Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:44

Özün uydurmusan tənhalığını...


Mahir MEHDİ


Tənhalıq ən yersiz şeirdi


Bəsdi yaşadın ayrı adla,
başla...
Yaza bilmədiyinnən yaz
Yaz, özün uydurmusan tənhalığını.
Bir az yekə, bir az güclü,
Bir az da hamıdan
fərqli görünmək üçün.
Seçilmiş olduğunu
təsdiqləmək iddiasıyla.
Yaz, zəifliyini gizlətməyə
Hesablanıb “ tənhalıq “ dediyin
Bu oyun.
Yaz, tənhalıq, sadəcə,
Bir təsəllidi şairlərə,
Girib gizlənməyə
Təhlükəsiz küncdü.
ən etibarlı yerdi,
ən yersiz şeirdi
Yaz, yaza bilmirsən
Yaza bilmədiyinnən,
Götür qələmi başla...

***

Yəhudi nəğməsinə
dönüb, bozarıb səhər.
Səni görürəm, səni
Görə bildiyim qədər.

İki gözdü olanım,
Verilən qədər görür.
Görəmməz bunnan artıq,
Açılannan yer görür.

Yerini verməz heç nə,
Yeri bura yığsalar.
Sənnən burda nə qalar
Məni burdan çıxsalar.

...Şair yazammadığı
Beş-on söz yanındadı.
Şükür, heç kim tək deyil,
Hamı öz yanındadı.

***

Beş-on səs çatışmır,
Hərflər azlıq eləyir,
Nə sözə dönürsən, nə yazıya,
olursan o taylıq...
hər şey əvvəldən qurulub belə,
qoyulub öz yerinə...
Bu ritmi pozmaq gücümüzdən qıraq,
Düzümü ayrı cür sıralamaq çətin.
Dəqiq hesablanıb hər şey,
əvvəlinnən sonunacan,
ən sonuncu anınacan.
İstəsən də kimdi səni
Qırağa çıxmağa qoyan.
Ancaq qorxma, canım-gözüm,
tək deyilsən, özünlə bir yerdəsən.
Bir vaxtlar yazdıqların
arxadı sənə-şeirlərdəsən...
“Bu yağış kəssə...” deyirsən, deyinirsən.
Kəssə guya noolacaq ?
Hara getsən də onsuz durduğun yerdə
kəsişəcək
Yenə həmin küçə,
Həmin qapı,
Həmin dalan...
Ayrı yerə getməyəcəksən ki ?
Uzaqbaşı bir mən, bir də
Bu yağmurlu gecə
olacaq yadında qalan, o da yalan...
...Çıxsan, çətirsiz çıxma,
Kəsənə oxşamır bu yağış.
Ola biləcəkləri istəmə,
Ola bilməyəcəklərdən yapış.

SİMSAR.AZ

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG