Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Höküməti qorxudan rəssam


«O HÖKUMƏTİ DEVİRMƏYƏ ÇAĞIRMIR»

Çinin dövlət qəzeti tanınmış rəssam və ictimai fəal Ai Weiweinin həbsi ilə bağlı Qərbin ittihamını rədd edib. Hökumət orqanları ailəsinə belə onun harada olması ilə bağlı heç bir məlumat verməyib.

Ai Weiwei bazar günü Pekindən Honk-Konqa uçmaq istəyəndə saxlanılıb. Polis onu təyyarəyə minmək istəyəndə tutub aparıb. «Amnesty İnternational» təşkilatının Şərqi Asiya üzrə tədqiqatçısı Corina- Barbara Francis deyir ki, böyük ehtimalla 53 yaşlı rəssam son vaxtlar həbs edilən çoxsaylı dissidentlər cərgəsinə qoşulub:

«O hakimiyyətə qarşı çıxmaq, öz sözünü açıq söyləmək cəsarəti olan bir şəxsin rəmzinə çevrilir. Mən deyərdim ki, hətta çevrilib. O hökuməti devirməyə çağırmır. Sadəcə insanlara fərqli fikirlərini ifadə etməyə, Çində dəyişiklik barədə, ölkənin sağlam yolla irəliyə getməsi üçün nəyin vacib olduğu barədə açıq danışılması ilə bağlı müzakirələrə icazə verilməsini istəyir».

«TARİX ÖZÜ HÖKM ÇIXARACAQ»


Hökumətin «Global Times» qəzetinin baş məqaləsində deyilir ki, rəssamın yoxa çıxmasından sonra Qərbin sərt tənqidi «Çinin fundamental məhkəmə suverenliyinə qəsdə bərabərdir». Məqalədə o deyilir ki, «tarix özü Ai kimi adamlar haqqında hökm çıxaracaq. Ancaq bundan əvvəl onlar hesab verməlidirlər».

Ai Weiweinin həbsi Qərb dövlətlərinin və hüquq müdafiəçilərinin etirazına səbəb olub. Onlar bu hadisəni Yaxın Şərq və Şimali Afrikadakı etiraz aksiyalarından sonra Çində müxalif fikrə qarşı başlanmış kampaniyanın bir hissəsi sayırlar.

ABŞ-ın Pekindəki səfirliyi bildirib ki, onun saxlanması Çin vətəndaşlarının əsas azadlıqlarına və insan hüquqlarına ziddir. Avropa Birliyinin Çindəki səfiri Markus Ederer Çində hüquq müdafiəçilərinin, vəkillərin və ictimai fəalların qanunsuz həbs edilmələri hallarının artmasından narahatlığını bildirib.

YASƏMƏN İNQİLABINA ÇAĞIRIŞ


Fevralın 17-də internetlə yayılmış müraciətdə Çində «Yasəmən inqilabına» çağırış əks olunmuşdu. Bu müraciət ciddi etiraz aksiyaları ilə nəticələnmədi.

Hüquq müdafiə təşkilatı «Amnesty İnternational» bildirib ki, Çin hökuməti həmin vaxtdan həbs edilmiş ictimai fəalların və siyasətçilərin müdafiəsini dayandırması üçün vəkillərə hədə-qorxu gəlməyə başlayıb.

Londonda yerləşən kampaniya qruplarından biri isə bildirib ki, azı daha 10 hüquqşünas saxlanılıb. Hakimiyyət onlara saxlananlar barədə məlumat verməməklə bağlı xəbərdarlıq edib.

HAKİMİYYƏTİN QORXUSU

«Human Rights Watch» isə bildirib ki, «Yasəmən inqilabı»na çağırışdan sonrakı həftələrdə 25-ə qədər blogger, ictimai fəal və hüquqşünas saxlanılıb, həbs olunub, və ya yoxa çıxıb. 100-200 nəfər adam isə polisə çağırılmaqdan tutmuş ev həbsinə qədər müxtəlif təzyiqlərə məruz qalıb.

Hökumət isə internetdə senzuranı xeyli artırıb. Bir neçə qəzet redaktorunu istefa verməyə məcbur edib. Pekində fəaliyyət göstərən xarici mediaya yeni məhdudiyyətlər tətbiq edilib.

Ainin dostu, hüquqşünas Pu Zhiqiand Roytersə deyib ki, hakimiyyət gənc çinlilərin çoxunun dəstəklədiyi şəxsi hədəfə aldığına görə peşman ola bilər:

«Onun saxlanması hər şeydən əvvəl hakimiyyətin qorxduğunu göstərir. Onlar artıq bilmirlər cəmiyyəti necə idarə etsinlər. Azad, müstəqil insanların öhdəsindən necə gəlsinlər».

AI WEIWEI KİMDİR?


Ai Weiwei beynəlxalq aləmdə tanınmış rəssamdır. 2008-ci ildə Pekin olimpiya oyunlarının keçirildiyi quş yuvası stadionunun dizaynında onun da əməyi olub. Hazırda isə Londondakı Teyt qalereyasında əsərlərinin sərgisi keçirilir. O, insan hüquqları və azadlıqları ilə bağlı bir sıra kampaniyalarda iştirak edib. Dəfələrlə Çin hökumətini tənqid edib. 2009-cu ildə ictimai fəallardan birinin məhkəməsində şahid kimi ifadə verməməsi üçün döyülüb.

Ötən ilin sonunda Ai 58 nəfərin ölümü ilə nəticələnən Şanxay yanğını ilə bağlı vətəndaş təhqiqatına başlamışdı. Bu ilin yanvarında Şanxayda yeni tikilmiş studiyasını yerli hökumət dağıtmışdı. Özünə qarşı maneələrlə bağlı Ai Weiwei əsərlərini nümayiş etdirmək üçün Almaniyada studiya açmağı da planlaşdırırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG