Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:36

Xarici nümayəndəliklərin səlahiyyəti, mənimsənilən milyonlar, təqaüdlərin müqayisəsi və ...


Mətbuat icmalı
Mətbuat icmalı
«XARİCİ NÜMAYƏNDƏLİKLƏR ÖZ MANDATLARI ÇƏRÇİVƏSİNDƏ FƏALİYYƏT GÖSTƏRMƏLİ, AZƏRBAYCANIN DAXİLİ İŞLƏRİNƏ MÜDAXİLƏ ETMƏMƏLİDİRLƏR». Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbərinə məxsus bu fikirlər «Azərbaycan» qəzetində dərc edilib.

«Azərbaycan xarici dövlətlərdə müxtəlif qüvvələr tərəfindən keçirilən aksiyalara və hökumətə qarşı təşkil olunan tədbirlərə heç vaxt münasibət bildirməyib və hesab edib ki, bu, həmin dövlətlərin daxili işidir. Belə halda yaxşı olar ki, xarici nümayəndəliklər öz mandatları çərçivəsində fəaliyyət göstərsinlər və Azərbaycanın daxili işlərinə müdaxilə etməsinlər», - deyə Əli Həsənov bildirib.

Bundan başqa, «Azərbaycan» qəzeti «AZƏRBAYCANDA XAOS VƏ ANARXİYAYA İMKAN VERİLMƏYƏCƏK» başlıqlı yazı da dərc edilib.

Bu yazıda xarici ölkələrdə aksiyaların qarşısının necə alınmasını əks etdirən fotolar dərc edilib. Qeyd olunur ki, «ABŞ-da və Avropa ölkələrində icazəsiz aksiyaların qarşısının alınmasında gözyaşardıcı qazlardan, su şırnaqlarından, rezin güllələrdən, təlim görmüş itlərdən geniş istifadə olunur».

«Bizim yol» qəzeti yazır ki, «KOMMUNAL SEKTORDA YÜZ MİLYONLAR MƏNİMSƏNİLİR».

«Keyfiyyətsiz və bahalı kommunal xidmət göstərilməsinə baxmayaraq, bu gün müvafiq qurumlar əhalidən haqları zorla yığır, abonentlərin ayağına şişirdilmiş borclar yazır. Belə bir vəziyyətdə hökumət «humanizm» nümayiş etdirərək, kommunal borcların amnistiyası məsələsini gündəliyə gətirir. Vətəndaşlar isə həyatını zillətə döndərən borc problemindən yaxa qurtarmasına sevinir. Amma bilmir ki, bu vəsait onların boğazlarından kəsilib, kimlərinsə cibinə axan pullardır».

«Yeni Müsavat» qəzeti isə yazır ki, «TÜRKİYƏ AZƏRBAYCAN QAZININ İXRACINDAN UZAQLAŞDIRILIR».

«Türkiyə Azərbaycan qazını Avropaya təkrar ixrac etmə statusunu itirir. Buna səbəb Bakının qazın Avropaya birbaşa ixracına dair danışıqlara başlamasıdır. Dünən artıq elan olunub ki, artıq Azərbaycan təbii qazını Yunanıstana Dövlət Neft Şirkəti ixrac edəcək».

Qəzet yazır ki, «istər qaz alqı-satqısına dair gedən danışıqlar, istərsə də digər səbəblər üzündən Yunanıstan prezidentinin Bakıya səfəri Ankarada narahatlıqla qarşılana bilər».

«Azadlıq» qəzeti yazır ki, «AZƏRBAYCANDA TƏLƏBƏLƏR DƏ «QAYĞI»DAN KƏNARDA QALIB».

Tələbə təqaüdünün yaşayış minimumundan xeyli aşağı olduğunu yazan qəzet Azərbaycanla bəzi ölkələr arasında müqayisə aparıb.

«Azərbaycanda ali məktəblərdə ən yüksək təqaüd 80 manatdır və tələbələr üçün heç bir imtiyaz yoxdur. Ölkədə minimum yaşayış həddi rəsmi statistikaya görə, 96 manat, iqtisadçıların hesablamasına əsasən isə, 168 manat təşkil edir. Rusiyada tələbələrin aldığı təqaüd 40 dollar təşkil edir. Ancaq bu ölkədə tələbələr yataqxanalarla təmin edilib.

Ermənistanda tələbələr üçün nəzərdə tutulan təqaüdlər minimum yaşayış həddinə bərabərləşdirilib. Xatırladaq ki, bu ölkədə minimum yaşayış həddi 70 dollardır. Bundan əlavə, tələbə yataqxanalarında ərzaqların qiyməti də xeyli ucuzdur... Ukrayna tələbələri də yataqxana təminatı ilə yanaşı, 80 dollar təqaüd alır. Qazaxıstanda isə tələbə təqaüdü orta hesabla 184 dollardır...

Liviya və Səudiyyə Ərəbistanında tələbələrin təqaüdü 700 dollardır. Küveytdə isə subay tələbələr 700, ailəlilər isə 1200 dollar alır...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG