Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:01

Rusdilli yazıçılar - Azərbaycan, yoxsa rus yazıçılarıdır?


Natiq Rəsulzadə
Natiq Rəsulzadə
“Dil – təfəkkür tərzini, mentaliteti formalaşdırır” – deyirlər. Amma bu nə dərəcədə Azərbaycanın rusdilli yazıçılarına aid edilə bilər?

Onlar kimdir? - Azərbaycan, yoxsa rus yazıçıları?

Onları ürəklə Azərbaycan ədəbiyyatının ayrılmaz hissəsi adlandırmaq olarmı?

Azadlıq Radiosunun “Pen klub” proqramındakı bu müzakirədə yazıçılar Natiq Rəsulzadə, Əli Əkbər və Çingiz Sultansoy qatılıblar.


Çingiz Sultansoy:

Mən hesab edirəm ki, Azərbaycanın rusdilli yazarları da Azərbaycanın yazarlarıdır.

Və hesab edirəm ki, onlar Azərbaycan ədəbiyyatını zənginləşdirirlər.

Mən həm bu iki dildə oxuyuram, həm də yazıram.

Son vaxtlar –latın əlifbasına keçəndən sonra mənim üçün kiril əlifbasında-yəni rus dilində oxumaq daha asan olub.

Çünki latınla oxumaq sürətim kirildən təxminən 3 dəfə aşağıdır.

30-40 il əvvəl Azərbaycanda bir xeyli adam var idi ki, rus dilində yaxşı danışırdılar. Amma Azərbaycan dilini bilməməyin hesabına.

Bu da tək dil problemi deyildi.

Mən bunu vətəndaşlıq mövqeyi, milli hisslərlə bağlayardım.

Qonşu gürcülər və ermənilərlə müqayisədə bizdə millətçilik zəif olub ki, bu özü də bir
Çingiz Sultansoy
siyasi problem idi. Və bu problem çox təəssüf ki, indiyədək qalır.

Natıq Rəsulzadə:

Bu söhbətlər həmişə olub. Mənə də deyiblər niyə rusca yazırsan? Mən çox istərdim ki, Azərbaycandakı yazıçıların bir neçəsi ingilis, digər bir neçəsi fransız və sair dillərdə yazsınlar. Amma bir şərtlə ki, alman, ingilis, fransiz, rus yazıçılardan zəif yazmasınlar. Və mütləq öz vətənindən, xalqından yazsınlar.

Bu bizim baş ucalığımız olar. Biz gərək elə yazıçıları gözümçıxdıya salmayaq. Azərbaycandan yazmırsa, o artıq azərbaycanlı deyil.

Amma rus və başqa dildə də olsa, əgər Azərbaycandan yazırsa o mütləq Azərbaycan yazıçısı sayılmalıdır.

Sovet dövründə rus dilində yazmaq məhşur olmaq üçün ən qısa yol idi. Məsələn, Moskvada jurnallarda, kitablarda əsərlərim çıxanda heç xəbərim olmurdu.

Avropada - Polşa, Çexoslovakiya, Macarıstan, Yuqoslaviyada həmin əsərlərimi oradan götürüb tərcümə edirdilər.

Sonra mənə xəbər edilirdi ki, filan yerdə kitabın çıxıb, gəl qonorarını al. Qısa yol bu idi.

Qırğızıstanda Çingiz Aytmatov, eləcə də digər sovet respublikalarında dünya şöhrəti qazanan yazıçılar rus dilinin hesabına buna nail olmuşdular. O dövr böyük bir nəsil rusdilli ziyalılar əmələ gəlmişdi.

Azərbaycanın şəhərlərində də çoxları uşaqlarını rus məktəblərinə qoyurdular.

Amma yenə də deyirəm ki, dil məsələsi problem deyil. Şəxsən mən özümü Azərbaycan yazıçısı hesab edirəm.

Amma kimsə mənə desə ki, sən rus yazıçılardan yaxşı yazırsan, deməli sən Rusiya yazıçısısan, mən etiraz etmərəm.

Şəxsən mən Azərbaycandan rus dilində yazanda var gücümlə çalışıram ki, vətənimi, Rusiyada, Avropada tanısınlar. Yazaq Azərbaycan dilində. Mən yazım siz oxuyun. Siz yazın mən oxuyum.

Elə olmaz. Bu çayxana şeirləri deyil ey. Dil vasitəsilə özümüzü və Azərbaycanı tanıtdırmalıyıq.

Əli Əkbər:

Əli Əkbər
Ədəbiyyat dil hadısəsidir. Bir əsərin Azərbaycan ədəbiyyatı adlanması üçün, onun əlbəttə ki, Azərbaycan dilində yazılması lazımdır. Amma rus dilində yazırsa, bu daha yaxşı.

Niyə axı rus dilində yazan yazıçılar çalışırlar ki, onları Azərbaycan yazıçısı adlandırsınlar.

Axı niyə istəyirlər ki, onların belə bir titulu olsun. Olmasın. MDB məkanı daha genişdir.

Qoy olsun Rusiya, yaxud MDB yazıçısı. Rus dilində yazmaqla siz öz sərhədlərinizi genişləndirirsiniz. Azərbaycanca yazsanız uzağı 3-5 milyon İranda oxuyacaq sizi, o da əgər oxusalar.

Bir də Azərbaycanda. Əgər əlbəttə ki, tərcümə olunmasanız. Amma rus dilində yazanda siz birbaşa yüz milyonlarla oxucu qazanırsınız.

Başda Natiq Rəsulzadə olmaqla rus dilində yazanlar öz oxucularını itirmiş yazıçılardır. Onların oxucuları ölkədən çıxıb gediblər. Natiq Rəsulzadənin oxucularının 90 faizi gedib.

O ki, qaldı rus dilində yazan gənclərə, mən onları oxuyuram. Onların yazdıqları rus dili çox bərbaddır.

O mətnlərin rus dilinə dəxli yoxdur. Onlar burada 5-10 oxucu ilə məhdudlaşırlar. Rusiyaya isə ümumiyyətlə çıxa bilməzlər.

Çünki nə Rusiyada, nə MDB məkanında heç kimə maraqlı deyil onların mətnləri….

Yeri gəlmişkən deyim ki, keçən il MKM-də Həmid Herisçi, Rafiq Tağı kimi özünü təsdiqləmiş yazıçıları bir repçıyə uduzdurdular.

Bu il də əgər, məsələn Natiq Rəsulzadəni ondan qat-qat zəif birisinə uduzdursalar, yaxşı olmayacaq.

Ola bilsin ki, Natıq bəy depressiyaya düşəcək…

PROQRAMA TAM ŞƏKİLDƏ BURDA QULAQ AS

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG