Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Bu da dövranın Nizamiyə ironiyasıdı


SƏHƏR



ƏDƏBİYYAT, TARİX VƏ AZADLIQ

Ərəb dilli, fars dilli, Ezop dilli Azərbaycan ədəbiyyatı... Bəlkə heç bir xalqın ədəbiyyatı bu qədər şəkildən şəklə düşməyib, deformasiyaya uğramayıb və bəlkə heç bir xalqın azadlıq ideyaları bu qədər uzaqdan başlamayıb.

Hələ Qədim dövrdə Xaqani yazırdı:

Biz ədl sarayıykən zülm ilə bərbad olduq,
Zalımlar olan qəsrə gör neyləyəcək dövran.


Dövranın Xaqaniylə ironiyası ondan ibarətdi ki, nazıyla oynadığı zalımlar hələ də öz qəsrlərində oturub şairə gülməkdədi.

Hələ də Nizaminin ədalətli hökmdar axtarışlarına son qoyulmayıb, onun mərhəmət dərsi keçdiyi sultan səncərlər öz işindədi.

Bu da dövranın Nizamiyə ironiyasıdı.

Hələ də Orta əsrlərin “Salam verdim, rüşvət deyildir-deyə almadılar” aforizmindən bu yana bir addım atılmayıb.


Hələ də Nizaminin ədalətli hökmdar axtarışlarına son qoyulmayıb, onun mərhəmət dərsi keçdiyi sultan səncərlər öz işindədi.

Bu da dövranın Nizamiyə ironiyasıdı.
On doqquzuncu əsr maarifçilərinin o boyda əziyyətindən sonra biz yenə köynəklərimizi yırtıb zəncir vurmaqla və çadra örtüb altında gizlənməklə məşğuluq.

Gözümüzün önündə Babəkin, Nəsiminin, Seyid Əzimin qatillərinin yeni nəsli yetişir.

Biz isə öz tələbələrimizə “Sən də riyakarmı olmaq istəyirsən?” - deyə bilmirik.

Bizmi Mirzə Şəfi deyilik, onlardanmı Mirzə Fətəli çıxmayacaq, bu artıq başqa söhbətin mövzusudu.

Nəhayət, biz hələ də ironiyanın kulminasiya nöqtəsində - Axundzadənin “Aldanmış kəvakib”i alnına yazılmış bir ölkədə yaşayırıq.

“Qəzvin əhli hər gün qala qapılarından adam şaqqalarını asılmış görmədilər...

Sonra təzə padşahın rəhimli və yumşaqtəbiətli olması barədə mübahisələr başladı...

Müxtəsəri-kəlam, bir belə rəhmli padşahin himayəsi altında yaşamaq nəhayət dərəcədə dərdli göründü".


Bu sözlər əsərin ədalətli hokmdar obrazı olan Yusif Sərrac haqqındadı.

Mənzərə tanış gəlirmi? Bu həqiqətin elə çılpaq formasıdı ki, üstünü açmaqçün artıq heç bir sözə ehtiyac yoxdu.

Bizim ədəbiyyat azadlığı kifayət qədər dərk etmiş ədəbiyyatdı.

Təəssüf ki, bu azadlıq Hadi kimi sərgərdan, Cavid kimi didərgin, Müşfiq kimi itkindi.

Mirzə Fətəli Axundov
Çünki biz öz düşüncələrimizi həyat tərzinə çevirə bilmədik və bəlkə heç bir xalqın azadlıq arzusu bu qədər uzun, məşəqqətli yol keçməyib.

İyirminci əsrin əvvəllərində M.Ə.Sabir Səttərxan inqilabından ruhlanıb yazırdı:

Afərin, təbriziyan, etdiz əcəb əhdə vəfa!
Dustu döşmən əl çalıb eylər bizə səd mərhaba...

Səttərxan övladlarının bugünkü aqibəti də dövranın Sabirə ironiyasıdı.

Böyük satirikin heç vaxt xəbəri olmayacaq ki, bu şeiri yazmasından cəmi on il sonra bütün müsəlman şərqində ilk demokratik cumhuriyyət olan Azərbaycan Demokratik Respublikası yarandı.

Çox keçmədən isə bu cumhuriyyətin qurucusu tarixin heç vaxt unutmayacağı o məşhur cavabı verməli oldu: “Biz bu iyirmi üç ay ərzində azadlıgın nə olduğunu, istiqlalın tamını xalqa az da olsa dadızdırdıq”.

Bəli, bizim tarix də azadlığın nə olduğunu anlayan, Xətayidən üzü bəri onu dəfələrlə yaşayan tarixdi.

Amma hər dəfəsində biz oyuna meydanın mərkəzindən başlamalı olduq.

İstiqlalı dadmış bir xalq onu bir daha əldən verməməliydi.

Biz azadlığı sevdikcə ona tamarzı qalmaga da vərdiş elədik.

Bu ironiyanın isə nəinki səbəbi, heç müəllifi də məlum deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG