Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:53

İlham Əliyev Bakı kəndlərində olub


Aprelin 11-də Suraxanı rayonunun Bülbülə kəndini Heydər Əliyev prospekti ilə birləşdirən yeni əlavə yol istifadəyə verilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

AzərTAc-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, yolun 4950 kvadratmetrlik hissəsində asfalt işləri aparılıb, piyadaların rahat hərəkəti üçün qranitdən 110 metrlik uzunluğunda xüsusi səkilər düzəldilib. Girişli-çıxışlı yolun kənarlarındakı 2000 kvadratmetr ərazidə yaşıllıq zolaqları salınıb, 200-dən yuxarı müxtəlif ağac və gül kolları əkilib. Yolda müasir işıqlandırma sistemi də quraşdırılıb. Bütövlükdə Suraxanı rayonunun ayrı-ayrı kənd və qəsəbələrinin məhəllədaxili yolların 36,5 min kvadratmetrlik hissəsinə yeni asfalt döşənib. Yolların 17 min kvadratmetrlik hissəsində asfalt döşəmək üçün hazırlıq işləri görülüb, əlavə olaraq 35 min kvadratmetrlik hissəsinə yeni asfalt örtüyünün döşənəcəyi nəzərdə tutulub.

Həyata keçirilən tədbirlərlə yaxından tanış olan prezident İlham Əliyev sakinlərlə görüşüb.

Daha sonra İlham Əliyev Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gəlib. Hacıbala Abutalıbov Biləcəri qəsəbəsinin sxemi əsasında qəsəbədə asfalt örtüyü vurulmasına ehtiyac olan məhəllədaxili küçələr barədə dövlət başçısına məlumat verib. O bildirib ki, 60 min nəfər sakini olan Biləcəri qəsəbəsində uzunluğu 25,3 kilometr, sahəsi 159,3 min kvadratmetr olan məhəllədaxili yolların əsaslı şəkildə təmir olunması nəzərdə tutulur. Hazırda qəsəbədaxili yolların 10 min 500 kvadratmetr hissəsinə yeni asfalt döşənib. Altı min kvadratmetr hissəsində isə asfalt döşənilməsi üçün hazırlıq işləri başa çatıb.

Biləcəri sakinləri ilə görüşərkən onlar dövlət başçısından qəsəbədə yeni məktəb binasının inşa olunmasını və əhalinin istirahəti üçün lazımi şəraitin olmadığı Dəmiryolçular parkında yenidənqurma işlərinin aparılmasını xahiş ediblər.

Prezident İlham Əliyev Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkına gəlib və buradakı vəziyyətlə yerində tanış olub.

İlham Əliyev sakinlərin istirahəti üçün burada tələb olunan müasir infrastrukturun yaradılması, bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı göstərişlər verib.

Sonra İlham Əliyev Binəqədi rayonunun Sulutəpə yaşayış sahəsinə gəlib. Bu qəsəbədə də məhəllədaxili yolların əsaslı şəkildə təmirinə başlanıb. Məhəllədaxili yolların 5600 kvadratmetrinə asfalt örtüyü döşənib, yolların 7 min kvadratmetrlik hissəsində isə asfalt döşənməsi üçün hazırlıq işləri başa çatdırılıb.

Hacıbala Abutalıbov
prezidentə bildirib ki, qəsəbədə su və kanalizasiya məsələləri həll ediləcək, məhəllədaxili küçələrdə müasir işıqlandırma sistemi qurulacaq.

Sakinlərlə görüş zamanı onlar qəsəbədə fəaliyyət göstərən orta məktəb binasının əlavə korpusa ehtiyac olduğunu deyiblər və yeni korpusun inşa edilməsini dövlət başçısından xahiş ediblər. İlham Əliyev bununla bağlı müvafiq tapşırıqlarını verib.
XS
SM
MD
LG