Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Əli Əkbər ədəbiyyat və siyasət haqda


Əli Əkbər


“Dalğa” Gənclər Hərəkatı mənə “Ədəbiyyat və siyasət münasibətləri”nə dair məruzə ilə çıxış etməyi təklif edəndə məmnuniyyətlə razılaşdım.

Lakin o gün, bu gündür “gənclərin qarşısında nə danışacağam?” sualı mənə dinclik vermir.

Çıxışlarıma hazırlaşmaq kimi adətim olmasa da (özümdən razı və arxayın olduğuma görə yox, illərdir eyni mövzularda çıxış etdiyimə görə) “ədəbiyyat və siyasət münasibətləri” kimi konkretlik tələb edən, improvizasiyaya bir o qədər də açıq olmayan mövzunu məşq eləməyin zərurətini hiss edirəm.

Bəri başdan deyim ki, yazıçı və siyasət, yazıçı və toplum münasibətlərinin təməlində ilk növbədə vətəndaşlıq mövqeyinin, sosial məsuliyyət hissinin dayandığına inanıram.

Hər kəs yazıçı olmaya bilər, amma hər kəs vətəndaş olmalıdır.


"İndi mən də Norveçdə, İslandiyada, Fransada, nə bilim Almaniyada dünyaya gəlsəydim, çətin ki, bu dövlətlərin iqtidar-müxalifət davasında tərəfə çevrilərdim".
Banal həqiqətləri ona görə yada salıram ki, 1969-dan bəri xalqın məruz qaldığı mənəvi terror nəticəsində nəinki vətəndaşlıq, hətta vətən məfhumu da urvatdan salınıb, dəyərdən düşüb.

Bu səbəbdən müasir Azərbaycanda yazıçı-toplum, ədəbiyyat-siyasət münasibətlərinin mərkəzində pulun, şəxsi mənfəətin, titulun yox, dəyərlərin dayandığına insanları inandırmaq olduqca çətindir.

İstənilən halda pafoslu alınır. Əliyevlər xalqın mənəvi dünyasını elə viran qoyublar ki, ortastatistik azərbaycanlı artıq qırx ildir “vətəndaş mövqeyi”, “sosial məsuliyyət”, “vicdan” kimi söhbətləri hərləmir.

***

Ötən əsrin birinci yarısında repressiyaya uğramış məşhur yazar və şairlərimizin yaradıcılığına nəzər yetirsək, Sovet quruluşuna yönəlmiş birbaşa tənqid, hücum faktlarının azlığına heyrət edər; “kimin nəsrində ya da poeziyasında sosializm ideyaları açıq-aşkar lənətlənirdi?” sualına cavab tapmaqda çətinlik çəkərik.

Görərik ki, Müşfiqin poeziyası sosializmə simpatiya ilə, səmimi rəğbətlə doludur. Hüseyn Cavid isə daha çox bəşəriyyəti narahat edən, qlobal problemlərə (İblis – Ə.Ə.) toxunub.

Nə olsun?

Axı onlar da repressiya maşınından qurtula bilmədilər. Milli satqınlarımızın, ulu yaltaqlarımızın sürgün etdirdiyi, güllələtdirdiyi o böyük şəxsiyyətlərin tək arzusu simalarını itirməmək şərti ilə sivrilmədən, sakitcə öz işləri ilə məşğul olmaq idi. Bunu da onlara çox gördülər.

Elə bu səbəbdən də bir çoxlarının yaradıcılığında bədii-estetik yön dominantlıq etməkdə, mətnlərində ezop dilinə yaxın üslub sezilməkdə idi.

O ağır dövrdə yaşayıb-yaratmağın çətinliklərini empatiya ilə anlamağa çalışanda hər şey aydın olur.

Bir siyasi mühit təsəvvür edin ki, orada hacıməmmədovlar altdan-altdan iş görmür, jurnalistlər evlərinin qabağında güllələnmir, baş redaktorlar maniakal inadkarlıqla həbsxanalarda çürüdülmür, aktivistlərin cibinə heroin atılmır.

Hər şey daha sadə, konkret və imitasiyasızdır – terrorçu-repsressiv aparat leqal işləyir - adamları günün istənilən vaxtı evindən, iş yerindən, küçədən oğurlayıb, gedər-gəlməzə aparır.

Rusiya - yazıçı Eduard Limonov müxalifətin aksiyasında saxlanıb. 31 mart 2011
Bəs imperiyanın ən əzəmətli və həşəmətli illərində rejimə canla-başla xidmət edən; xalq düşmənlərini, müsavatçıları ifşa etməkdən ötrü gecə-gündüz “krısalıq”la məşğul olan yazıçılara, şairlərə, incəsənət xadimlərinə münasibət necə olmalıdır? Rəsul Rza, Səməd Vurğun, Bülbül kimilərinə də bəraət qazandıra, onlara qarşı empatik ola bilərikmi?

Nəzərə alsaq ki, o ağır illərdə başda Rusiya olmaqla imperiyanın dörd bir yanında aşağı-yuxarı analoji vəziyyət hökm sürürdü, o zaman Rəsul Rzanı da başa düşmək olar, Üzeyir Hacıbəyovun əleyhinə donos yazmaqdan əlləri qabar olan Bülbülü də.

Xüsusilə yazıçılar, ümumiyyətlə isə bütün yaradıcı adamlar, mədəniyyət-incəsənət xadimləri “siyasi” olmağa, agitator rolunda çıxış etməyə, propaqandanı həyatlarının mərkəzinə qoymağa məcbur edilirdilər.

Yaradıcılığa vəsiqələrini bu şərtlə alırdılar.

Vəziyyət o yerə çatmışdı ki, Seymur Baycanın sevimli şairi, məşhur “Jdi menya” (Gözlə məni) şeirinin müəllifi Konstantin Simonov, Stalinin göstərişi ilə Fransa, Yaponiya, hətta ABŞ-a yollanıb, bu ölkələrdə siyasi təbliğatla məşğul olurdu.

Deməli hakim ideologiyanın yanında dayanmaq, onun ruporuna çevrilmək, ona yaltaqlanmaq və müxalifləri ifşa etmək formasında da olsa, Sovet yazarları siyasətin içində, hətta dibində idilər.

Çox maraqlıdır ki, bu gün bizləri, yeni nəsil yazarları siyasətə qurşanmaqda, hətta ədəbiyyatı siyasətə qurban verməkdə suçlayan nadanlar rəğbət etdikləri, əziz tutduqları, meyar saydıqları 30-cu və 60-cılar nəsli yazıçı və şairlərin siyasi məddahlığını görməzdən gəlir, bəzən inkar yolunu seçir, çox zaman isə onlara bəraət qazandırırlar.

Halbuki onların siyasət dediyi, əslində vətəndaş mövqeyidir.

Vətəndaş mövqeyinə qarşı hücuma keçmək çətin olduğuna görə AYB-çilər, prezident təqaüdçüləri, Milli Kitab Mükafatçıları ədəbiyyatın siyasiləşməsinin gərəksiz və təhlükəli olmasından dəm vururlar. Guya bunlar ağıllıdırlar.

Məfhumların yerini dəyişməklə, cılız hiyləgərliklə gerçək simalarını gizlədə biləcəklərini sanırlar.

Deməli bunlar, sələfləri kimi hakim ideologiyanın yanında dayanmaqla, yaltaqlığı həyat tərzinə çevirməklə, “sukalıq” etməklə, ev yıxmaqla “siyasətə” girişmiş olmurlar, amma min bir məhrumiyyətə sinə gərərək status-kvoya etiraz edən və rejimdən gələ biləcək bütün preferensiyaları əllərinin tərsi ilə itələyənlər siyasətə bulaşmış, ədəbiyyatı siyasətə qurban vermiş olurlar.

Sizin məntiqinizi sevsinlər.

***

Ötən həftə ATƏT Rusiya və Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüquqlarından məhrum edildiklərini, bunun da narahatlıq doğruduğunu açıqlamışdı.

Adımızın bir yerdə hallanması təsadüfi deyil.

Bu həmin o Rusiyadır ki, Azərbaycanın 200 illik keçmişi onunla bağlıdır. Problemlərimiz ortaq, refleksiyalarımız oxşardır.

Bizdə olduğu kimi, orada da gündəyməzi yapon yapışqanı ilə hakimiyyət kreslosuna pərçimlənmiş avtoritar rejimlə demokratik qüvvələr arasında illərdir mübarizə gedir.

Rusiyanın çağdaş ədəbiyyatına nəzər saldıqda isə, bir yanda SSRİ-nin reanimasiyasına çalışan imperiya carçısı Aleksandr Proxanovu, bir yanda Rusiyanın avtoritarizmi və neoimperialist meylləri ilə məzələnən Vladimir Sorokini, bir yanda isə, öz intellektual sarkazmı ilə hamını dolayan Viktor Pelevini görürük.

Yəni kifayət qədər siyasiləşmiş bir ədəbi mənzərədən söhbət gedir.

Bu günün özündə belə, Soljenitsının statusu ətrafında mübahisələr səngimir. Bir sual hamını düşündürür – o daha çox siyasi fiqur, yoxsa yazıçı idi?

Doğrusu, məndən ötrü onun sosial-siyasi statusunun heç bir önəmi yoxdur – Slojenitsın öz missiyasını artıqlaması ilə yerinə yetirmiş, tarixə adını azadlıq mücahidi kimi yazdırmış adamdır. Amma o da dəqiqdir ki, bundan sonra Soljenitsın(lar) yetişməyəcək.

Ona görə yox ki, Soljenitsın əvəzolunmaz və təkrarsızdır – ona görə ki, Soljenitsın kimi bir adamın formalaşmasını şərtləndirən ideolojik dövlət artıq yoxdur.

Rusiyada statusu qeyri-müəyyən olan; yazıçımı, siyasətçimi olduğu bilinməyən daha bir parlaq fiqurun adını qeyd etməliyəm – bu, Eduard Limonovdur.

Vətəndaş itaətsizliyi aksiyalarının aktiv təşkilatçısı və iştirakçısı, Limonka adlı radikal-ekstremist jurnalın baş redaktoru, 30-dan artıq kitabın müəllifi, Rusiyanın müxtəlif nöqtələrində narazıların yürüşünü təşkil edən Limonov, ən azı ayda bir dəfə Rusiyanı qatır bir-birinə. Nemtsov və Kasparovla çiyin-çiyinə verərək, 10 ildir Putinlə dava eləyir.

Hətta kitablarından birinin də adı belədir: “Limonov Putinə qarşı”.

Qayıdaq özümüzə.

Ədəbiyyatı siyasətə alət etməyin yolverilməzliyindən danışanların kimliyinə diqqət yetirin – hamısı AYB-çi, nökər xislətli, müti adamlar.

Cəmiyyətimizdə sözün əsl mənasında aydın fikirli, ziyalı kimi tanınan, sevilən, sayğı duyulan bircə nəfər göstərin ki, siyasət və ədəbiyyatın bir-birinə zidd anlamlar olduğunu iddia etsin.

Siyasətlə ədəbiyyatı qütblərə ayıranlardan biri, arqumentlərinin sırf estetik xarakterli olduğunu, komformizdən və qorxaqlıqdan irəli gəlmədiyini mənə sübut etməyə çalışanda, ona qısa və konkret sual verdim: “Ədəbiyyatın aktual, cari məsələlərə münasibət bildirmək kimi bir funksiyası varmı, yoxmu?”

Adam kimi cavab verə bilməmişdi. “Amneziya” romanı ətrafında başlayan mübahisədə, romanımı “siyasi agitasiya aləti” adlandıran bu şəxs, bədii-estetik qatın siyasi lirikaya, manifestasiyaya uduzduğunu deyirdi.

Onun şəxsiyyəti və vətəndaş mövqeyi hamıya bəlli olduğundan, romanım haqda dedikərini qulaq ardına vurmuş, doğru yolda olduğuma bir daha əmin olmuşdum.

Sorokin, Pelevin, Limonov, Yerofeyev kimi yazarların meydana çıxması, Sovet dissidentliyi illərində aktual olan ezop dilinin ömrünü başa vurması, sözün birbaşa ünvana deyilməsi dövrünün başlaması ilə əlaqəlidir.

Artıq ədəbiyyatda intellektual epatajın, sarkastik alleqoriyaların, absurdun, qroteskin hakim olduğu bir epoxada və coğrafyada yaşayırıq.

Bu gün müasir Azərbaycan ədəbiyyyatında iki əsas istiqamətdən söhbət gedə bilər – gündəmdən uzaq, təhlükəsiz mövzuların mərkəzində dayanan yaltaq, məzmunsuz, darıxdıcı ədəbiyyat və siyasi epataj üslubunda yaranan non-konformist ədəbiyyat.

Birincilər ikinciləri bədiilikdən yoxsun, estetikadan uzaq, propaqandaçı uğursuzlar adlandırır.

İkincilər isə birinciləri ümumiyyətlə adam yerinə qoymurlar. İnsaf üçün deyək ki, doğrudan da adam deyillər.

Niyəsi aydındır.

Avropa, ABŞ, Kanada yazıçılarının siyasətə bulaşmamaq lüksu var.

Hətta siyasi mövzuların onlarda ikrah doğurması da təbiidir – nə borclarına prezident kimdir, baş nazir nəçidir, mədəniyyət naziri nə yuvanın quşudur?

Əsas odur ki, SİSTEM İŞLƏYİR! Bu qədər. İndi mən də Norveçdə, İslandiyada, Fransada, nə bilim Almaniyada dünyaya gəlsəydim, çətin ki, bu dövlətlərin iqtidar-müxalifət davasında tərəfə çevrilərdim.

Çünki orada nə YAP var, nə AXCP-Müsavat, nə İctimai Palata, nə Lider TV, nə də AzTV. Başımı aşağı salıb, işimlə məşğul olardım.

İndiki vəziyyətdə susmaq isə – şəxsiyyət kimi yox olmaq deməkdir.

P.S. “Amneziya 2000 ədəd satılıb deyə səninlə işləri yoxdur. Roman on min tirajla satılsaydı, gör başına nə oyun açırdılar”.

Bu da Azərbaycan reallığından babat başı çıxan, müdrik oxucumun araq süfrəsində mənə dediyi sözdür.

Həqiqətən də, Azərbaycanda adambaşına düşən Buddaların sayı Nepal, Tibet və Çindən yetmiş yeddi dəfə çoxdur. Şəkk edənə lənət.

Demokrat qəzeti

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG