Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Bapbalaca kitabların muzeyi


«BU, MUZEY DÜNYADA ANCAQ AZƏRBAYCANDADIR»

«Siz Miniatür Kitab Muzeyindəsiniz. Bu, muzey dünyada ancaq Azərbaycandadır. Kolleksiyamızda 6500 kitab var. Onun 5100-ü sərgidədir. Bu kitablar 68 ölkəni təmsil edir, 28 il ərzində yığılan kitablardır»

İçəri şəhərin sakit güşələrindən birində - Şirvanşahlar Sarayının bir neçə addımlığında yerləşən bu muzeyin eksponatları bapbalaca kitablardır. O qədər balacadırlar ki, adlarına miniatür kitablar deyirlər.

9 il əvvəl Zərifə Salahovanın açdığı bu muzey elə belə də adlanır – Miniatür Kitab Muzeyi. Muzeyin yaradıcısı və təsisçisi Zərifə Salahova danışır ki, 1982-ci ildə Moskvada Krılovun 1837-ci ildə çap olunan kiçik formatlı kitabını alanda ilk dəfə miniatür kitabları görüb. Satışda 6 müəllifin miniatür kitabları varmış. Altısını da alıb. O gün bu gün, başlayıb həmin kitabları yığmağa. Dünyanın hansı ölkəsinə gedibsə, ilk maraqlandığı bu miniatür kitablar olub.

BAŞQA QADIN PULLARI NƏYƏ XƏRCLƏYƏRDİ ?

Zərifə Salahova
«Başqa qadın pulları nəyə xərcləyərdi, kosmetikaya, paltara, qızıla, mən isə kitablara xərcləmişəm»

9 il əvvəl bu kitab muzeyi açıb. Muzeydə Azərbaycan, dünya ədəbiyyatı, dini və ayrı-ayrı siyasi xadimlərin çıxışlarının əks olunduğu kitablar var.

Muzeyə gələnlərin də ən çox diqqətini çəkən kitabların müxtəlifliyidir. Tələbə Şəfiqə Savalanova dünya ədəbiyyatı ilə maraqlananda qarşısına çox sevdiyi müəllifin kitablarının miniatür forması çıxıb:

«Çox maraqlıdır. Həm Azərbaycan ədəbiyyatı, həm dünya ədəbiyyatı. Burda ən çox xoşuma gələn Şekspirin 1903-cü ildə Londonda yazdığı kitablar toplusu oldu».

Gülarə İslamova isə dini kitablar bölməsinin qarşısındaydı:

«İlk dəfədir bu muzeyə gəlirəm. Çox şadam ki, Azərbaycanda belə bir muzey var. Burda Azərbaycan tarixini əcnəbilərə çatdırmaq üçün yaxşı vasitələr var. Məni daha çox dini kitablar cəlb elədi».

HEYDƏR ƏLİYEVDƏN ÇÖRÇİLƏ QƏDƏR...


Muzeydə Heydər Əliyevin 1993-cü ildə andiçmə mərasimindəki və ABŞ-ın keçmiş prezidenti Kennedinin çıxışlarına da rast gəlmək olur. Üstəlik orada Barak Obamaya, Mustafa Kamal Atatürkə aid kitablara qədər müxtəlif mövzularda miniatür kitablar yer alır . Hətta İlham Əliyevin çıxışlarına qədər. Bundan başqa Türkiyə prezidenti Abdulla Gülün, Rusiya prezidenti Putinin Azərbaycana səfərləri haqqında kitablar da bu muzeydə var.

Kitabların əksəriyyəti muzeyin nəşriyyatında çap olunub.

Muzeyin nəşriyyatının sonuncu məhsulu Fidel Kasto haqqında ispan və rus dillərində olan kitabdır. Başqa bir bölmədə Lenin, Stalin. Çörçilə aid miniatür kitablar yer alıb.

Türkiyədən olan turist Həsən Mətinin də xoşuna gələn bu müxtəliflik idi:

«Bu kitablar o qədər kiçik, incədirlər ki. İlk dəfədir belə bir muzey görürəm. Burda müxtəlif ölkələrin mədəniyyəti təmsil olunur. Çox maraqlı göründü. Həm də siyasi kitablar da var».

SIRĞA KİTABLAR


Üstündə atalar sözü yazılan sırğa kitablar və mikroskopla oxuna bilən qədim kitablar gələnlərin diqqətini daha çox cəlb edir. Muzeyin əməkdaşı Natalya Qəribova həvəslə gələnlərə kitabları təqdim edir:

«Kolleksiyamızda olan ən kiçik kitablar Yaponiyada nəşr olunan kitablardır. Hər kitabın 16 səhifəsi var, hər səhifəsində 50-dən 100-ə qədər hərf var. Ölçüsü 2 millimetrdir. Ən qədim kitablar isə bu iki Qurandır. 17-ci əsrdə Səudiyyə Ərəbistanı, daha sonra 1887-ci ildə çap olunmuş çexlərin dini kitabıdır».

Muzeydə maraqlı bir kitabçada var. Bu kitabçada muzeyə gələnlərin qeydiyyatı aparılır. 9 ildə muzeyə 120 mindən çox adam gəlib. Muzeyə giriş isə pulsuzdur.
XS
SM
MD
LG