәsiz, dünya vә axirәt sәadәtinә nail olacağı bütün dünyaya mәlum olar.

Beşincisi, hәmvәtәnlәrimiz bilәcәklәr ki, hәr bir çәtinlikdәn sonra işin asanlaşması, hәr bir pәrişanlıqdan sonra işlәrin öz yoluna qoyulması vә hәr bir zülmәtdәn sonra işıqlı sәhәrin açılması da mümkündür. "Hәr çәtinlikdәn sonra bir asanlıq" vә "hәr bir gәrginlikdәn sonra qәlәbә baş verir" -- hәdisi doğru vә düzgündür. Әgәr sәbr olsa:

Bәla keçәr, onda açar min illik arzu çiçәk.

Hәr bir çәtinlikdәn sonra istәr-istәmәz bir asanlıq var. Fәqәt dözmәk lazımdır. Biz "Sәyahәtnamә"nin birinci cildini bu xoş niyyәtlә başladıq, onun hәr bir sәtrini bu ümidlә yazdıq. Allaha şükür ki, bu gün:

Çoxdankı arzumuz yerbәyer oldu.

Altıncısı, qoy hәmvәtәnlәrimiz bilsinlәr ki, bizim şairlәr vә әdiblәrin, bir qayda olaraq, tәrәnnüm etdiklәrn Leyli vә Mәcnun, Fәrhad vә Şirin, Mahmud vә Ayaz eşqindәn başqa bir sevgi dә vardır vә vәtәn aşiqlәri belә bir sevgi yolunda nә kimi zәhmәtlәr çәkmiş, can qoymuş, öz varlıqlarını onun varlığına bağışlamışlar!

Mәhz buna görә dә İbrahim bәyin öz әziz vәtәninә olan eşqini әfsanә kimi qiymәtlәndirmәk olmaz. Bu eşqin yolunda can vermәk әn böyük sәadәtdir. Onun ağacının barı İbrahim bәyin "Sәyahәtnamә"sinin axırında tәәssübün sәmәrәsi adlanan meyvәdәn ibarәtdir. Sanki Mövlәvi Mәnәvi öz "Mәsnәvi"sindә bu beytlәri onun dilindәn söylәmişdir:

"Dinlә, neydәn nә hekayәt eylәyir,

Ayrı qalmaqdan şikayәt eylәyir:

Ta neyistandan mәni ayırdılar,

Nalәmi cümlә cahanda yaydılar.

Könlüm istәr dәrdi-hicranә yanan,

Ta ki, öz dәrdin ona etsin bәyan.

Öz kökündәn kim ki, düşmüşdür iraq,

Can atar vәslә, dilәr ötsün fәraq.

Sirrimi hәr vaxt edәr nalәm әyan,

Hәr qulaq lakin onu olmaz duyan,

Yel deyil nalәm, bu od kaş solmasın,

Kimdә bu od olmasa, heç olmasın".

Bu kitabın başqa bir faydası da mәtlәbi imtiyazlı adamların vә kütlәnin bәyәnәcәyi, savadlı vә savadsızın başa düşә bilәcәyi, oxuyarkәn sözün mәrәzini qavraya bilәcәyi bir dildә qısa vә sadә yazmaq sәrmәşqi vermәkdәn ibarәtdir. "Gәlin" sözü yazılarkәn "bәy" sözünün dә mütlәq yazılması әsla vacib deyildir. "Vücud"u "zicud"suz da yazmaq olar. "Vasil"i dә hәmişә "hasil" ilә bir yerdә yazmağa lüzum yoxdur. Hәrçәnd ki, sadә sәpkidә yazmaq iranlılar üçün yenidir, ancaq hal-hazırkı dövr sadә yazmağı tәlәb edir. Fikri ifadә etmәkdә qüdrәtli qәlәm vә xüsusi hünәrә malik olan әdiblәr bundan sonra vәtәn sevgisini mәnzum vә mәnsur şәkildә aydın ifadәlәr vә sadә cümlәlәrlә hәm ziyalılara, hәm dә xalq kütlәlәrinә tәqdim etmәlidirlәr. Gәrәk onlar sadә yazmağı tәbliğ etsinlәr, bu üslubun banilәri vә örnәk verәnlәri olsunlar. Biz etiraf edirik ki, İran әdiblәri sadә yazmaq üslubunun bütün sirrlәrini, rümuzunu, qaydalarını çox yaxşı bilirlәr vә istәdiklәri tәqdirdә bu әsәrdәn yüz dәfә, daha gözәl әsәrlәr yazmağa qadir ola bilәrlәr. Lakin bu sәtirlәrin müәllifinin onlarla olan әhvalatı dülgәr, dәrzi vә abid mәsәlinә oxşayır.

Rәvayәt edirlәr ki, bu üç nәfәr yol yoldaşı olub, sәfәrә çıxırlar. Bir gecә qorxulu bir mәnzildә düşürlәr. Qәrar qoyurlar ki, hәrәsi gecәnin müәyyәn hissәsini ayıq qalıb gözәtçilik elәsin. Gecәnin әvvәlini abidlә dәrzi yatır, gözәtçilik dülgәrin öhdәsinә qalır. Dülgәr yuxusunu qaçırmaq üçün ağacdan bir heykәl yonub düzәldir. İşini qurtarandan sonra dәrzini oyadır, özü gedib yatır. Dәrzi heykәli gördükdә bir dәst paltar tikib ona geyindirir. Onun da gözәtçilik vaxtı belәliklә başa çatır, gedib zahidi oyadır, özü isә başını atıb yatır. Abid yoldaşlarının hünәrini görüb sәcdәyә gedir, әllәrini göyә qaldırıb raz-niyaz edir, allahdan istәyir ki, bu heykәlә can versin. Duası müstәcab olur, taxta heykәlә can verilir. Sәhәr açıldıqda onların hәr biri bu canlı heykәlin sahibi olmaq iddiasına düşür.

İndi, ey qәlәm sahiblәri vә mәrifәt әhli, siz bu paltarsız vә cansız heykәldәn ibarәt olan yazıya paltar tikmәli vә ruh vermәlisiniz ki, cana gәlsin.

Heykәli mәn yoxsul vә müqәssir bәndә yonub düzәltdiyimә görә ümid edirәm ki, vәtәnpәrvәrlikdәn dәm vurmaq feyzindәn binәsib olmayam.

İndiki dövr keçmiş zaman deyil ki, qәlәm vә fikir sahiblәri öz vaxtlarını qәdimdәkilәr kimi xülyalar toxumağa, boş әfsanәlәr uydurmağa vә mәnasız mәtlәblәr yazmağa sәrf etsinlәr. Bu kimi faydasız işlәrin heç bir sәmәrәsi yoxdur. Әksinә, onlar gәrәk Avropa vә Yaponiya әdiblәri kimi insanlıq vә insanpәrvәrlik vәzifәlәrini vә prinsiplәrini xalqa başa salsınlar, onlara dәrk etdirsinlәr ki, bütün xoşbәxtliklәrin mәnşәyi müqәddәs vәtәnin varlığı ilә bağlıdır, onu qorumaq bütün vәtәndaşların birinci borcudur....

DASTANIN BAŞLANĞICI

İndi "Ya hәqq, ya mәdәd!" deyib, kitabı yazmağa başlayıram. Bundan sonra hәr nә deyilsә Yusif әminin dilindәn deyilәcәkdir. O deyir:

“Bәllidir ki, mәnim öz ürәyimdә olan dәrdi yazmağa qüdrәtim yoxdur. Hörmәtli oxucular bir qәdәr düşünsәlәr, o cavanın ölümündәn sonra mәn yazığın ruzigarının nә sayaq keçdiyini bilәrlәr. Haman o saatdan ki, nakam bәyin vә bәdbәxt gәlinin cәnazәlәrini tamam-kamal bәzәyib qara torpağın, әbәdi gәrdәyinә vә yatağına tapşırmaq üçün qapıdan çıxdılar. Misir әhalisinin әksәri -- kasıbından tutmuş dövlәtlisinәdәk, kiçiyindәn tutmuş böyüyünәdәk, yerli, qәrib, әrәb, әcәm, müsәlman, kafir toplaşıb cәnazәnin dalınca sel kimi hәrәkәtә gәldilәr.

Cavan igidini itirmiş qaragünlü ana torpağı başına sovururdu, "Oğul vay, gözümün işığı vay!" -- deyә-deyә cәnazәnin ardınca sürünürdü.

Nәhayәt, o cavanları aparıb dәfn etdilәr. Yas günlәri dә gәlib başa çatdı. İki ildәn sonra taqәtim kәsildi, daha Misirdә yaşamaq mәnim üçün çәtin oldu. Sәbrim tamamilә tükәndi. Әlacsızlıq üzündәn Haciyә xanıma bir mәktub yazdım.

Mәktubu zәrfә qoyub başını bağladım, Hacı Mәsuda verib, xanıma çatdırmasını tapşırdım.

Üç gün sonra Hacı Tәbrizi Mirzә Abbasla gәlib mәni öz evlәrinә apardılar. Mirzә Abbas dedi:

“Yusif әmi! Qürbәt vilayәtdә başı bәlalar çәkmiş bu biçarәlәri kimin ümidinә qoyub gedirsәn? İki qol-qanadı qırılmış, cavanı ölmüş, gәmisi sınmış zәifi belә bir müsibәt vә sarsıdıcı qәm içәrisindә necә başsız, arxasız buraxırsan?

Sәn Nәcәf vә Kәrbәlada necә yaşayacaqsan? Mәgәr mәrhum Hacının sözlәrini unutmusan? O, sәnә dönә-dönә deyirdi ki, o yerlәrdә heç bir qeyrәtli, tәәssüblü müsәlman yaşaya bilmәz. Bәs mәrhum Hacı sәndәn cәnazәlәrin müqәddәs yerlәrә aparılması vәziyyәtini soruşub, sәnә demәdi ki, bu vәziyyәtlә cәnazә göndәrmәk şәriәtә müvafiqmidir? Sәn dedin: "xeyr". Mәrhum Hacı dedi:

“Elә dә, görünür, bu bidәti bәzi adamlar öz xüsusi mәnafeyi üçün yerinә yetirilmәsi vacib olan vәzifә kimi cilvәlәndirirlәr. Yoxsa sağlam әqlә malik olan heç bir kәs belә bir işә qol qoya bilmәz ki, bir kәs bütün ömrü boyu pis işlәr görsün, öz hәmvәtәnlәrinә cürbәcür zülm vә cәfalar etsin, yetim malı yesin, pulu müamilәyә versin, müsәlmanların malına vә canına qәsd etsin, ölәndәn sonra yarıçürümüş sümüklәrini aparıb orada basdırsınlar vә belәliklә dә onun bütün günahları vә xәtaları bağışlansın. Bu işi gördükdәn sonra o zalımın vәrәsәlәri dә mәclislәrdә vә yığıncaqlarda әylәşib desinlәr: "Allaha şükür, mәrhum atamızın cәnazәsini Nәcәfә göndәrib rahat olduq". Sağlam ağıl necә inana bilәr ki, ruh bәdәndәn ayrıldıqdan sonra adamın sümüyünü vә ya leşini başqa bir yerә apardıqda günahkar yaxşı insana çevrilib, öz yaramaz әmәllәrinin cәzasından xilas ola bilәr?

Mәrhum Hacının çarvadarla cәnazә sahibi arasında düşәn çәkişmә haqqında söylәdiklәrini mәgәr unutmusan? Hacı deyirdi ki, kirә haqqının ödәnilmәsi üstündә çarvadarlarla ölü sahibi arasında söz-söhbәt olub, işlәri çәkişmәyә, әlbәyaxa olmağa çәkdi. Ölünün bir qolunun sümüyünü çarvadar götürdü, o biri qolunun sümüyünü cәnazә sahibi; sümüklәri bir-birinin başına çırpmağa başladılar.”

Xülasә, Hacı Tәbrizi ilә Mirzә bir para buna oxşar öyüd-nәsihәtlәr elәyib, durub getdilәr. Ürәyim köyrәldi, bir qәdәr ağladım, ixtiyarsız olaraq yuxuya getdim.

(Bu cilddә әsas mәqsәd Yusif әminin yuxusunun şәrhi vә onun yozulmasından ibarәt olduğu üçün ümumiyyәtlә yuxu vә onun keyfiyyәti haqqında xülasә şәkildә bir neçә söz demәk lazım gәlir).

Bu sәtirlәrin müәllifi yuxunun doğruluğunu yoxlamışdır vә heç bir şübhә etmәdәn ona inanır. Neçә dәfә heç bir fikir vә xәyalım olmadan yuxu görmüşәm, tәsirini tez büruzә verib hәqiqәtә çevrilibdir.

Әlqәrәz, mәtlәbi yuxu hesab etsinlәr, ya da xәyal, hәr halda gәrәk onun yalan-doğruluğuna baxmasınlar. Bu dәlillәri gәtirmәkdәn mәqsәdimiz tәdqiqat deyil, müәyyәn bir mәtlәbi ifadә etmәkdir.

Fikir vermә söz deyәnin özünә,

Diqqәt yetir yalnız onun sözünә.

* * * * *

Yuxu qәsdilә bu әfsanәni mәn yarә dedim,

Mәn bu әfsanәdә öz dәrdimi dildarә dedim.

Keçәk Yusif әminin mәtlәbinә.

YUSİF ӘMİNİN YUXUSU

Gecәdәn üç saat keçirdi. Sәccadәnin başında mәni yuxu tutdu. Yuxuda gördüm ikindi çağıdır. Gündәki adәtim üzrә qәbristanlığa ziyarәtә gedirәm. Şәhәrdәn çıxdım. Uzaqdan bir nәfәrin qәbristanlıq tәrәfdәn gәldiyini gördüm. Yaxınlaşdıqda onu tanıdım. Kor şeyx Qәdir idi. Elә yuxu alәmindә düşündüm ki, şeyx Qәdir iki il bundan әvvәl vәfat elәyibdir, bu o ola bilmәz. O, iki il bundan qabaq atlara qoşulan tramvaydan düşüb yıxıldı, elә oradaca vәfat elәdi. Çox vaxt olur ki, tramvayda adam ayaq üstә durur, ya da tәlәsib, gedә-gedә özünü bayıra tullayır. Bu kimi vaxtlarda tәhlükә ehtimalı olur. Bu yazıq da tramvay dayanmamış düşmәk istәrkәn yerә yıxılıb, daha ayağa dura bilmәmişdi.

Hәmin şәxs bir qәdәr irәlilәdi, gördüm şeyx Qәdirin özüdür. Haman әbası vә әmmamәsi, bir әlindә әsası, o biri әlindә tәsbihi var idi. Mәnә yaxınlaşan kimi salam verdim, әleykәssәlam cavabını eşitdim. Mәndәn soruşdu:

“Yusif ağa, hara gedirsәn?”

Dedi:

“Әhli-qüburun ziyarәtinә.”

Dedi:

“Qayıt, nә qәbir qalıb, nә dә әhli-qübur.”

Mәn elә xәyal etdim ki, zarafat elәyir. Çünki onun köhnә adәti idi, çox zarafat elәrdi. Lakin heç vaxt yalan danışmazdı. Dedim:

“Qalsa da, qalmasa da mәn gedәcәyәm.”

Dedi:

“Deyәsәn, mәnim sözümә inanmadın. Mәn deyirәm qәbir yoxdur, sәn getmә.”

Dedim:

“Şeyxәna, mәn adәt elәmişәm, hәr gün bu vaxt qәbir üstә gedirәm. Dünәn dә orada idim. Necә yәni deyirsәn yoxdur?”

Dedi:

“Bu gün dünәndәn başqadır. Gecә Nil çayı daşmış, bütün qәbristanlığı, onun әtrafını basıb köl elәmişdir.”

Dedim:

“Ay şeyx, deyәsәn, sәn ağlını itiribsәn, istәyirsәn bu korluğunla mәnim kimi gözü görәn adamı aldadasan?”

Gördüm şeyx özündәn çıxdı, qәzәblә dedi:

“Yusif, Yusif, әlini ver mәnә!”

Әlimi ona verdim; bәrk-bәrk tutub dedi:

“Yusif, "adamın ağlı çaşanda hәdyan deyәr", -- demişlәr. Ey qafil, mәgәr oxumamısan ki, "korla gözlü bir ola bilәrmi, bunu düşünmәmisinizmi?" Әvvәl düşün, sonra danış! Mәnim gözlәrim görmür, lakin kor deyilәm. Kor özünsәn ki, korluğundan vә cәhalәtindәn, mәnә gülüb ürәyimi incitdin. İndi mәnimlә gәl, sәnә hansımızın kor olduğunu göstәrim.”

Mәni qәbristanlığa tәrәf çәkdi. Әlimi bәrk-bәrk tutub sıxırdı: Az qalırdı әlim çatlasın, dedim:

“Ay şeyx, әlimi burax, әziyyәt vermә, mәn özüm gәlәrәm.”

Dedi:

“Olmaz, gәrәk sәnin korluğunu sübuta yetirәm, әlimdәn qurtara bilmәzsәn.”

İstәr-istәmәz gedib qәbristanlıq olan yerә çatdıq. Doğrudan da oranı su tutub ümmana çevirmişdi. Gördüm şeyx yenә dә irәli gedir. Mәn dayandım. Şeyx dedi:

“Nә üçün gәlmirsәn?”

Dedim:

“Necә gәlim, bir addım da götürsәm suya girәcәyәm. Sahildә dayanmışıq.”

Şeyx dedi:

“Bәs deyirdin mәn dünәn gәlmişәm, gördün kor özünsәn!”

Mәn heyrәtlә baxıb düşündüm. Deyirdim, görәsәn İbrahim bәyin, Mәhbubәnin qәbri necә oldu? Bu fikirlә bir qәdәr onların qәbri olan tәrәfә baxdım. Gördüm iki sәrv ağacının başı sudan çıxıbdır. Köyrәldim, asta-asta ağlamağa başladım. Şeyx ağlamağımı duyub dedi:

“Ağlama, gәl, daha bundan sonra heç kәsin ürәyinә toxunma.”

Dedim:

“Düzdür, ya şeyx, mәni bağışla, әlimi burax.”

Dedi:

“Olmaz, mәnimlә gәlmәlisәn.”

Dedim:

“Ya şeyx, bәsdir, daha mәni haraya aparırsan?”

Dedi:

“Cәhәnnәmә!”

Mәnә elә gәldi ki, hirsindәn vә qәzәbindәn belә deyir. Dedim:

“Şeyxәna, hansı cәhәnnәmә?”

Dedi:

“İranlıların cәhәnnәminә!”

Düşünürdüm ki, bu kişinin әlindәn yaxamı necә qurtarım, nә vasitә ilә xilas olum. Әlacsızlıq üzündәn әlim әlindә ardınca gedirdim. Daha danışmırdıq. Gәlib böyük ehrama çatdıq. Heç elә bil şeyx kor deyildi. Yol gedәrkәn әsasını yerә sürtmürdü. Ehramın içinә girdik. Mәn ixtiyarsız dedim:

“Şeyxәna, bura ehramdır?”

Cavabımda dedi:

“Bәli, mәn sәni buraya gәtirmәk istәyirdim. Mәn gözdәn mәhrum olduğum halda bilirәm, amma sәn o şәhla gözlәrinlә hәqiqi korsan.”

Mәni ehramın daxilinә çәkdi. Ehramı görәn bilәr ki, bu bina fironların asarındandır. Misirә gәlәn bu qәdәr sәyyahlar mümkün qәdәr ehramın içәrisinә girirlәr. Ancaq onun sonunu heç kәs görmәyibdir. Avam camaat arasında belә bir şayiә vardır ki, ora tilsimdir, heç kәs gedә bilmәz. Lakin әslindә belә deyil. Ehramı elә tikmişlәr ki, içinә girdikcә hava azalır vә nәhayәt tamamilә tükәnir. Belәliklә nәfәs çәtinlәşir. Ona görә dә çox irәli getmәk çәtin vә hәtta qeyri-mümkündür. Müәyyәn bir fasilәyәdәk çıraqla gedirlәr, ondan sonra hava olmadığına görә çıraq da sönür.

Nә isә, içәri girdik, bir para dәhşәtli sәslәr eşidilirdi. Yenә dә bir qәdәr irәlilәdik. Rütubәt, palçıq, lehmә göründü. Dedim:

“Ya şeyx, dediyimә peşiman oldum, tövbә elәdim, üzr istәyirәm, mәni bağışla! Mәn bilirәm, daha bizim bundan irәliyә getmәyimiz mahaldır. Bu ehramın sonu tәhlükәli, xәtәrli bir mağaradır.”

Şeyx dedi:

“Ehramı keçdik. Mәn sәnә dedim ki, sәni cәhәnnәmә aparıram, gәl!”

Dedim:

“Әlimi burax, ağrıyır.”

Dedi:

“Mәn sәnin әlini buraxmağın vaxtını bilirәm.”

İlahi, nә elәyim. Söyüd yarpağı kimi әsirdim. Bu nә bәladır ki, mәnim başıma gәldi. Mәn haradan bu korun kirinә düşdüm?!

Qorxa-qorxa gedib bir yerә çatdıq. Şeyx dedi:

“Daha qaça bilmәzsәn, indi әlini buraxıram.”

Aşağıya doğru gedәn bir pillәkana çatdıq. Şeyx dedi:

“Mәnim әsamın başından tut, yavaş-yavaş arxamca gәl.”

Asta-asta aşağı düşmәyә başladıq. Bir, iki, üç, dörd, beş -- nә qәdәr getdik, qurtarmadı. Mindәn çox pillә endik, gördüm qurtarmaq bilmir. Yalvararaq dedim:

“Ya şeyx, daha yoruldum, qıçlarımın damarları qırıldı, taqәtim kәsildi. Bu bәladan nә vaxt xilas olacağam? Biz yerin yeddinci qatından da keçdik, bәs sonuncu mәnzilimiz haradadır?”

Dedi:

“Cәhәnnәmdir, indicә çatarıq.”

Birdәn burnuma üfunәt iyi dәydi. Sanki odda leş vә ya sümüklә tük yandırırlar. Üfunәtdәn, iyrәnc qoxudan az qalırdı beynim partlasın. Yenә dә bir neçә pillә aşağı düşdük. Qoxunun şiddәtindәn beynimdәn tüstü qalxdı. Gözlәrim yaşardı, daha artıq işgәncәyә düçar oldum. Bir tәrәfdәn qorxu, vahimә, üfunәt iyi, qәliz tüstü, digәr tәrәfdәn dә işimin aqibәti mәni düşündürdü. Hönkür-hönkür ağlamağa başladım. Şeyx dedi:

“Ağlamağını kәs, yoxsa sәni burada qoyub gedәrәm.”

Qorxumdan nәfәsimi köksümdә boğub ağlamağımı uddum. Sonra soruşdum:

“Nә qәdәr gedәcәyәm?”

“Bir neçә pillә qalıbdır,” -- dedi. -- “Pillәlәrin qurtarmasına o qәdәr qalmayıbdır.”

Doğrudan da, az sonra pillәlәr sona çatdı. Odun işığı göründü, geniş, zil qaranlıq bir vadi qarşımıza çıxdı. Ahü nalә, zarıltı, әl-aman vә ax-vay sәslәri gah ucadan, gah da astadan eşidilmәyә başladı. Soruşdum:

“Ya şeyx, bura haradır?”

Dedi:

”Cәhәnnәmdir, ancaq iranlıların cәhәnnәmidir.”

İndi tәsәvvür etmәk olar ki, mәn cәhәnnәm adını eşitcәk nә hala düşdüm. Bәdәnim titrәmәyә başladı, söyüd yarpağı kimi әsirdim. Bәzәn fikirlәşib öz-özümә deyirdim: "Bu şeyx sehr-caduçu imiş, biz heç bunu bilmәmişdik". Gahdan da düşünürdüm ki, inşaallah, yuxu görürәm.

Bir qәdәr dә yaxına gedib gördüm oddan kürsülәr düzәldib, hәrәsinin dә üstünә bir adam әylәşdirmişlәr. Kürsülәr bir-birindәn neçә metr aralı qoyulmuşdu.

Şeyx soruşdu:

“Nә görürsәn?”

Dedim:

“Oddan qayrılmış taxt görürәm. Hәrәsinin dә üstündә bir adam oturub.”

Dedi:

“Diqqәtlә baxdınmı?”

Dedim:

“Bәli.”

Soruşdu:

“Nә elәyirlәr?”

Dedim:

“Birinci taxtda әylәşdirilmiş adamın hәr çiynindәn oddan yaranmış bir ilan çıxıb, alovlu dili ilә onun ağzını, burun-qulağını yalayır. Bir nәfәr dә cәhәnnәm maliklәrindәn mis lövhәni dәmirçilәr kimi cәhәnnәmin kürәsindә qızardıb, zindan kimi onun başına qoymuş, әtrafında dayanmış neçә nәfәr başqa cәhәnnәm maliki әllәrindәki ağır gürzlә o atәşin lövhәni döyәclәyirlәr.”

Şeyx dedi:

“Yaxşı gördünmü?”

Dedim:

“Bәli, ancaq onun kim olduğunu bilmәdim.”

Cavab verdi:

“Bu haman adamdır ki, ilk dәfә olaraq İran әhalisinә zülmü rәva gördü. Min il padşahlıq elәdi.”

Onun oturduğu taxtın haşiyәsinә baxıb gördüm 829 rәqәmi yazılmışdır.

Bir az da getdik. Gördüm bir nәfәr firәngi qiyafәsindә odlu hasarla әhatә olunmuş böyük bir salonda o tәrәf-bu tәrәfә qaçır, çıxış yolu axtarır, lakin tapa bilmir. Dili ağzından çıxıb döşünә sallanmışdı. Hey qışqırıb kömәk istәyirdi. Ancaq sәsinә sәs verәn yox idi.

Şeyx soruşdu:

“Nә görürsәn?”

Gördüyümü ona söylәdim, dedi:

“Düzgün görübsәn. Bu haman hökmdardır ki, İrana od vurdu, özündәn çirkin ad yadigar qoyub getdi.”

Hasarının darvazasına baxdım. Gördüm 335 rәqәmi yazılıb.

Bir az da getdik. Gördüm bir nәfәr әrәb geyimindә odlu kürsünün üstündә әylәşibdir. Cәhәnnәm maliklәri sağ-solunu kәsdirib dilinә odlu şiş basırlar. Biri şişi götürmәmiş, o biri basır. Şeyx soruşdu:

“Nә görürsәn?”

Gördüyümü söylәdim. Şeyx dedi:

“Bu haman adamdır ki, İranda saysız-hesabsız zülmlәr elәdi, insanların nalayiq sözlәr söylәnmәsinә bais oldu, minlәrlә adamın qırılmasına sәbәb oldu.”

Bu әsnada onun rәqәminә nәzәr saldım. Gördüm 316 yazılıbdır.

Yenә dә bir qәdәr irәli getdik. Gördüm tatar paltarında birini oturdub, dәyirman daşından iri bir qızarmış dәmiri tac kimi başına keçirmişlәr. Gözlәri hәdәqәdәn çıxmışdı. Dili uzanıb döşünә sallanmışdı. Әzab maliklәri qızarmış millәri onun bu qulağından soxub o biri qulağından çıxarırdılar, sonra başqa mil soxurdular. Şeyx buyurdu:

“Nә görürsәn?”

Gördüklәrimi söylәdim. Dedi:

“Doğru görübsәn. Bu haman adamdır ki, İran tacdarını öldürüb, şahәnşahlıq tacını qәsb elәdi. Hәmin adamlar haqqında deyiblәr: "Hәr kәs qәsdәn bir adamı öldürsә, onun yeri daimi olaraq cәhәnnәmdәdir".”

Adını soruşdum. Dedi:

“Rәqәmini döşünün üstünә yazmışlar. Qayıdan baş onun kim olduğunu kaşifi-әsrar sәnә bildirәcәkdir.”

Diqqәtlә baxıb gördüm döşünün üstündә 98 rәqәmi yazılmışdır. Şeyx buyurdu:

“İndi gәl buraya.”

Başqa bir yerә getdik. Gördüm bir dәstә adam sıra ilә odlu döşәmә üzәrindә әylәşmişdir. Hәr birinin sağında vә solunda iki nәfәr әzab maliki dayanmışdı. Hәrәsinin әlindә oddan bir möhür var idi. Bu möhürü onların alnına, sifәtinә, döşünә, kürәyinә, sağına, soluna basıb deyirdilәr: "Yığdığınız xәzinәlәrdir, meyl edin". Onların dili saqqallarına qәdәr aşağı sallanmışdı. Odu iki әlli qamarlayıb yeyirdilәr. Şeyx dedi:

“Nә görürsәn?”

Gördüklәrimi dedim. Dedi:

“Bunlar mallarının vergisini vermәyәn, yetim malı yeyәnlәrdir. Onların haqqında deyilib: "Yetimlәrin malını yeyәnlәr böyük zülmә mürtәkib olurlar, onlar hәqiqәtdә od yeyirlәr, tezliklә cәhәnnәmә vasil olacaqlar". Bunların sayı çox idi, hәm dә rәqәmlәri qarışıq idi, ona görә dә dürüst ayırd elәyә bilmәdim.”

Ancaq şeyx sonra dedi:

“Gәl bax.”

İrәli gedib baxdım, gördüm hәr tәrәfdәn od püskürәn bir çöldә çoxlu camaat rüku vә sәcdә edirlәr, dillәri ağızlarından sağa-sola çıxmış, çәnәlәri әyilmiş, boğazlarından qan püskürürdü. Şeyx dedi:

“Nә gördün?”

Gördüklәrimi söylәdim. Buyurdu:

“Düzgün görübsәn, bunlar haramxorlardır.”

Onların da sayı çox idi. Şeyx bir qәdәr dә mәni aparıb dedi:

“Gözünü açıb bunlara da bax!”

Gördüm qәribә bir büsatdır. Bu, әsasәn, gülmәli bir oyuna bәnzәyirdi. Arxasında atlı bir adamın gizlәnә bilәcәyi iri bir şar gördüm. Bizim evdә olan süni topa oxşayırdı, qarpız şәklindә idi. Nә başı var idi, nә dә ayağı. Lakin qızarmış oddan әlli-altmış min әl-qolu var idi; dırnaqları şahin caynağı kimi iti idi. Әllәri vә caynaqları ilә bәzisini qıçından, bir parasını saqqalından, kimini isә әtәyindәn, yaxasından bәrk-bәrk tutub fırlanır, onları da özü ilә fırladırdı. Gah onların üzlәrini odlu yerә sürtür, gah da başlarını. Sağa-sola hәrlәnir vә ona ilişәnlәri dә bir ucdan hәrlәdirdi. Heç bir teatr sәhnәsindә belә bir tamaşa göstәrilmәmişdir. Atәşin kürәyә ilişәnlәr hey fәryad qoparıb deyirdilәr: "Aman sәnin әlindәn, fәryad sәnin mәkrlәrindәn, ey vәfasız qәddar dünya, bәsdir, daha burax bizi, bәsdir, bizi xilas elә, sәnin dostluğuna, vәfana lәnәt! Axırda bizi әzәb-әziyyәtә, cövrü cәfaya mübtәla elәdin!"

Bunların nalәsinin heç bir tәsiri yox idi. O kürә bir ucdan hәrlәnir, әsla aram tutmurdu; onların cavabında deyirdi: "Siz mәnim dostlarım idiniz, ona görә mәn öz mәhәbbәtimi sizdәn götürә bilmәrәm, sizi buraxıb özümdәn uzaqlaşdıra bilmәrәm".

Kürәyә ilişәnlәr tәlaş edib yaxalarını bir tәhәr qurtarmaq istәyirdilәr. Lakin elә yapışmamışdılar ki, qopa bilsinlәr. Burada mәnim yadıma düşdü ki, camaat danışanda deyәrdi: "Filankәs dünyanı yüz әlli tutubdur". İndi onun tәrsini görürdüm. Burada dünya öz dostlarını min әlli tutmuşdu. Gördüm şeyx dә onlara baxıb gülümsünür. Mәndәn soruşdu:

“Nә görürsәn?”

Gördüklәrimi söylәdim. Buyurdu:

“Doğrudur, onlar alçaq dünyanın naz vә qәmzәsinә aldanıb, vәtәnin vә vәtәndaşların haqqını zay elәyәnlәr, öz iki günlük asayişi üçün mәmlәkәti xaraba qoyub, öz evlәrini abadlaşdıranlar, park vә mebel mәşqinә düşәnlәrdir. Onlar haqq yolundan üz döndәrәnlәrdir. "Yolunu azanların әn böyüyü dünyanı tutub, axirәti unudanlardır" -- demişlәr. "Yerlәri cәhәnnәmdәdir, ordan heç vaxt qurtuluş yolu tapa bilmәyәcәklәr".”

Şeyx buyurdu:

“Heç bunlardan birini tanıyırsanmı?”

Әrz elәdim:

“Xeyr.”

Dedi:

“O uzun saqqallı ilә bu gödәk cübbәliyә fikir ver.”

Onların döşündә odla sözlәr yazılmışdı. Birinin döşündә bu şeri oxudum:

Gәl, hәbibim, mәnә rәhm eylә, gәl indi barışaq,

Keçmişin söhbәtini gәl nә deyәk, nә danışaq.

Sonra şeyx dedi:

“Gәl gedәk.”

Keçib getdik. Şeyx dayanıb dedi:

“Bax gör nә görürsәn?”

Gördüm qәssab dükanlarında olduğu kimi adamları şaqqalayıb odlu qәnarәyә vurublar. Әzab mәlәklәri cәhәnnәm odunda qızardılmış baltaları әllәrindә tutub, bir-bir zәrbә endirdikcә onların әzasından birini parçalayıb yerә tullayırdılar. O birisi isә kәsilmiş üzvü götürüb qaynar qәtranla yenә öz yerinә yapışdırırdı. Sonra tәzәdәn balta ilә onu kәsib atır, başqası yenә dә yerinә yapışdırırdı. Şeyx soruşdu:

“Nә gördün?”

Gördüklәrimi dedim. Buyurdu:

“Doğru görmüsәn. Bunlar dünyәvi mәqam vә rәyasәt üçün bu günü unudub, avam xalqı aldadaraq özlәrindәn tәzә mәzhәb vә din icad etmişlәr. Bir neçә mәnasız, sözü bir-birinin quyruğuna düyünlәyib lövhә düzәltmişlәr. İnsanlar arasında nifaq salmışlar. Öz vәtәnlәrinә vә hәmvәtәnlәrinә zülm etmişlәr. Bunların zülmü tәsәvvürә sığışmaz. Onların başçısı min hiylә ilә xalqın pulunu yığıb öz vәrәsәsinә qoyub getdi. Vәrәsәsi isә yoxsulların ciyәr qanı bahasına toplanmış bu vәtәn sәrvәtini xarici ölkәlәrin abadlaşmasına vә biganәlәrin eyş-işrәtinә sәrf edir. Halbuki özünün әbәdi uyduğu vәtәndә vәtәn qardaşları tam zillәt vә pәrişan halda yaşayırlar. Tezliklә vәtәn övladı onun vәrәsәsinin qәbrini qazıb, cәnazәsini çiyinlәrindә daşıyacaqdır. Bu әmәlin müqabilindә özünü әbәdi әzaba vә daimi lәnәtә düçar edibdir.

Onun sifәtinә diqqәtlә baxdım. Sonra şeyx dedi:

“İndi dә buraya bax!”

Baxıb gördüm başdan ayağa atәşdәn qayrılmış bir böyük salondur. Dörd tәrәfdәn od-alov hasarları möhkәm bir qala kimi onu әhatә etmişdi. Bәzilәri ayaqyalın idi, bir parası qızarmış dәmirdәn ayaqqabı geymişdi. Paltarlarının әtәklәrini yuxarı qaldırıb, qıçları çılpaq o tәrәf-bu tәrәfә qaçırdılar. Sanki çıxış yolu axtarırdılar. Lakin heç bir nicat yolu tanmırdılar. Dillәri uzanıb döşlәrinә düşmüşdü. Yayın istisindә lәhlәyәn it kimi bir dәqiqә belә rahatlıqları yox idi. Elә bir әzaba düçar olmuşdular ki, sözlә ifadә etmәk mümkün deyildi. Şeyx soruşdu:

“Nә görürsәn?”

Gördüklәrimi söylәdim. Buyurdu:

“Düzgün görmüsәn. Bunlar tәnbәllik, arsızlıq vә qeyrәtsizlik üzündәn halal iş dalınca getmәyib, darğa şagirdi, fәrraş vә cәllad olmuşlar. Әlsiz-ayaqsızlara zülm edib, onları incitmişlәr. Bunlar gәrәk anlaya idilәr ki, şәhvәtin әvvәli kefdir, axırı әzab. Bunların haqqında deyilmişdir: "Hәdlәri aşanlar әbәdi olaraq oda düçar olacaqlar. Bu isә böyük әzabdır".”

Mәn ixtiyarsız olaraq әrz elәdim:

“Ya şeyx, soruş görüm, mәni döyәn Qәzvin fәrraşbaşısı, minlәrlә aciz vә qәrib adamlara әza-cәza verәn Şiraz fәrraşbaşısı Hacı Ağacan vә İsfahan darğası Mәhәmmәd Sadıqqulu da onların arasındadırmı?”

Şeyx dedi:

“Burada sual-cavab elәmәyә haqqımız yoxdur. Bax rәqәmlәrinә, onda sәnә hәr şey mәlum olar.”

Sonra şeyx buyurdu:

“İrәli gәl.”

İrәli gedib, zәnanә hamamına oxşar izdihamlı bir yer gördüm. Qadınlar hirslәnib bir-birinә qarışmışdılar. Hәr ağızdan bir avaz gәlirdi, hamısı danışırdı, heç nә başa düşmәk mümkün deyildi. Gah qışqırıb deyirdilәr: "Ay mәlun, mәnim haqqımı ver. Yaxandan әl çәkәn deyilәm, haqqımı alacağam". Arası kәsilmәdәn bu kimi sözlәr eşidilirdi. Lakin mәlum deyildi ki, kim deyir, kim eşidir; yaxud söhbәt nәyin üstündәdir. Şeyx soruşdu:

“Nә görürsәn?”

Dedim:

“Deyәsәn, qadınların deyişmәsidir. Amma mәlum deyil ki, kim nә istәyir, cәncәl nә üstәdir? Yalnız qarğış vә lәnәt eşidirәm. Nә üçün, kim üçün? -- bilmirәm. Bәlli deyil danışan kimdir, eşidәn kim; alan kimdir, verәn kim.”

Dedi:

“Bu qәdәr bilirәm ki, onlar çoxarvadlı kişilәrin arvadlarıdır. Әrlәri onlarla әdalәtli rәftar etmәmişlәr. İndi onlar öz әrlәrindәn şikayәt elәyirlәr. Әzab amillәri isә onların әrini hәbs elәyib, bir-bir göstәrir. Әgәr әrlәrinin yaxası әllәrinә keçsә arvadlar qiyamәti gözlәrinin qabağına gәtirәrlәr.”

Dedim:

“Ya şeyx, bәs bunların aqibәti necә olacaq?”

Dedi:

“Hәr kәs zülmünә vә çövrünә görә cәzalanacaq. Ondan sonra bәzisi xilas vә bir parası әbәdi әzaba düçar olacaqlar.”

Mәn sızıldayıb icz ilә dedim:

“Ya şeyx, bu ürәk ağrıdan hadisәlәri görmәyә daha taqәtim qalmamışdır. Әlim әtәyindә, amanın günüdür, sәnә yalvarıram, allah rizasına, mәni xilas elә. Mәn bilirәm ki, xilas olmağım sәnin meylindәn vә hümmәtindәn asılıdır.”

Şeyx dedi:

“Qәbul elәyirәm, bu şәrtlә ki, tövbә elәyәsәn, bir daha bir adamın ürәyinә dәymәyәsәn, qәzavü qәdәr nәticәsindә bir kor olduqda onun eyibini üzünә vurmayasan, örtülü saxlayasan.”

Әdәblә diz çöküb, әtәyini tutdum, ağlayıb yalvardım, sonra dedim:

“Әfv elә, әfv elә, rәhm elә, rәhm elә, ya şeyx! Tövbә, tövbә!”

Gördüm bu qәdәr әziyyәtdәn sonra şeyx yenә dә öz dediyinin üstündә durub, hirsi soyumayıb. Bir daha acizanә şәkildә dedim:

“Şeyxәna, mәn bu pillәlәri çıxmağa qadir deyilәm, düşmәk asan olduğu halda mәnim taqәtimi kәsdi, qәrarımı әlimdәn aldı, yuxarı çıxarkәn mәn nә edәcәyәm?”

Buyurdu:

“Öz nalayiq danışığından peşiman olub, insanların könlünә toxunmağı tövbә elәdiyinә görә bu pillәlәri çıxmaqdan azad oldun.”

Dedim:

“Bәs bu uzun mәsafәni necә keçib yuxarı qalxacağam?”

Buyurdu:

“Tәmiz ürәk, saf niyyәtlә gözlәrini yum, mәnim әsamın başından tut, ancaq mәnim iznim olmadan gözlәrini açma, üç dәfә salavat çevir.”

Onun dediyi kimi etdim. Bir qәdәr keçdikdәn sonra dedi:

“Әsamı burax, gözlәrini aç!”

Gözlәrimi açarkәn özümü geniş, işıqlı bir sәhrada gördüm, rahatlıqla nәfәs çәkdim, azca dincәldim. Ancaq daha mәndә bu şeyxin mahir bir cadugәr vә sehirçi olması haqda heç bir şübhә yeri qalmadı. Fәqәt biz bunu әsla bilmirdik. Qanım әvvәlkindәn daha artıq coşmağa başladı. Çünki şeyx dedi:

“Mәn bu kor gözlәrimlә sәni zülmәt dünyasında gәzdirib işıqlı alәmә çıxartdım. İndi bu şәhla gözlәrinlә mәnim bәlәdçiliyim daha lazım deyil, özün gedib mәqsәdә çata bilәrsәn.”

Dedim:

“Ya şeyx, aman günüdür, qurbanın olum, mәn buradan gedib bir yana çata bilmәrәm; avara-sәrgәrdan qalmışam, hansı tәrәfә getmәli olduğumu bilmirәm.”

Şeyx әsası ilә bir tәrәfә işarә elәyib dedi:

“Bu tәrәfә get!”

Onun göstәrdiyi sәmtә baxıb demәk istәdim ki, tәk gedә bilmәrәm. Ancaq dönüb ona sarı baxdıqda şeyxi görmәdim. Gözümdәn itmişdi. İki әlli başıma vurub dedim: "Vay mәnim halıma! İşim yaxşı olmaqdan daha da pis oldu". Әlacsızlıq üzündәn oturub vahimәdәn әsә-әsә ağladım, öz-özümә dedim: "Başıma nә çarә qılım. İnsan izi olmayan bu biyabanda tәk-tәnha nә elәyim, hansı tәrәfә gedim?!"

Ancaq sәhra tamamilә işıq idi. Hәrçәnd ki, nә günәşdәn, nә aydan, ulduzlardan, nә dә başqa bir işıq saçan mәnbәdәn iz-әsәr yox idi. Hәm dә göz işlәdikcә bu sәhranın dörd tәrәfi açıqlıq vә boş idi. Nә üfüq görünürdü, nә dә şәrq, qәrb, cәnub, şimal sәmtlәri anlaşılırdı. Mәn öz yazıq vәziyyәtimә görә ah vә nalә elәyir, göz yaşları axıdırdım, qәm-qüssә dәryasına qәrq olub, heç baş aça bilmirdim ki, indi gündüzdür, ya gecә. Nә bir qәmxarım var idi, nә dә bir ürәyi yananım. Dedim: "Lәnәtә gәlәsәn, ay cadugәr şeyx! Gör bircә doğru söz üstә mәni nә kimi müsibәtlәrә düçar elәdin, gör başıma nә oyunlar açdın!" Bir tәrәfdәn dә özümü danlayıb deyirdim: "Böyüklәr buyurmuşlar -- küfr ilә iman arasında bircә kәlmә, behişt ilә cәhәnnәm arasında bircә addım fasilә var".

Nә qәdәr başları vermiş bada dil,

Başının düşmәnidir dil, bunu bil.

Dildәn qopub, ağızdan çıxan bir kobud sözün cәrimәsini cәvahirlә dolu xәzinә ilә ödәmәk mümkün deyil. Söz yarasını min cәrrah belә sağalda bilmәz.

Dil yarası, hamı bilir, sağalmaz,

Qılınc yarasının heç yeri qalmaz.

Müdrik adamlar buyurmuşlar: "Ağızdan çıxan sözü geri qaytarmaq olmaz. Ağızdan çıxan söz kamandan çıxan ox kimidir, onların heç birisini tәzәdәn öz yerinә qaytarmaq mümkün deyil. Söz deyilmәyincә onun ixtiyarı sәndәdir, onu gizlәdә bilәrsәn, deyilәndәn sonra onu ört-basdır elәmәk olmaz".

Xülasә, çox götür-qoy elәdim. Yadıma bir rәvayәt düşdü. O rәvayәtin mövcibincә, hәr bir çәtin işdә püşk atmaq tövsiyә olunurdu. Mәn dә dörd tәrәfdәn birinә doğru getmәk üçün püşk atmaq qәrarına gәldim. Dörd şeyә dörd tәrәfin adını qoyub atmaq vә onların içindә qiblә tәrәfindәn getmәk әzmindә oldum.

Cibimdә iki sikkә, bir möhür, bir dә karandaş var idi. Onları çıxarıb atdım. Haman niyyәtlә cәnuba doğru yola düşdüm. Әvvәldәn dә ürәyim bu tәrәfә getmәyә fitva verirdi. Yola düşәn kimi әtirli, mülayim bir külәk әsmәyә başladı. Onun ruhu oxşayan, әtir saçan qoxusu mәnә lәzzәt verdi. Allaha tәvәkkül elәyib dedim: "Dost yolunda boran olar, qar olar".

Yola düşüb әzmlә addımlamağa başladım. İrәlilәdikcә әtrin qoxusu artırdı. Müşk-әnbәr iyi mәnә tәzә ruh bağışlayırdı. Hәr addımda şövqüm artırdı. Könlüm açıldı, müşk-әnbәr iyi dimağımı oxşadı! Sanki mәni gözә görünmәz bir qüvvә özünә tәrәf çәkirdi. Hava nәhayәt dәrәcәdә saf idi, getdikcә daha da fәrәhli vә könülaçan olurdu. Nәsim öz xoş әtri ilә İsanın nәfәsi kimi ölüyә can bәxş edirdi, cansız bәdәnә ruh verirdi. Öz-özünә bu rübai dilimә gәldi:

Badi-sәba, nә fәrәhli әsirsәn,

Hansı yarın diyarından gәlirsәn?

Doğru söylә, sәn harada olubsan?

Ey toz, sәn dә gözә tanış gәlirsәn.

Bir az da getdim. Yaşıl, sәfalı bir çәmәn göründü. Hәr tәrәfi lalә, gül-çiçәklә dolu idi. Gül yarpaqlarının üzәrindәki şeh damcıları iri dürr danәlәrinә oxşayırdı. Bu könülaçan yaşıllığı görәn kimi könlümün quşu qanad çalmağa başladı. Sürәtimi bir qәdәr dә artırdım. İxtiyarsız olaraq qaçmağa başladım. Uzaqdan sәrvә oxşayan yaşıl ağaclar başını göylәrә qaldırmış, budaqlarında qumrular, kәkliklәr yuva salmışdı. Yәqin etdim ki, abadlığa yaxınlaşıb, yolun әzab-әziyyәtindәn canımı qurtarmışam. Nәhayәt, ağacların yanına gәlib çatdım. Lakin imarәtdәn, daşdan, palçıqdan heç bir әsәr görünmürdü. Ağacların budaqları baş-başa verib, geniş bir sәhranın әtrafını әhatә etmişdi. Bir az da irәli gedib, birdәn yaşıl ağaclardan düzәlmiş tağ şәklindә darvaza gördüm. Onun sağında vә solunda üzü nurani, xoş әtirli, qara saçlı iki cavan dayanmışdı. Lövhәsiz darvazanın başında bu sözlәr yazılmışdı:

"Ya hәqq, ya mәdәd!"

Әdәb-әrkanla irәli gedib salam verdim, ikisi dә "әleykәssәlam" dedilәr. Dedim:

“Ağalar, mәn bu diyarda qәribәm, özü dә pәrişanhalam, bilmirәm bura haradır, bu darvazadan içәri keçmәk olar, ya yox?”

Mәnә cavab vermәdilәr, lakin işarә ilә göstәrdilәr ki, salam verib daxil olmaq olar. Bәlli oldu ki, onlar danışmırlar, qaravulların heç yerdә danışmaq haqqı yoxdur. Bir addım da irәli keçib "Ya hәqq, ya mәdәd!" dedim vә içәri girdim.

Xoşavazlı tutilәr, gözәl sәsli bülbüllәr yavaş-yavaş oxuyurdular. Müşk-әnbәr qoxusu adamın ruhunu tәzәlәyir, hәdsiz sevinc bәxş edirdi. Gül-çiçәk getdikcә artırdı. Qәlbimdә hәr an yeni qüvvәt doğur, gücüm anbaan çoxalırdı. Fәrәhlә atdığım hәr bir addımda sevincim artır, onun müqabilindә dünyanın vә axirәtin lәzzәtini unudurdum. Hәqiqi sevgi cazibәsi mәni elә sürәtlә özünә tәrәf çәkirdi ki, әl-ayağımı büsbütün itirmişdim. Özümü әsla saxlaya bilmirdim. Şadlıq vә sevincimin şiddәtindәn uşaqlar kimi atılıb düşür, әl çalıb oynayırdım. Göz işlәdikcә yaşıl ağaclar idi. Onların dibindәn duru, saf su axırdı. Bәzәn istәyirdim bu sәrin, şәffaf suyun kәnarında oturub әl-üzümü yuyam, bir qәdәr sәrinlәyәm, cәhәnnәmin tüstü vә kәsafәtini üz gözümdәn tәmizlәyәm, lakin mövhüm mәhbubun vüsal şövqü mane olurdu. Mәn qaça-qaça suyun kәnarı ilә gedir vә öz-özümә deyirdim: "Bu sәfәrdә, şübhәsiz ki, bәxt mәnә yar olmuşdur, iqbal vә uca tale mәni buraya çәkib gәtirmişdir".

Min könül qanı ilә bәxt yetirmiş yarә,

Ey gözüm, gözlә, yatarsan, daha olmaz çarә.

Getdim. Birinci darvaza kimi zәfәr tağını andıran ağaclarla bәzәnmiş bir yerә gәlib çatdım. Sağında vә solunda yenә dә iki qaravul dayanmışdı. Bunların birinci qaravullarla fәrqi yalnız paltarlarının rәngindә idi. Bunlar al-qırmızı paltar geymişdilәr. Ağacların da qol-budağı, yarpaqları tamamilә qırmızı idi, lәl kimi al rәngdә idi. Әvvәlki kimi irәli gedib salam verdim. Salamımı aldılar. Daxil olmaq icazәsi aldım. İşarә ilә izin verdilәr. Tağın başında lövhә vurulmadan qırmızı xәtlә "Ya hәqq, ya mәdәd!" yazılmışdı. Mәn dә "Ya hәqq, ya mәdәd!" deyib içәri girdim. Burada hәr şey -- çәmәn dә, ağaclar da, süsәn dә, sәnubәr dә al rәngdә idi. Mәnә elә gәldi ki, Mars kürәsinә gәlib çatmışam. Çünki, eşitdiyimә görә, Mars kürәsindә bütün ağaclar, göyәrtilәr, hәtta quşların qanadları qırmızıdır. Arxlarda saf, şәffaf sular axırdı, ancaq onların da rәngi yaqut kimi qırmızı idi. Mәn özümü anlamadan, hәr şeydәn xәbәrsiz, mövhüm dosta çatmaq üçün ixtiyarsız gedirdim. Sanki mәchul bir qüvvә mәni özünә tәrәf çәkirdi.

Boynuma bir ip salıbdır sevgili,

Lütfdür, nazu mәhәbbәt hәr teli.

Gah cәhәnnәm, gah behiştә o çәkir,

Sövq edir hәr yanә kim, o istәyir.

Yenә dә tәlәsib sürәtimi artırdım. Kimsәni görmürdüm ki, kefini soruşam, görsәydim dә danışmaq macalım yox idi.

Gәlib başqa bir tağın yanına çatdım. Yenә dә әvvәlki qaravullar kimi, üzü nurani iki cavan tağın sağında vә solunda dayanmışdılar. Әllәrindә nur saçan qızıl çomaq tutmuşdular. Tağın başında "Ya hәqq, ya mәdәd!" yazılmışdı. Onun da üstündә havada bir-birinin yanında bu hәrflәr bir sırada dayanmışdı: VӘTӘN!

Qaravullara yaxınlaşıb salam verdim. Cavabını eşitdim. İçәri girmәk üçün izn aldım. Әvvәlkilәr kimi işarә ilә izn verdilәr. Yenә dә bunlarla әvvәlkilәrin arasında yalnız paltarlarında fәrq var idi. Bunların geyimi camaat arasında o qәdәr dә işlәnilmәyәn göy rәngdә idi. "Ya hәqq, ya mәdәd, ya Vәtәn!" deyib içәri girdim. Bircә addım irәli atan kimi qәribә bir mәnzәrәnin şahidi oldum.

Bәh-bәh, әcәb sәfalı mәva, nә gözәl abu hәva! Hәr tәrәfdәn sular şaqqıldayıb axır, xoş avazlı quşlar ağacların budaqlarına qonub cәh-cәh vururdu. Arxlardakı qumlar da dürr vә mәrcan kimi idi. Meyvә ağacları bir-birinin yanında sәf çәkib dayanmışdılar. Arxların әtrafı gül-çiçәk, lalә-sünbüllә örtülmüşdü. Sәrv ilә şümşad başını göylәrә qaldırmışdı. Bu bağdakı ağacların yanından sular axıb keçirdi.

Bir az da irәli gedib bir dәstә adamı bir yerә toplaşıb oturan gördüm. Bir qism dә, -- bilmirәm huri idilәr, ya qılman, ya da insan cildinә girmiş göylәr mәlәki idilәr, -- dәstә-dәstә dolanıb söhbәt elәyir, deyib gülürdülәr. Bura çәmәnlik idi, yaxud hәqiqi cәnnәt. Hamı şәn vә fәrәhli idi, hamı çalıb oynayırdı. Onlar başqa bir alәmdә, bizim gördüyümüz alәmdәn tamamilә fәrqli bir alәmdә idilәr. Düşmәnin gözündәn iraq, mәn yazıq mat vә mәәttәl heyran olmuşdum. "Fәtәbarәkallahu әhsәnül-xaliqin" dedim. Şeyx Sәdinin bir şeri yadıma düşdü. Yavaş-yavaş zümzümә elәmәyә başladım:

Lәtafәtli gözәl bir abu hәva.

Mübarәk bir mәnzil, ülvi bir mәva;

Arxların kәnarı gül ilә reyhan.

Jalәdә yuyunmuş çiçәklәr әlvan.

Cәrgәylә düzülmüş ağaclar uca,

Gözәl dilbәrlәrtәk qәdlәri rәna.

Hәr bir budağında xoş sәsli quşlar

Yüz mahnı bәstәlәr, min cәh-cәh vurar.

Sәrvi sanki gәlmiş cәnnәt bağından,

Tuba ağacından verәrdi nişan.

Heyrәtimin şiddәtindәn mәndә yerimdәn tәrpәnmәk taqәti qalmadı. İstәr-istәmәz oturdum .... Yerimdәn durdum, irәli gedib gördüklәrimi daha yaxından diqqәtlә nәzәrdәn keçirdim.

Ay üzlülәr, günәş simalılar, ahu yerişlilәr, zünnar saçlılar dәstә-dәstә gәlәrәk göz yaşı kimi duru sular püskürәn qızıl fәvvarәlәrin yanında әylәşib gülümsәyirdilәr.

Üz deyil gördüyüm, cәnnәtdir yәqin,

Bir cüt kәmәnd idi sanki tellәri.

Lәltәk dodaqlar göyәrçin qanı,

Zil qara tellәri qaranquş pәri.

Dildә hanı o qüdrәt ki, o işvәli-şivәli pәri-peykәrlәri layiqincә tәriflәyә bilsin.

Mәhcәbinlәr dәstә-dәstә dayanmış,

Ayüzlülәr qatar-qatar düzülmüş,

Yüz min bülbül olmaz yüz min çәmәndә,

Hәr budaqda yüz min bülbül oturmuş.

Әcәba, görәsәn cәnnәt budurmu? Bu deyildirsә, bәs bura haradır? Bu sular, bu ağaclar behiştdәn başqa harada ola bilәr? Belә meyvәlәri heç bir göz görmәmiş, onların tәrifini heç bir qulaq eşitmәmişdir. Ürәyimdәn keçirdi ki, meyvәlәrdәn bir az dәrib yeyim, ya da cibimdә, qoynumda saxlayıb, dünyaya aparım. Ancaq qorxurdum sәslәnsinlәr ki, "bu ağaca yaxınlaşma", sonra da bu mübarәk yerdәn qovulum. Özümü saxladım. Hәva vә hәvәsin ardınca getmәdim. Lakin yenә dә nәfsi-әmmarәnin mәni aldadacağından, mәnim xәcalәt çәkib başı aşağılığıma sәbәb olacağından qorxurdum. Qorxurdum ki, bunun üstündә mәni bayıra atsınlar. Mәn bu gülzarın vә günәş üzlü hurilәrin tamaşasından mәhrum qalım, xoş avazlı quşların sәsini bir daha eşitmәyim.

Belә bir vәziyyәtdә özümü hәr bir cәhәtdәn bәxtiyar hesab edirdim, heç nәdәn şikayәtim yox idi, fәqәt bir dil bilәn tapmırdım ki, ondan soruşam görәm mәn haradayam.

Yenә dә bir qәdәr yol getdim. Çox iri, geniş vә vüsәtli bir göl gördüm. Ağ mәrmәrdәn idi, olduqca gözәl fәvvarәlәri var idi. Fәvvarәlәrin bәzisi quş, bir parası balıq, bir neçәsi şir başı vә müxtәlif qәribә heyvanlar şәklindә düzәldilmişdi. Hamısının ağzından su püskürürdü. Gölün әtrafına huri simalı, ay bәdәnli qızlar toplaşmışdılar. Onların sifәti sәmanın ortalığında olan günәş kimi işıq saçır, adamın gözlәrini qamaşdırırdı. Bunlar әvvәlki gülçöhrәlәri mәnim yadımdan çıxardılar. Bunların vücudu sanki xalis nәşәdәn yoğrulmuş idi. Bunların gözәlliyini, mәlahәtini, lәtafәtini vәsf etmәk mümkün deyil. Şәkәr kimi dodaqlarında mәlahәtli tәbәssüm oynayarkәn, sәdәfi andıran dişlәrinin parıltısından gözlәrim qamaşırdı. Bütün әzaları, saçlarından tutmuş ayaq dırnaqlarına qәdәr bir parça vәcahәt vә mәlahәt idi. Allah bu şeri söylәyәnә rәhmәt elәsin:

Şәnlikdә Zöhrәyә sanki olmuş tay,

Üz-üzә dayanmış günәş ilә ay.

Bu misilsiz nazlı dilbәrlәrin sevinc bәxş edәn gül camallarını görәndәn sonra daha mәndә taqәt qalmadı, yol gedә bilmәdim, qıçlarım sustaldı, dedim:

Üzündәn gözümü yayındırmaram,

Gözümün içinә ox atılsa da.

İxtiyarsız olaraq oradaca oturub sakit qaldım. Lakin hәr an tәәccüb vә heyrәtim artırdı. Bu gül üzlülәrin tamaşası, quşların xoş sәsi, behişt meyvәlәrinin gözәlliyi, allahın kamil qüdrәtini nümayiş etdirәn bu nemәtlәr huşumu başımdan çıxarmış, taqәtimi almışdı.

Yenә dә durub yavaş-yavaş getmәyә başladım. Uzaqdan bir nәfәrin gәzә-gәzә gәldiyini gördüm. Yaxınlaşdıqda uca boylu, mәtin, ağsaqqal, nurani bir kişi gördüm ki, başında İran papağı, әynindә ağ paltar, әlindә tәsbeh vardı. Qocanın xoş siması, rәftarı, vüqar vә tәmkini mәndә hurilәrin görüşündәn daha xoş tәsir oyatdı.

Arxası tavusun pәritәk әlvan,

Boyası artıqdı saydan-hesabdan.

Pakizә sinәsi gümüş tәkin ağ,

Gözlәri günәşdәn işıqlı çıraq.

Onun bütün adabı, rәftarı, paltarı vә görünüşü mәnim hәmyerlim tәrzindә idi. Çox tәәccüblәndim, dedim görәsәn, bu qocanın hurilәrlә nә münasibәti, onların isә bununla nә әlaqәsi var. Yәqin etdim ki, bu qoca şeytandır. Yәqin ki, o mәnim iranlı olduğumu görüb, özünü iranlı qiyafәsinә salmışdır. Bununla da mәni yoldan çıxarmaq istәyir. Elә haman yuxu alәmindә qәti qәrara gәldim ki, hәr nә desә onun tәrsini elәyim. Çünki aqillәr demişlәr:

Ox kimi düzgün yol göstәrsә sәnә,

Hәzәr et, qayıt get onun әksinә.

Әgәr vәsvәsә elәyib desә ki, bu rәngarәng meyvәlәrdәn dәr ye, әsla yemәyәcәyәm.

Mәnim yanıma gәlib çatan kimi mәni qabaqlayıb salam verdi. Mәn salamını aldım. Buyurdu:

“Әziz hәmyerli, buraya nә üçün gәlmisәn, bu gәlişdәn mәqsәdin nәdir?”

Dedim:

“Mәnim әzizim, bilmirәm tәsadüfmü, iqbalmı mәni buraya çәkib gәtirmişdir. Әgәr bununla bir xilaf iş mәndәn baş vermişsә, buraya gәlmәyim cayiz deyilmişsә, rica edirәm әfv edәsiniz, üzrümü qәbul edәsiniz, lütfәn çıxış yolunu mәnә göstәrәsiniz, mәmnuniyyәtlә qayıdıb gedәrәm.”

Gülümsünüb dedi:

“Әgәr sәnin buraya gәlmәk icazәn olmasaydı, qapıçı mane olardı, içәriyә girmәyә qoymazdılar. İndi ki, gәlmisәn, arxayın ol, bil ki, yad deyilsәn, doğmasan.”

Qocanın xoş rәftarı, mülayim sözlәri ürәyimi sakitlәşdirdi. İrәli gәlib iranlıların qaydası ilә әl verdi. Belә mәhәbbәt vә mehribanlıq göstәrmәsinә baxmayaraq yenә dә ürәyim tәşvişdә idi. Deyirdim, birdәn şeytan olar. Bu fikir başımdan çıxmırdı. Onun bütün iltifat, mәhәbbәt, yumşaqlıq göstәrmәsi vә şirin dil tökmәsini şeytanlığa yozurdum.

Dedi:

“Yaxşı gәzdinmi?”

Dәrindәn ah çәkib dedim:

“Hәr şeyi yaxşı gördüm, amma bilmirәm haradayam. Ey qәlbi işıqlı qoca, ümidim sәnin kәrәminәdir.”

Cәmalın şövqündәn, ey mahi-taban,

Qaranlıq bәxt evi oldu çırağban.

Mәnә yar olandan, ey gözәl-pәri,

Bәxtim gülşәninin açdı güllәri.

Gәl sәn bu sәhrada mәnә dayaq ol,

İqbalım evindә yanan çıraq ol.

Ruhum ol, işıqlı sәhәrim gәl ol,

Könlümü sındırma, lütf elә bir yol.

“Mәnә de görüm bura haradır? Bu ay üzlülәr burada nә elәyirlәr? Bu qәsr hansı şövkәtli padşahındır? Burayacan mehriban bir dilbilәn tapmadım ki, soruşam. Keçdiyim darvazaların heç birisindә qapıçılar mәnim sualıma cavab vermәdilәr. Buna görә dә heç kәsdәn bu mәtlәbi soruşa bilmәmişәm.”

Qoca dedi:

“Gәl!”

Ardınca getdim. Bir imarәtә çatdıq. Xәyal quşu belә bir imarәtin zirvәsinә qalxa bilmәzdi. Tәsәvvürün sürәtlә çapan atı onun sahәsini ötüb başa vurmaqdan aciz idi. Tәfәkkür memarı isә belә bir imarәtin tәrhini çәkә bilmәzdi. Onun vәsfini әrәb vә әcәm fәsahәtlilәri bәyan edәrkәn çәtinlik çәkәrdilәr. Yalnız qadir allahın әlilә belә bir bina әmәlә gәlә bilәrdi.

Sәfalı bir mәva, gözәl bir mәkan,

Nizam hökm sürür onda hәr zaman.

Fәrşi salınmışdır sanki sәfadәn.

Üzәrliyi odda dәmi-İsadәn,

Hәr tәrәfi onun әmin-amanlıq.

Hәr yerinә saçır nur çıraqbanlıq.

Günәşlә ay olmuş onun bәzәyi.

Nәqşi heyran etmiş sanki fәlәyi.

Tağının qaşila etsә işarәt,

Tәzә ay yaşınıb çәkәr xәcalәt.

O mәnzili gәlib görsәydi Rizvan.

Cәnnәtdә qalmazdı o heç bir zaman.

Bir cavan әylәşmiş xoşbәxt yar ilә,

Ayın әtrafında sanki bir halә.

Xәtindәn, xalından yağır mәlahәt,

Cәmalından onun saçır tәravәt.

Qara saçlarını verәndә yelә,

Mişkin ürәyinә salır vәlvәlә.

Baxışlar nә qәdәr onda füsunkar,

Görmәyә könüllәr çәkir intizar.

Dedim:

“Amandır, de görüm, orada әylәşmiş gözәl cavan, әzәmәtli padşah kimdir? Bu imarәt onundurmu? Ya başqasınınkıdır? Mәndә ki, taqәt qalmayıbdır. Allah rizasına cavab ver, daha dözә bilmirәm.”

Qoca dedi:

“Heç tәvәqqe lazım deyil, burada xahiş, tәrif, tövsif qadağandır. Әgәr savadın varsa oxu.”

O, şәhadәt barmağı ilә yuxarıya işarә elәdi. Gördüm müşәşә vә nurani xәtlә "Bura İbrahimin mәqamıdır" yazılmışdır. "Allahu әkbәr" deyib, tәkrar elәdim: "Bura İbrahimin mәqamıdır". Bunu oxumuşdum, indi o mәqamı gözümlә gördüm. İxtiyarsız olaraq dedim:

“Ey xeyir vә ehsan mәnbәyi olan qoca, mәn bu mәqamın sahibinin әlini öpmәk feyzinә nail ola bilәrәmmi?”

Dedi:

“Әlbәttә, öz arzuna çatacaqsan. Lakin indi onların gәzmәk vaxtıdır. Çox yubanmazlar, qayıdarkәn, inşaallah, sәnin xahişini yerinә yetirәrәm, sәni onunla görüşdürәrәm.”

Soruşdum:

“Siz haralısınız? İranlıya çox oxşayırsınız, nә vaxtdan burada mәkan salıb yaşayırsınız?”

Dedi:

“Ay allah bәndәsi, mәn heç bir yerli deyilәm. Bu qәsrin sahibi belә paltarı xoşladığına görә mәnә buyurmuşdur ki, onun qulluğunda bu görkәmdә hazır olum. Bu cәnnәt bağının vә onun bütün huri vә qılmanlarının başçılığı mәnә mәxsusdur.”

Bu әsnada xәbәrdarlıq şeypuru çalındı. Bütün günәş üzlülәr, pәri-peykәrlәr qaçıb qәsrin pillәkanlarının yanında sağ vә sol tәrәfdә sıraya düzülüb hörmәt mәrasimini yerinә yetirmәk üçün dayandılar. Hamısı әllәrini döşünә qoyaraq, sәssiz-sәmirsiz kamali-әdәb vә vüqarla ruhsuz heykәllәr kimi dayanıb yerә baxırdı. Onların camalının nuru yeri, göyü işıqlandırırdı. Öz ağalarının intizarında zәlil bәndә kimi bir yerdә quruyub qalmışdılar.

Qәribәsi bu idi ki, bu dәstәdәn olan hurilәrin heç birisi geyim vә görkәm etibarilә bir-birinә oxşamırdılar. Әgәr Mani dә burada olsaydı, onların gül camalını, rәna qәddü-qamәtini görcәk heyran qalıb barmağını dişlәrdi. Heç kәs belә gözәl şәmayil çәkmәyә qadir deyil.

Xülasә, bir az keçmәmiş, İranda olan tәxti-rәvanlar kimi bir tәxt hazır oldu. Pillәkanların yanında yerә qoyuldu. Gül üzlü, pәrişan zülflәri çiyinlәrinә tökülmüş, sәrv boylu bir nazәninlә qılman kimi gözәl bir oğlan qollarını bir-birinin boynuna saldıqları halda taxta tәrәf gәldilәr. Camallarının şövqü aya vә günәşә işıq saçırdı. Onları huri vә qılmana belә oxşada bilmәrәm. Huri dә, qılman da onlardan nur alırdılar. Onlara mәlәk desәm dә yanılmış olaram; çünki mәlәklәr dә gözәllikdә onlara tay ola bilmәzdilәr. Dağ kәkliyi onlardan yeriş öyrәnir, Xәta ahusu isә onların baxışından dәrs alırdı. Tavusun çәtri o rәna pәrinin әtәyindәn bir nişanә idi; arxadan iki arşın uzanmış olan әtәyi yeri bәzәyirdi.

Xülasә, onların heç bir tәşbih vә tövsifә ehtiyacı yox idi. Mәn hәr nә desәm ondan yaxşı idilәr. Xәyal qüvvәsi onları tәsvir etmәkdәn acizdir, tәfәkkür isә onları düşünmәyә qadir deyil. O huri başdan ayağa işvә vә nazdan yaranmışdı. Nazәnin bәdәnini xalis ipәk parça ilә örtmüşdü. Qolları dirsәyә qәdәr görünürdü. Bәdәni xam gümüş kimi idi. Taxtın xadimlәri misilsiz cәvahirlәrlә bәzәnmiş pәrdәni yuxarı qaldırdılar. Sanki ay günәşin qolundan tutdu. O nazlı dilbәr min işvә-naz ilә taxta әylәşdi. Sonra sevgili öz mәhbubәsinin solunda oturdu. Guya onu qorumaq üçün nәzakәtlә әlini onun belinә salıb saxladı.

Qol-boyun olmuşlar hәvәslә onlar,

Könüldә mәhәbbәt, başqa sevgi var.

Taxt yuxarı qaldırıldı. Bunlar isә başlarını pәncәrәdәn çıxarıb, hörmәt üçün sıraya düzülmüşlәrә dәsmal silkәlәyib vidalaşdılar.

Sırada dayananlar kәmali-әdәb vә tavazö ilә tәzim edib onlara cavab verdilәr. Mәn bu gözlәnilmәz mәnzәrәyә valeh olub heyran qalmışdım. Çünki heç bir paytaxtda heç bir sultanın belә cәlal vә şövkәti nә görünüb, nә dә eşidilibdir. Bunları vәsf etmәk üçün yeganә çarә öz iczimi etiraf etmәkdir. Onların haqqında mәdh söylәmәk hәcv demәk kimidir. Doğrudan da, tәrif üçün nә söylәsәm onları tәrif etmәk deyil, hәcv etmiş olaram.

Min qәrinә onun vәsfini etsәm,

Yüz mindәn birini söylәyә bilmәm.

Bilmirәm öz heyrәt vә tәәccübümü vәsf elәyim, ya onların qәribә әhvalını vә işlәrini.

Çiyninә tökülmüş qulac hörüklәr,

Görәn hәsrәt ilә barmağın dişlәr.

Salmış saçlarının hәr bir hәlqәsi

Qılman qulağına qulluq hәlqәsi.

Bәnövşә vurulmuş gül yanağına.

Nәsrin qibtә edәr ağ buxağına.

Mişktәr, tökülmüş sanki kafura,

Qaranlıq sarılmış elә bil nura.

Dedim:

“Ey bu yolun qoca Xızrı, lütf elәyib buyur görüm, onlar nә vaxt qayıdacaqlar? Onları görmәk şövqü mәnim tabü tәvanımı kәsdi, daha intizar taqәti mәndә yoxdur. Amanın günüdür, әlim әtәyindәdir.”

Eşqinin oduna oldum giriftar,

Sevgisinә qәlbәn oldum xәridar.

İztirab dalğası başımdan aşdı,

Şövqünün oduyla ruhum alışdı.

De görüm, bu әzizlәr kimlәrdir?

Cavabında dedi:

“Bir-birinin hәqiqi aşiqlәri, öz möhtәrәm vәtәnlәrinin әsl vәtәnpәrvәrlәri. Bütün bu xidmәtçilәr, bu bağ, әzәmәtli imarәt onlara mәxsusdur. Onlar qayıdanadәk döz, sәni onların hüzuruna apararam.”

Dedim:

“Gecdir, qәlbi işıqlı qoca, birdәn bu gecә qayıtmasalar mәn nә edәrәm? Mәndә dözmәyә taqәt yoxdur.”

Soruşdu:

“Gecә nә demәkdir?”

Dedim:

“Gecә dә, yәni günәş batandan sonra.”

Dedi:

“Nә günәş, hansı günәş?”

Dedim:

“Alәmi öz nuruna qәrq elәyib işıqlandıran günәş.”

Dedi:

“Sәnin sözlәrindәn bir şey başa düşә bilmirәm.”

Dedim:

“Ay canım, bizim dildә zülmәtә gecә, işığa gündüz deyirlәr.”

Qoca dedi:

“Yenә dә bir şey anlamadım. Zülmәt nә demәkdir? Burada zülmәt yoxdur. Hәr şey nurdur. Biz işıq xüsusi bir mәnbәdәn almırıq. Kim ki, buraya yol tapdı, zülmәtdәn bir dәfәlik qurtuldu, fikir-xәyal, qәm-qüssәdәn bir dәfәlik rahat oldu. Bura eyş-işrәt, ayın-şayınlıq vә әbәdiyyәt mәkanıdır.”

Gördüm gecә-gündüzü ona başa salmaq üçün dәlil-sübut gәtirsәm, öz cәhalәt vә nadanlığımı bildirmiş olacağam. Dedim, elә yaxşısı budur ki, ağzımı yumub, sakit dayanım. Ona görә ki, bu yerә daxil olandan sonra mәn nә günәş gördüm, nә dә ay işığı, isti-soyuq, bulud, toz, duman da görmәdim. "Hәr şeyi onun ziddinә olan bir şeylә tanımaq olar" -- demişlәr. Mәn ki, burada nurun ziddini, yәni qaranlığı görmürdüm. Daha ona necә başa sala bilәydim. Öz-özümә dedim: "Burada ziddiyyәtlәr gözә çarpmır, belә bir işıq içәrisindә heç bir kölgәyә rast gәlmәmişәm".

Fikir, xәyal mәndәn әl çәkmirdi. Düşünürdüm ki, birdәn bunlar qayıtmazlar. Bu düşüncә mәnim әhvalımı tamamilә pozdu. Ahәstә-ahәstә bu şeri oxudum:

Sevgisi könlümә hakim kәsildi,

Fәryadım ürәkdәn әrşә çәkildi,

Kәdәr dırnağilә cızdı ruhumu,

Yaram üstә sәpdi o almaz unu.

Sәbrü qәrarımla tabü tәvanım,

Dördü dә kәsildi, incәldi canım.

Canımda olmadı bu dәrdә dözüm,

Yuxuda da yuxu görmәdi gözüm.

Әl çәkmәz canımdan qәm-qüssә bir an,

Kәdәrim artırdı hey zaman-zaman.

Dәrdimi göstәrir açıq sifәtim,

Qәm-qüssә olubdur mәnim ülfәtim.

Saman çöpü kimi saralmış sifәt

Gizli әlәmimә verir şәhadәt.

Qoca mәnim bikef olduğumu, ümidsizliyә vә mәyusluğa qapıldığımı görәn kimi әlimdәn tutub dedi: "Gәl!"

Mәn onunla getdim. Lakin ürәyim başqa yerdә idi. Bir qәdәr hovuzun vә arxların әtrafında gәzişdik. Hәr bir gülün, ağacın vә meyvәlәrin keyfiyyәtini ondan soruşdum. O da tam mehribanlıqla cavab verirdi. Ancaq qocanın mәnim haqqımda göstәrdiyi bütün mehribanlıq vә mәhәbbәtinә baxmayaraq yenә dә onu ilk dәfә görәrkәn ürәyimә dammış şübhәlәr mәndәn әl çәkmirdi. Onun şeytan olduğunu zәnn edirdim. Qorxurdum mәnә meyvә tәklif elәsin. Hәr halda qәti qәrara gәlmişdim ki, onun xahişini rәdd elәyim, bir bәhanә ilә meyvә yemәkdәn imtina edim. Elә bu vaxt qoca dedi:

“Әgәr bu rәngarәng meyvәlәrdәn könlün istәsә, heç bir maneә yoxdur, dәr, ye!”

Dedim:

“Ey azmışlara yol göstәrәn, mәndә nә yemәk, nә içmәk, nә dincәlmәk, nә dә asudә olmaq meyli var.”

Yavaş-yavaş gәldiyimiz yollarla qayıdırdıq. Birdәn taxtın yerә oturduğunu gördüm. Yenә dә xәbәrdarlıq sәsi eşidildi. Ulduzlar kimi pәrakәndә olan bütün mәlәksimalar, gülüzlülәr әvvәlki qayda üzrә halә kimi bir yerә toplaşdılar, pillәkanın sağında vә solunda sәf bağlayıb, vüqar vә tәmkinlә әllәri döşlәrindә dayanıb durdular. Taxt göyә qalxdığı nöqtәdә yerә oturdu.

Torpağa oturdu o tәxti-rәvan,

Torpaq әrşә qalxdı şәrәflә ondan.

Xidmәtçilәrin böyüklәrindәn iki nәfәr irәli keçib, taxtın pәrdәsini qaldırdılar. Taxtın şәrqindәn birdәn ay-günәş doğdu. Aşiq öz mәşuqәsinin belindәn tutduğu halda nәzakәt vә vüqarla taxtdan aşağı düşdü.

Birlәşdi o nurdan doğulmuş canlar,

Vәhdәt mәqamına yüksәldi onlar.

İşvә-naz ilә taxtdan çıxıb cilvәlәndilәr, pillәlәrlә yuxarı çıxmağa başladılar: Mәnim qәlәmim o aşiq-mәşuqәnin halәtini vә vәziyyәtini tәsvir etmәkdәn acizdir. Kaş mәşhur, bacarıqlı әdiblәr vә şairlәr burada olub, hәmin mәnzәrәni görәydilәr, bunların cilvәsinin şahidi olaydılar, onların әhvalını nәzm vә nәsrlә qәlәmә alaydılar, bununla da "Vamiq vә Әzra", "Leyli vә Mәcnun", "Xosrov vә Şirin" eşqi unudulaydı, Mahmudun vә Ayazın da yaxasından әl çәkә idilәr. İnsaf üzündәn bu hәqiqәti etiraf edә idilәr ki, qәm-qüssә kürәsindә yanan, lakin sәmәndәr kimi daim vәtәn eşqi ilә yaşayan vәtәn vurğunları hәr cür dünyәvi nemәt vә lәzzәtdәn göz örtür, vәtәnin tәrәqqisi vә sevgisindәn başqa bir şey haqda düşünmür, dünyanın hәr bir sәadәt vә gözәlliyini vәtәn evladı üçün istәyirlәr. Belә aşiq vә mәşuqu hәva vә hәvәs ardınca gәzәn, cәhalәt vә nadanlıqdan nәşәt edәn heyvani eşq vә şәhvәtlә yaşayan aşiqlәrlә necә müqayisә etmәk olar? Vәtәn aşiqinin mәşuqәsi nә qәdәr qocalsa da, onun eşqinin alovu, mәşuqәsinin cilvәsi daha da artar. Bunun әksinә olaraq, gülüzlülәrә vә qәddi rәnalara olan mәhәbbәt onların sifәtinin rәngi solunca, sәrv boyları bükülüncә soyuyub gedәr, aşiq mәşuqdan uzaqlaşar, ondan bir növ iyrәnәr. Elәcә dә aşiqin heyvani qüvvәlәri zәiflәyәn kimi öz mәşuqәsindәn qaçar. Әlbәttә, hәr halda qalıb yaşayan, solub mәhv olandan üstündür. Gәrәk mәddahlar әbәdi yaşamaq hüququ qazanmışların tәrifinә nәğmә qoşsunlar. Belәliklә onların sözü dünya durduqca yaşayar. Daha yazmasınlar ki, pәrvanә eşqdәn özünü oda vurub yandırdı. O yazıq şüursuz bir heyvandır, eşqin nә olduğunü haradan bilir?

Bәli, fәqәt tikanın bülbüllә rәqabәti vәtәnpәrvәrlәrin vәtәn düşmәnlәrinin vә xainlәrinin әlindәn çәkdiklәri cәfalar vә әziyyәtlәrә çox oxşayır, hәtta bunların cәfası bülbülün tikandan çәkdiyi cәfadan artıqdır.

Xülasә, vәtәndәn başqa bir şeyә sevgi bәslәmәk şәhvәtpәrәstlik vә heyvani hisslәri sakitlәşdirmәkdәn başqa bir şey deyildir. Belә bir eşqi mәdh etmәk hәqiqәtdә onu tәkdir etmәk demәkdir. Çünki bununla yalnız onların şәhvәtpәrәstliyi bir növ ifşa olunur.

Әlqәrәz, onlar yuxarı çıxdılar. Mәn qocanın әtәyindәn tutub dedim:

“Amandır, әhdә vәfa etmәk imandandır. Allah rizasına, fürsәti әldәn vermә, mәnim müşkülümü hәll elә, daha taqәtim üzüldü, dözә bilmirәm.”

Qoca dedi:

“Adını, vilayәtini söylә.”

Dedim:

“Adım Yusifdir, atamın adı Abdulladır, doğulduğum yer İrandır, Misirdә yaşayıram, burada kimsәsiz vә qәribәm.”

Qoca yuxarı çıxdı. Mәn tam vәcdlә onun qayıtmasını gözlәyirdim.

Az sonra sevgililәrin ikisi dә başlarını otağın kiçik qapısından çıxarıb mәni bir-birinә göstәrәrәk dedilәr: "Odur, özüdür". Sonra әllә, yaylıqla işarә edib, mәni yuxarı çağırdılar.

Bu әsnada qoca cәld aşağı düşdü. Hәlә pillәkanların başından әl ilә işarә edib dedi: "Yuxarı gәl". Getdim. Qoca dedi:

“Bәxtin sәnә yar oldu, tale üzünә güldü, arzuna çatdın. Onlar sәni tanıyırlar, sәndәn daha çox bir şövqlә sәninlә görüşmәk istәyirlәr.”

Mәn yuxarı çıxıb, otağa daxil oldum. İkisi dә әllәrini boynuma salıb, mәni qucaqladılar. Mәn onların bu işinә lap tәәccüb elәdim, mәnә elә gәldi ki, bir para mәzәli böyük adamlar kimi zarafatı xoşlayırlar, mәni әlә salırlar, özlәri üçün mәni gülmәk vasitәsinә çevirmәk istәyirlәr. Bizim bir çox böyük adamlarımız vә әsilzadәlәrimiz qoca, qәrib vә ya yoxsul bir adam gördükdә bu kimi zarafatlardan elәyir, onu bir növ әlә salırlar. Mәn dә onların bu hәrәkәtini әlә salmaq kimi zәnn etdim. Utanıb geri çәkildim vә dedim:

“Әstәğfurullah, mәn sizin xәyal etdiyiniz adam deyilәm. Mәndә nә qabiliyyәt var ki, sizin bu sonsuz lütfünüzә şamil olam?”

Dedilәr:

“Olmaya bizi tanımadın?”

Dedim:

“Xeyr.”

Cavan barmağı ilә döşünә işarә edib dedi:

“Yusif әmican, mәn İbrahimәm!”

Qız da öz müәllimәsindәn öyrәndiyi kimi, incә vә sevimli bir tәrzdә sol ayağını bir qәdәr arxaya, sağ ayağını isә azca irәliyә qoyub, tәzim vә hörmәt әlamәti olaraq başını әydi, әlini qoşa nar kimi olan döşünә aparıb dedi:

“Әmican, kiçik kәnizin Mәhbubә!”

Bu sözlәri eşidәn kimi "oğlum", "gözümün işığı" -- deyib özümü onların ayaqlarına atdım. Neysan yağışı kimi göz yaşları axıtdım. İbrahim bәy әlimdәn tutub qaldırdı, sonra dedi:

“Әmican, burada ağlamaq olmaz.”

Durub dedim:

“Qarşımda sәnsәnmi, ya ki, xәyalım,

Taleyimdәn mәnim yox bu gümanım.

Sizә qurban olum, mәnim ağlamağım qәm-qüssәdәn deyil, әksinә, sevincdәn, şadlıqdan vә fәrәhdәndir. Bununla belә ağlamaram.”

Mәni yuxarı mәrtәbәyә apardılar. İkisi dә qarşımda әylәşmişdi. Mәn fikrә dalmışdım, düşünürdüm ki, görәsәn bunlar yuxudur, ya ayıqlıq?

Görәsәn yuxudur, ya ki, hәqiqәt,

O әzabdan sonra belә bir nemәt.

Dәrin hәsrәtlә gözlәrimi ovxalayıb bir daha baxdım, sonra dedim:

“Sizә qurban olum, bilmirәm mәnim qarşımda doğrudan da sizsiniz, ya sizin xәyalınızdır.”

İbrahim bәy dedi:

“Әmican, bizik.”

Dedim:

“Sizә vә sizin cәlalınıza qurban olum, bu nә böyük sәadәt vә xoşbәxtlikdir!”

Qollarımı açıb ikisini dә qucaqladım, öpdüm vә iylәdim. Dedim:

“Bu qoca canım sizә fәda olsun, bura hansı alәmdir, bu sәfalı işrәt yeri haradır?”

Mәhbubә әtirli dәsmalla gözlәrimin yaşını silir, gülә-gülә mәnә tәsәlli verirdi. İbrahim dedi:

“Әmican, sizin mәhәbbәt vә mehribanlığınızdan çox razıyam, bizi unutmadınız. Amma bilmirәm nә üçün sifәtiniz hislidir, dәmirçi olmamısınız ki?...”

Dedim:

“Qurbanın olum, mәnim başımın qәzavü qәdәri uzundur. Amma, allaha min şükür ki, o müsibәtdәn sonra bu zәif qocanın üzünә nicat qapısı açdı.

Şükr olsun allaha, ölmәdik qaldıq,

Әzizlәri görüb mәtlәbә çatdıq.

İndi can bәxş edir sәnin vüsalın,

Canımı almışdı sәnin fәraqın.

Kor Şeyx Qәdirin mәnә rast gәlib cәhәnnәmi gәzdirmәsini, cәhәnnәmdә gördüklәrimi vә eşitdiklәrimi әvvәldәn axıradәk danışdım. Dedi:

“Yaxşı, de görüm, yazıq anamın kefi necәdir, güzәranı nә vәziyyәtdәdir?”

Dedim:

“Sәn gәl bizim halımızı soruşma,

İraq düşdün, dәrdә saldın, danışma.

Biz iki aşiqin iş-peşәsi ağlamaqdır. Hәr gün sәhәr anan Sәkinә ilә qәbristanlığa gedir, axşamadәk ağlayırlar. Axşam isә bu qәmli, kәdәrli, hicran bәlasına giriftar olmuş qocanın növbәsi çatır. Qәbrinizin üstünә gedib, gözümdәn hәsrәt yaşı tökürәm, o pak türbәnin torpağını başıma sovururam, yorulub әldәn düşәndәn sonra ürәyim yana-yana, gözlәrimdәn yaş axa-axa sәrsәri kimi evә gәlirәm, dizlәrimi qucaqlayıb tәnha әylәşirәm. Nә bir munisim var ki, ürәyimi ona boşaldım, nә dә bir hәmdәrdim var ki, mәnә tәsәlli versin. Uzun gecәlәr qüssә, kәdәr mәnim hәmdәmimdir. Qoca anan Züleyxa kimi Misir Yusifinin hicran dәrdindәn o qәdәr ağlamışdır ki, gözlәri tutulmuşdur. Hәyatda onun üçün ahu nalә vә dәrdli könüldәn başqa bir şey qalmamışdır. İndi ki, siz bu cәlal vә әzәmәtlә rahat yaşayır, şәn hәyat sürürsünüz, bәs nә üçün bizi öz yanınıza çağırmırsınız? Biz dә sizi görmәklә tәsәlli tapardıq, hәm dә sizin şad günlәrinizdә iştirak edәrdik.

Yox mәnim sәbrim, mәni öz yanına dәvәt elә,

Ya ki, allahdan mәnә, paksan, bir az taqәt dilә.”

Dedi:

“Әmican, hәr bir işin öz vaxtı var. Әlbәttә, siz dә gәlәcәksiniz, lakin sizin öhdәnizdә bir neçә vәzifә var, gәrәk onları yerinә yetirәndәn sonra gәlәsiniz.”

Dedim:

“Qurbanın olum, o vәzifәlәr nәdir, buyur, yerinә yetirim.”

Dedi:

“Әvvәlcә, gәrәk Sәkinәni әrә verәsiniz ki, bizim nәslimiz kәsilmәsin; ikincisi, atamın irsindәn qalan hissәdәn Sәkinә hәr nә istәsә müzayiqә etmәyәsiniz. Hәtta hamısını belә istәsә, ona verәsiniz. Yox, әgәr öz hissәsilә kifayәtlәnsә, malın üçdә biri onundur, mәnim payım olan iki hissәni mötәbәr bir banka tapşırasınız, orada qalsın. Elә ki, İranda qanun vә şәhәr idarәsi tәsis olundu, onda әvvәlcә vәtәnimin qәrib vә adamsız xәstәlәri üçün altmış çarpayılıq bir xәstәxana tikdirәsiniz, onun illik xәrcini hesab edib, gәliri ilә hәmin xәrci ödәyә bilәcәk mülklәr alasınız vә o xәstәxanaya vәqf edәsiniz. Millәtin yetim balaları üçün yüz әlli nәfәrlik bir mәktәb binası da tikdirәsiniz. Uşaqların paltar, yemәk, hәtta müәllimlәrinin asayişi vә dolanacağı üçün lazım olan vәsaiti hesablayasınız vә vәsait ayırasınız. Bu vәsaiti ödәyә bilәn bir mülk alıb, hәmin mәktәbә vәqf edәsiniz. Üçüncüsü, mәnim "Sәyahәtnamә"mi әvvәldәn axıradәk çap edin. Mәndәn bir evlad qalmadı ki, adım yada düşsün, qoy bu kitab mәnim evladımı әvәz etsin, vәtәndaşlarım mәnim adımı unutmasınlar.

Yaxşıdır kişidәn qala yadigar,

Getsә dә, yadigar onu yaşadar.”

Әvvәlcә bu sözlәri cәfәngiyyat hesab edib, mәnim adımı pisliklә yad etsәlәr dә, sonralar ölkә asayiş üzü görәr, xalq cәhalәtin zülmәti vә istibdadın boyunduruğundan xilas olar. Onda bu kitab mәnә gözәl ad qazandırar, hәr kәs onu oxusa, mәni xeyir-dua ilә yad edәr.”

Dedim:

“Qurbanın olum, bütün bu bağ vә imarәtlәr sizinkidirmi?”

Dedi:

“Bәli, hamısı bizimkidir.”

Dedim:

“Burada dost-aşna vә hәmsöhbәtiniz varmı? Bir adamla get-gәl elәyirsinizmi? Yoxsa yalqız yaşayırsınız?”

Dedi:

“Vardır.”

Dedim:

“Kimlәrdir, onları mәn tanıyıram, ya yox?”

Dedi:

“Bilmirәm tanıyırsan, ya yox, amma onlar mәni tanıyırlar. Bizim olduğumuz yerin yuxarı mәrtәbәsindә Mirzә Tәqixan Әmirnizam olur. Biz gәlәn kimi görüşümüzә gәldi.

O bәzәn vәtәndәn, xüsusilә Әrdәbil qalasından söhbәt düşәndә ağlayır.”

Dedi:

“Mümkün qәdәr vәtәn sevgisini ürәyindәn çıxartma, onun mәhәbbәtini gündәn-günә daha da dәrinlәşdir. Milli tәәssübdә möhkәm çalış, vәtәn sevgisi badәsini iç. Bu mәrtәbә vә mәqama heç kәs çata bilmәz, ancaq o adamlar nail ola bilәrlәr ki, bu gözәl xasiyyәtә vә әxlaqa malik olsunlar. Mәn cavanam, sizin şagirdinizәm, siz mәnim qocaman müәllimimsiniz. Ancaq mәndәn sizә vәsiyyәt -- gec gәlmәyin eybi yoxdur, gec gәl, amma yaxşı gәl. Vәtәn sevgisini ürәyindә möhkәmlәndir. Könlünü vәtәn sevgisi ilә tәmizlә, gözlәrini vәtәn mәhәbbәti ilә işıqlandır, gec gәlmәkdәn qorxma!”

Sәn bu murdar qabı yaxşıca bir yu,

Sonra o qәdәhә tök kövsәr suyu.

Çoxdur Loğman kimi haziq hәkimlәr,

Lakin hәr xәstәyә mәcun vermәzlәr.

Mümkündür mәtlәbin bir az gecikә,

Darıxma, sәlahın ondadır bәlkә.

Nakamlıq odunda yanmalısan sәn,

Hәr aşqardan tәmiz olmalısan sәn.

Bu vaxt bağa tәrәf baxıb, o vaxtadәk görmәdiyim meyvәlәrin, güllәrin, ağacların adını, tamını soruşmaq istәdim. Birdәn gördüm ki, bağda nim kimi valeh vә heyran olan üç nәfәr çiyinlәrindә әba, başlarında papaq gәlir vә tәәccüblә әtrafa baxırlar. Onları İbrahim bәyә göstәrib dedim:

“Bax, yenә dә bizim hәmvilayәtlәrimiz gәlirlәr. Bir adam göndәr, onları buraya gәtirsin. Görәsәn necә olub ki, gәlib buraya çıxmışlar.”

Dedi:

“Adam göndәrmәyә heç bir lüzum yoxdur, onlar özlәri gәlәcәklәr.”

Dedim:

“İzn vermәmisәn, onlar neçә gәlә bilәrlәr?”

Dedi:

Canı bir, dili bir olan iki yar,

Dodaq tәrpәnmәdәn deyәr, danışar.

“Kamil insan hәr nәyә meyl göstәrsә, onun istәyi yerinә yetәr, cazibә qüvvәsi onu öz tәrәfinә çәkәr. Mәn nәzәrimi onlara tәrәf yönәltdiyimә görә, onlara da qeybdәn ilham oldu ki, mәn onları istәyirәm.”

İmanda, hikmәtdә sәn kamil olsan,

Quşların da dilin bilәrsәn asan.

Quşlar, qarışqalar sәnlә danışar,

Necә ki, danışmış bir vaxt Süleyman.

Dedim:

“Qurbanın olum, bәs nә üçün nәzәrini mәnә tәrәf yönәltmәdin, mәni öz yanına çağırmadın?”

Dedi:

“Gәlmәyini bilmirdim ki, sәnә fikir verim. Diqqәt göstәrmәdiyi tәqdirdә heç bir kәs gizli sirrlәrә vaqif ola bilmәz. Sәnin gәlmәyindәn mәnim xәbәrim yox idi. İnsan sözün әsil mәnasında kamil, sözü doğru vә allaha itaәtkar olsa, Bәni-İsrail peyğәmbәrlәrinin göstәrdiyi hәr bir möcüzәni o da göstәrә bilәr.”

Bu әsnada haman qoca üç nәfәri yuxarıya çıxartdı. İbrahim bәy vә Mәhbubә xanım әdәblә ayağa durub, mәhәbbәt vә mehribanlıqla onları qarşıladılar, yer göstәrib әylәşdirdilәr. Hal-әhval tutduqdan sonra İbrahim bәy soruşdu:

“Yoldaşlarınız vә hәmsәfәrlәriniz kimlәrdir?”

Dedi:

“Yüz nәfәrdәn artıq idik. Biz üç nәfәrdәn başqa heç bir kәsin buraya daxil olmasına icazә vermәdilәr. Hamısını qapıdan qaytardılar, dedilәr: sәhra yolu ilә gedin.”

İbrahim bәy dedi:

“Sizin ismi-şәrifiniz nәdir? Haralısınız, İranın hansı vilayәtindәnsiniz?”

Dedi:

“Mәn xorasanlıyam, bu Hacı azәrbaycanlıdır, marağalıdır, o da tehranlıdır, Mәsihülmülkün bacısı oğludur.”

İbrahim bәy dedi:

“Hacı, Hacı, tövbә elә, әstәğfurullah de! Tez de "tövbә!"”

Yazıq Hacı on dәfәdәn artıq dedi:

“Әstәğfurullah, tövbә!”

İbrahim bәy daha dinmәdi. Xorasanlı Hacı dedi:

“Möhtәrәm cәnab, mәn nә dedim ki, sizin acığınıza gәldi, hansı küfr sözü danışdığıma görә mәni tövbә demәyә mәcbur elәdiniz?”

İbrahim bәy dedi:

“Küfr danışmadın, lakin yalan söz dedin. Müqәddәs mәkanda yalan söz danışmaq olmaz. Adamı o saat bayıra çıxararlar.”

Hacı dedi:

“Mәn bir söz demәdim ki, onun yalan-doğruluğu mәlum olsun.”

İbrahim bәy dedi:

“Açıq yalan söylәdin. Çünki sәn dedin, "Mәsihülmülkün bacısı oğlu". Mәgәr hәzrәt Mәsihin bacısı var idi ki, oğlu da olsun? Bundan әlavә, Mәsihin vaxtından min doqquz yüz il keçmişdir. Onun bacısı indi necә yaşaya bilәr?”

Hacı dedi:

“Ağacan, mәn o Mәsihi demәdim, bu adamın dayısı hәkimdir, dövlәt tәrәfindәn ona lәqәb veriblәr.”

İbrahim bәy dedi:

“Açıq yalandır, demәk lazımdır; filan hәkimin bacısı oğlu.”

Sonra bәy dedi:

“Yaxşı, Tehranda nә xәbәr var?”

Xorasanlı Hacı dedi:

“Tehranın tәzә xәbәrlәrini Novruz xan hәkimin bacısı oğlundan soruşun, mәn heç nә bilmirәm.”

Novruz xan hәkimin bacısı oğlu dedi:

“Allaha şükür, sәlamәtlikdir.”

İbrahim bәy soruşdu:

“Sarayın işi-gücü necәdir?”

Dedi:

“Bir az şuluqdur. Saray hәkimi Mirzә Mahmud xanı işdәn çıxarıb hakim adı ilә Rәştә sürgün elәdilәr. Keçәn il oraya varid olandan üç ay sonra qәflәtәn vәfat elәdi. Camaat arasında onun ölümü haqqında müxtәlif sözlәr danışılır. Bәzilәri deyirlәr ki, onu zәhәrlәyiblәr, bir parası da qorxudan vә vahimәdәn bağrının çatladığını söylәyirlәr. Hәr kәs bir söz deyir, lakin sonuncu qәnaәtin doğru olması zәnn edilir.”

Sabiq sәdr-әzәm Mirzәli xan İrandan sürgün edilmiş, arvad-uşağı ilә Firәngistana tәrәf yola düşmüşdür. Bu il sәdr-әzәm Mirzә Әlәsgәr xan iş başından götürüldü. Guya Mәkkәyә getmәk xәyalı var, Firәngistan yolu ilә gedәcәkdir. Nökәrlәrindәn biri mәnә dedi ki, Mәkkәdә görüşәcәyik.”

İbrahim bәy soruşdu:

“İndi sәdr-әzәm kimdir?”

Dedi:

“Mәlum deyil, işlәri hәlәlik şahzadә Әbdülmәcid Mirzә idarә edir.”

İbrahim bәy dedi:

“Tanımıram.”

Dedi:

“Sizin qorxunuzdan lәqәbini deyә bilmirәm, yoxsa tanıyardınız. Orada ona Eynüddövlә deyirlәr. Tehran hakimi idi.”

İbrahim bәy soruşdu:

“Xalqla necә rәftar edir?”

Dedi:

“Hәlә işin әvvәlidir, bir söz demәk olmaz. Lakin elә indidәn bir qәdәr yaxşılaşma vә işlәrin sahmana düşmәsi duyulur. Deyirlәr bacarıqlı, tәdbirli adamdır, lakin müstәbil vә özbaşınadır. Deyәsәn, işlәr yaxşı olacaq. Kәlәfin ucu elә itibdir ki, bu tezlikdә onu tapmaq mümkün olmayacaq. Hәr kәs bu işlәrә bir sahman versә, çox böyük bir vәzifәnin öhdәsindәn gәlmiş olar. Onun gördüyü bircә iş bundan ibarәtdir ki, "Hәblülmәtin" qәzetini qapanmaqdan xilas edibdir. Onun bu әmәli camaat tәrәfindәn hüsn-rәğbәtlә qarşılanmışdır. Lakin ağıllı adamların çoxunun fikrincә, iş başında kim olur-olsun, fәrq elәmәz, bәrabәrlik qanunları olmasa, hәr kәsin vәzifәsi müәyyәnlәşdirilmәsә, daha sadә demiş olsaq, mәşrutiyyәt vә mәsuliyyәt ortalıqda olmasa, işlәr gündәn-günә xarablaşacaq. Bundan әlavә, bu şahzadәnin nә ölkәni idarә etmәk biliyi var, nә dә kifayәt qәdәr tәcrübәsi. İstәr-istәmәz ölkә hәrc-mәrcliyә vә işlәr xarablığa doğru gedәcәk.”

Sonra hacılar izn alıb ayağa durdular. İbrahim bәy onları yola salıb qayıtdı.

Mәn fikrә dalmışdım. Düşünürdüm ki, görәsәn İbrahim bәy Mәhbubәni bunlardan nә üçün yaşındırmadı, üzü açıq onların yanında әylәşdirdi. İbrahim bәy mәnim nә haqda düşündüyümü duyub dedi:

“Әmican, sәn bu fikirdәsәn ki, Mәhbubә nә üçün әcnәbilәrin yanında örtüksüz әylәşib üz tutmadı?”

“Bәli, elәdir,” -- dedim.

Dedi:

“Әmican, әgәr onların niyyәti xain olsaydı, buraya gәlә bilmәzdilәr. Eşitmәdinmi ki, dedilәr: biz yüz nәfәrdәn artıq idik, üçümüzdәn başqa buraya heç kәsi qoymadılar, Belәliklә, mәlum olur ki, bunlar hәr cür hiylә vә qәlplikdәn uzaq, tәmiz vә hәqiqi insanlardır. Bundan әlavә, Mәhbubәnin rütbәsi o qәdәr yüksәkdir ki, xain, namәhrәm baxışlar onun camalının işıltısını dәrk edә bilmәz. Sәn onun әmisi vә atası yerindәsәn, o, sәnin әlindә böyümüşdür, sәnin qızın, evladın kimidir. Sәdinin bu kәlamı yadında deyilmi? O, hәmin mәtlәbә işarә etmişdir:

Aç niqabı, sәni biganәlәr әsla görmәz,

Sәn böyüksәn, kiçik ayinә sәni göstörmәz.”

Dedim:

“Qurbanın olum, hәr gün bu tәxti-rәvanla gәzintiyә çıxırsınız?”

Dedi:

“Yox, bәzi vaxtlar çıxırıq. Bu gün bu tezlikdә gәlmәsini gözlәdiyim bir möhtәrәm şәxsin mәqamına getdim. Onun iqamәtgahını qeyri-adi bir vәziyyәtdә bәzәyir vә sәliqәyә salırlar. Hamı onu qarşılamağa hazırlaşır. Onun üçün getmişdik, yoxsa hәr gün getmirik.”

Mәn hәqiqәti görәn bir gözlә bu aşiq-mәşuqa baxır vә qәribә bir alәmdә seyr edirdim. Mәhbubә doğrudan da dünya gözәli, zәmanәmizin Züleyxası, hüsn vә mәlahәtdә, işvә vә nazda misilsiz olduğu kimi, hәya-namusda ona tay-bәrabәr yox idi. Onunla danışan adam camalına baxsaydı görәrdi ki, birdәn-birә qızarır, yanaqları qızıl gül kimi al rәng alır. İndi o, әvvәlkindәn dә mәlahәtli vә qәşәng olmuşdu. Mәn o, mәlahәt vә gözәllik heykәlinin tәrifini söylәmәkdәn acizәm.

İndi o İbrahim bәyin eşq vә mәhәbbәt badәsindәn elә sәrmәst vә sәrbәst olmuşdu ki, nә dosta, nә dә biganәyә fikir vermirdi, gözü vә bütün fikri-huşu İbrahim bәyin yanında idi, yalnız ona baxır vә tәkcә ona qulaq asırdı. Bir anlığa belә ondan diqqәtini yayındırmırdı. Sanki bunun ruhu onun nәfәsindә idi. Onu görmәk şövqü ilә kiprik belә çalmırdı. Elә İbrahim bәy dә onun kimi idi. Mәhbubә istәmәsәydi, o danışmazdı. Birinin dediyini o birisi tәsdiq edirdi. Bunlar sanki bir qabıqda olan iki badam içi idilәr. Mәhәbbәt ilahәsi eşqi yaradan gündәn zәmanә bu iki aşiqin arasında olan hәqiqi mәhәbbәt kimi bir sevgi görmәmişdir. Heç nәyi nәzәrә almadan vә heç kәsә etina etmәdәn bunun qolu onun gәrdәnindә, onun әli bunun belindә südlә şәkәr kimi bir-birindә hәll olunmuşdular. Mәn isә bu iki sevimli evladımın eşq vә sevgisindәn muradıma çatmışdım.

İbrahim bәyә dedim:

“Gözümün işığı, doğrusunu de görüm, sәn Mәhbubәni çox istәyirsәn, ya Mәhbubә sәni?”

İbrahim bәy dedi:

“Mәhbubәdәn soruş.”

Dedim:

“Mәnim canım-ciyәrim, Mәhbubә, sәn әminin canı, de görüm hansınızın mәhәbbәti daha çoxdur.”

Dedi:

“Әmican, mәnim әlimdә mizan-tәrәzi yoxdur ki, hәr birimizin mәhәbbәtini çәkib-ölçәm. Ancaq bunu deyә bilәrәm ki, mәnim canım onun nәfәsindә, onun da canı mәnim nәfәsimdәdir. Mәnim istәyim onun istәyidir, onun meyli mәnim meylimdir. Sanki iki bәdәndә bir ruh vә ya iki cismdә bir ünsürük.

Mәn canım tәk istәrәm cananım hәr nә istәsә.

Bir öpüş istәsәm ikisini verәr.”

Bunu deyib onun dodaqlarından iki dәfә lәzzәtlә öpdü vә dedi:

“Mәnim canım-ciyәrim, belә deyilmi?”

Mәhbubә bizi çox güldürdü vә sevindirdi. Söhbәtimiz zarafata keçdi, sonra o, bu beyti oxudu:

Oturarıq ürәyimizcә әlbәt,

Fürsәt olar yenә edәrik söhbәt.

Mәn Mәhbubәyә dedim:

“Әmi sәnә qurban olsun, hәlә dә şer demәyin qurtarmayıbdır?”

Dedi:

“Allaha şükür, nә baxtımdan şikayәtim var, nә dә rәqibdәn incikliyim, nә ruzigar mәnә әzab verir, nә dә yar. Şükür olsun, taleyim mәnә yar oldu, ruzigar muradımca dolandı, yarım vәfalıdır, rәqibim dә yoxdur. Daha nә üçün gәrәk şer demәyim? Bir bәyim var ki, mәnim nәzәrimdә gözәl, qәşәng vә әzizdir. O mәnim ayım, günәşim, şahım, tacım, eyşim, işrәtim, izzәtim, şövkәtim, Xosrovum, Şirinim, Şәkәrim, Leylim, Vamiqim, Әzram, gülüm, bülbülüm, sünbülümdür. Onu bütün dediklәrimә oxşatmaq olmaz, mәn kamili naqislә tәriflәdim, yoxsa bәyimin mәqamı bunlardan, şübhәsiz ki, çox-çox yüksәkdir.

İxtiyarım ola gәr ruz-qiyamәtdә mәnim,

İstәmәm rövzeyi-rizvan, mәnә bәsdir sәnәmim.”

İbrahim bәyin әlini tutub dodaqlarına apardı, öpdü, iylәdi.

Mәn dedim:

“Yadında varmı ki, hicrandan şikayәt elәyib ud çaldın, bu şerlәri oxudun:

Nә vәslinә mәndә taqәt, nә hicrinә mәndә tәvan,

Vәslin bәla, hicrin bәla, gәlsin mәnә sәnin qadan.”

Mәn bunu deyәn kimi Mәhbubәnin simasında utanmaq әlamәtlәri göründü, birdәn-birә yanaqları qızardı.

İbrahim bәy dedi:

“Nә ud, nә şer? Bunlar nә vaxt olubdur?”

Dedim:

“Bәli, bu xanım sizin xәstәlәndiyiniz vaxt özünü dә dәliliyә vurmuşdu. Biz istәdik sizi musiqi hikmәti ilә müalicә elәyәk. Xәbәrin yoxdur nәlәr elәyirdi. Dua yazan әrәbә pul verirdi, hәkimә cәvahir bağışlayırdı.”

Xülasә, Mәhbubәnin gördüyü bütün işlәri nağıl elәdim.

Bәy qolunu Mәhbubәnin boynuna salıb onu bәrk-bәrk qucaqladı vә dedi:

“Mәnim gözümün işığı, bәs bu әhvalatı indiyә kimi nә üçün mәnә demәmisәn?”

Mәhbubә dedi:

Dedim hicran qәmini söylәrәm әl versә hüzur,

Sәni görcәk bu könül dәrdini yeksәr unudur.

İkisi dә bir-birini ruh ilә bәdәn kimi qucaqlayıb, bir cüt göyәrçin tәk dodaq-dodağa verdilәr. Bu vaxt gördüm Hacı Mәsud qapını döyür vә deyir:

“Yusif әmi, çırağı nә üçün söndürmәmisәn?”

Gözlәrimi açıb dedim:

“Ay bәdbәxt, mәni niyә yuxudan oyatdın?”

Yenә dә gözlәrimi yumdum, dedim ola bilsin gördüklәrimi bir daha görә bilәm. Ancaq heyhat, heyhat!... Bu sәadәt bir daha mәnә nәsib olmadı.

Nә xoşdur ol gecә ki, ta qiyamәt,

Ona olmur hәqiqәtdә nәhayәt,

Nә xoşdur ol yuxu ki, bәxt olur yar,

O dәmdә üz verir dilbәrlә didar.

Ayılandan sonra mәni әvvәlkindәn daha bәrk ağlamaq tutdu. Sәhәr istәdim yuxumu Haciyә xanıma nağıl elәyim. Düşündüm ki, dәrdini bir daha tәzәlәrәm, yarasını qoparıb duz sәpmiş olaram. Çünki bu kimi sözlәr müsibәti yada salır, möhnәtin, qәmin, kәdәrin artmasına sәbәb olur.

Gün çıxandan sonra qәbiristanlığa tәrәf yola düşdüm. Gözlәrimdәn ürәk qanı axıdıb, mәzarın torpağını islatdım. Doyunca ağlayandan sonra Mirzә Abbasın evinә gedib yuxumu söylәmәk istәdim. Gördüm Hacı Tәbrizi, Rza xan mazandaranlı da oradadırlar. Dünәn Firәngistandan gәlmişdilәr. İstәyirdilәr Haciyә xanıma başsağlığı vermәk üçün bizә gәlsinlәr.

Rza xan mәni görәn kimi qollarını açıb bağrına basdı, üz-gözümdәn öpüb iylәdi, dedi:

“İbrahim bәyin iyini sәndәn alıram.”

Çox ağladı, heyfsilәndi. Bir qәdәr sakitlәşәndәn sonra mәn öz yuxumu әvvәlindәn axırınadәk gördüyüm kimi danışdım. Hamı doluxsundu. Rza xan dedi:

“Bu yuxunun tәbiri aydındır. Bir para hadisәlәrdәn duyulur, min ümidsizlik vә mәyusluqdan sonra artıq indi ümid doğulur.”

Keçdi hicran möhnәti, gәldi sәfayi-vәsli-yar,

Üz qoyur abadlığa viranә qalmış bu diyar.

Vәtәnpәrvәrlәrin duasının bәrәkәtindәn xoşbәxtlik, şәnlik vә sәadәtimizin әsası yarandı, dövlәtimiz mәdәniyyәt sahәsinә qәdәm qoydu, qurumuş arxa yenidәn su gәldi. Sizә qonaq olacağım bu neçә gündә fürsәt olsa vәtәnin sәadәtindәn xәbәr verәn bu yuxunu tәbir etmәyә vә şәrhini söylәmәyә çalışacağam. Әziz vәtәnimizin bütün bu mәşәqqәtlәrә vә viranlığa düçar olduqdan sonra istiqlaliyyәtә vә parlaq istiqbala nail olacağı müjdәsini eşidib şükranәsini yerinә yetirәrsiniz. Bәli, "Mumiyanın qәdrini sınıq qol bilәr".

Ta xarab olmasa abad olmaz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG