Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:17

Aqşin Evrən "Dünyanın ən kamil cinayətkarı" (Hekayə)


Hərdən fikirləşirəm ki, mən yazıçı yox, terrorçu olsaydım, bəşəriyyət məndən daha çox fayda götürərdi.

Qabriel Qarsia Markes

"Mən cinayətkar olmaq istəyirəm, ata!" – yeddinci doğum günümü qeyd edərkən, qeyri-adi lovğalıqla açıqladığım bu səmimi etirafıma, nəyinki qonaqlar, hətta qırtlaq xərçəngindən əziyyət çəkən qoca babam da xeyli gülmüşdü.

Həmin gün, təmtəraqlı və bayramsayağı doğum günü mərasiminə təşrif buyurmuş qonaqlardan birinin istehza ilə "bu uşaqdan nəsə olacaq" deməsini bir an belə unutmamışdım.

Düşünürdüm ki, o qonaq mənim haqqımda "bu uşaqdan nəsə olacaq" deyəndə, cinayətkar olacağımı nəzərdə tuturdu. Şərtlər nə olursa-olsun gələcəkdə dünyanın ən məşhur cinayətkarı olmalı idim.

Həmin mərasimdən ötən on iki il, ürəyimdə bəslədiyim bu ağılasığmaz arzunu zərrə qədər də olsun azaltmamışdı; əksinə, gün keçdikcə bu qığılcım qarşısı alınmaz yanğına çevrilmişdi.

Kobud daş ikən saatın əqrəbləri məni yonub əzəmətli heykəl halına gətirmişdi, fəqət yenə də uşaqlıq xülyamdan əl çəkməmişdim: Mən cinayətkar olmalıyam!

Xislətimdəki ziddiyyətli xüsusiyyətləri dərk etdikcə ruhi xəstə olduğumu başa düşürdüm. Ancaq əti dırnaqdan ayıra bilmədiyim kimi bu vəhşi təbiətimi də ruhumdan qoparıb ata bilmirdim.

Düşünürdüm, düşünürdüm və nəhayət, bir qərara gəlirdim; necə ki, kitab oxunmaq üçün yaradılıb, eləcə də mən cinayətkar olmaq üçün doğulmuşam.

...Və hər şey müəmmalı təsadüf nəticəsində başladı.

Ötən il törətdiyim dəhşətli cinayətə görə əvvəlcə, polis əməkdaşlarından, sonra valideynlərimdən, daha sonra isə özümdən gizlənməyə başladım.

Bütün bədənimi mumyaların sarındığı kimi ensiz ağ tənziflə sarıdım; təkcə, gözlərim açıq qaldı ki, onları da qara eynəklə qapadım.

Sonuncu dəfə doğma evimin füsunkar əzəmətinə tamaşa edib acı-acı gülümsədim.

Evimin hər künc-bucağında cinayətin kiçik də olsa nişanəsi var idi.

Güzgülü mebelin gözlərinə sıra ilə insan kəlləsinin maketlərini düzmüşdüm. Taxta rəfə, dünya tarixinə qara hərflərlə yazılmış dəhşətli cinayətlərdən bəhs edən kitabları yığmışdım.

Yataq otağımda divara söykədiyim dəmir çəlləklərdəki qan bir qədər qatılaşıb tündləşmiş, üstündə milçəklər öldüyü üçün ürəkbulandırıcı qoxu almışdı. Qarderobadakı çamadanlara xırda-xırda doğrayıb yığdığım canavar cəsədlərinin üfunətli qoxusu, çəlləklərdəki xarab qanın qoxusuna qarışmışdı. Divara bərkidilmiş mismarlardan asılmış ov bıçaqları, par-par işıldayan əntiq xəncərlər, gümüş qınlı qılınclar mənim ən sevimli əşyalarım idi. Uşaqlıq xəyalımı gərçəkləşdirmək üçün bütün sevimli əşyalarımdan da vaz keçməli oldum. Portfelimə, içindəki kitab-dəftərləri boşaltdıqdan sonra günahlarımı və ümidlərimi yığdım; günahlarımın böyük bir qismi yerləşmədi. Ona görə də ümidlərimi çıxarıb yerinə günahlarımın müəyyən hissəsini qoydum. Qalan qismini isə PULSUZ OLARAQ qonşularıma paylayıb pilləkənlərlə həyətə düşdüm. Binanın qarşısındakı avtomobilin yan şüşəsində özümə diqqətlə nəzər yetirib tamamilə dəyişildiyimə əmin oldum. Ağ tənzifdən hazırlanmış mumya paltarı, qara eynək və günahla dolu olan qəhvəyi portfel - bu geyimdə məni, nəyinki polislər heç özüm də tanımazdım. Bayıra çıxdıqdan sonra ətrafa nəzər saldım: burada zaman və məkan anlayışı öz əhəmiyyətini itirmişdi. Doğrusu, mənim kimi cinayətkar üçün nə zamanın təfavütü var idi, nə də məkanın.

"Uğur üçün təkcə cəsarət kifayətdir!" kimi sadə, lakin tutarlı bir prinsipi əlimdə bayraq edib yola düzəldim.

Səki ilə addımlayarkən, sakinlərin öz işlərini bir kənara buraxıb mumya paltarıma gülmələri həyatımda ilk dəfə idi ki, məni təəccübləndirirdi.

Mən həmin eybəcər gülüşlərin timsalında, insan axmaqlığının sərhəd tanımadığına bir daha əmin oldum.

Onların heç ağıllarına da gəlməzdi ki, məsxərəyə qoyub güldükləri insan, bir neçə saatdan sonra dünyanın ən məşhur cinayətkarına çevriləcəkdi.

Gecələr uşaqlarını qorxutmaq üçün - "bala yat, yoxsa mumya adam gəlib səni parçalayar" - deyəcəklərini heç xəyal belə etmirdilər.

Əsas o idi ki, onlar gülməyi bacarırdılar. Mənim gülünc görünüşüm hamını güldürürdü. Sükanı qucaqlayan avtobus sürücüləri, kentavrlı faytonçular, qılınc-qalxanla silahlanan polis əməkdaşları,

Rolls Royeslərdə gəzən vəzirlər ,süpürgəyə sarılan restoran xadimələri, piramida tikən qullar, kasıb küçələrin milyarder dilənçiləri, hətta mənə elə gəldi ki, metropolitenin stansiyaları da, şəhərin qala divarları da, işıq dirəkləri də məni məsxərəyə qoyub gülürdülər.

Utandığımdan başımı aşağı salıb, gözlərimi elektron səkiyə zilləyərək qaçmağa başladım.

Son gücümü ayaqlarıma verib geriyə baxmadan qaçırdım. Bu qaçış ünvansız, lakin zəruri qaçış idi...

Bu qaçışın mahiyyəti azadlığımın sonundan, arzularımın başlanğıcından ibarət idi.

Qısa zaman ərzində kirəmitli göydələnləri, qot üslublu parkları, qara şüşəli avtomobilləri geridə qoyub soyuq bir meşənin içinə girdim.

Bu meşə digərlərindən bir az fərqli idi: qılınc kimi şax duran iri gövdəli ağaclar, cəh-cəh vurub Bethoven simfoniyasına meydan oxuyan rəngarəng quşlar, ilğımlara bənzəyən yaşıl sarmaşıqlar və hektarlarla sahəni əhatə edən çətənək kolları!

Milyonlarla gəncin həyatı bahasına qazanılan milyonlarla dolların torpaqlı kötüyü! Qızınmaq üçün akasiya ağacının budaqlarından çaxmaq daşı düzəldib böyük bir tonqal qaladım.

Küləyin sürətindən getdikcə alışıb ətrafa yayılan tonqal, meşənin dörd bir tərəfində tüğyan etməyə başladı: diri-diri yanan vəhşi heyvanların ləzzətli kabab qoxusu ağzımı sulandırdı.

Quru otların oduna yanan yamyaşıl budaqlar bir dəqiqənin içərisində qapqara kömürə çevrildi.

Çətənək kolları da buğlana-buğlana çırtıltı ilə kül olub torpağa qarışdı. Təbiət məcburi olaraq, bu zəhəri ciyərlərinə çəkdi.

Çətənək kollarının dağlara, meşələrə yayılan tüstüsünü qoxulayan vəhşi heyvanlar məst olub kefləndilər; yırtıcı məxluqatın xislətinə mehribanlıq havası çökdü. İnsanları vəhşiləşdirən bu tüstü, nədənsə vəhşi heyvanları bir an içərisində müdrikləşdirdi.

Alovun şiddəti getdikcə artmaqda idi. Yanğın söndürən maşınlar, su çənləri ilə yüklənmiş təyyarələr, uçan kələzlər qurudan və havadan su səpməklə alovun qarşısını almağa çalışırdılar.

Ancaq, nədənsə çətənək kollarına su dəydikcə sönmürdü, əksinə daha da alovlanıb ətrafa ərazilərə yayılırdı.

Bir neçə dəqiqədən sonra qarşısıalınmaz xarakter alan yanğın, yaxınlıqdakı şərab zavodunun sahəsinə keçdi.

Spirtlə qovuşan alov bir an içərisində qüvvətli partlayışla şərab zavodunu yerlə-yeksan etdi.

Dəhşətli yanğın fırtınasının qarşısı alınanda, artıq mən uzaqda görünən yaşıl cəngənliklərdə qeyb olmuşdum. Uşaqlıq arzumu həyata keçirdiyim üçün çox xoşbəxt idim.

Həddindən çox... Lakin təkcə bununla kifayətlənmək yarımçıq qələbə, ya da acı məğlubiyyət demək idi. Ona görə də uğurumu bütövləşdirmək üçün özümə yeni bir hədəf seçdim.

Öz müstəmləkələrini bombardman edən böyük bir krallığın silah-sursat anbarlarını, hərbi bazalarını partlamağı qarşıma məqsəd qoydum.

Gecə yarısı, Ayın qara bulud arxasında gizləndiyi bir vaxtda, xəlvətcə silah anbarlarına daxil oldum.

Şkaflara sıra ilə düzülmüş avtomatlardan, kiviyə bənzər əl qumbaralarından, göz qamaşdıran qızılı güllələrdən gələn qan qoxusunu burnumun ucunda hiss etdim.

Müharibənin zibil qoxusunu duymaq üçün anbara ötəri nəzər salmaq kifayət idi.

Əl qumbaralarını, nizələri, avtomatları, muşketləri, güllələri dəmir yeşiklərdə daşıyıb anbarın yaxınlığındakı bataqlığa tökdüm.

Zəhərli atom və hidrogen bombalarını, partlayıcı minaları zərərsizləşdirdim. Sonra isə silah istehsal edən mexaniki qurğuları partladıb sıradan çıxardım.

Qısa müddət ərzində anbarlar istifadə əhəmiyyətini itirib lazımsız tikililərə, mexaniki qurğular isə dəmir parçasına çevrildi. Krallığın bütün hərbi ehtiyatını məhv etdim.

Bu addımımla da dünyanı alt-üst etmək iqtidarında olan üçüncü dünya müharibəsinin qarşısını almış oldum.

Daha sonra isə kralın oğluna məxsus olan tütün fabrikində partlayış törətdim.

Bir neçə gündən sonra krallığın şərab və siqaret ehtiyat tamamilə tükənmiş, silah anbarı boşalmışdı.

Xoşbəxtliyim elə bir həddə çatmışdı ki, yolda rastıma çıxan bir qadının əlini sıxıb - "Salam senyorita! Mənim adım cinayətkardır!" - dedim.

Sonra eyni tərzdə başqa bir kişiyə özümü təqdim etdim. O, bir an içərisində qollarımı arxadan çatıb qandalladı. Demə, həmin bu adam kralın muzdlu əyanlardan imiş.

Köməyə gələn digər əyanlar məni həbs edib sarayın zirzəmisindəki ən qorxunc, ən soyuq zindana saldılar.

Zindanın yeri topuğa qədər soyuq və üfunətli kanalizasiya suyu ilə dolu idi.

Nəmli divarlarda yaşıl mamırlar, pis qoxu buraxan gicitikən kolları bitdiyindən içərinin havası daha da dözülməz olmuşdu. Orada məndən başqa iki məhbus da var idi.

Onlardan birinin ağarmış pırtlaşıq saqqalı, sarmaşıq kimi uzanıb ətrafına dolanmışdı. Digərinin çopurlu üzünü qara his örtmüş, ağzında ön dişləri tökülmüşdü.

Doğrudan da, taleyi oxşar olan insanların dili də, qəlbi də eyni olur. Onlarla söhbətim çox maraqlı alındı; çünki, onlar mənim mumya paltarıma gülməyib ruh geyimimə, mənəviyyatıma qiymət verdilər.

Onların danışdıqlarından mənə məlum oldu ki, saqqallı məhbusu "Xəyanət maşını" ixtira etdiyinə görə öz planetindən qovub buraya sürgün ediblər.

O biri məhbus isə qaradərili olduğuna görə ömrünün sonuna kimi bu qaranlıq zibilliyə məhkum olunub.

İki gün zindanda yatdım, üçüncü gün məni, kentavrlar qoşulmuş rezin təkərli arabaya mindirib məhkəmə binasına gətirdilər.

Binanın həm önü, həm də içi insanla dolu idi; yalançı münəccimlərdən, sərxoş parfumyerlərdən, saxtakar həkimlərdən ibarət dəstə, məhkəmə zalına toplaşmışdı.

Baş hakim məxmər parçadan tikilmiş əbasının yaxasına səsötürücünü keçirdikdən sonra məhkəmənin açıq elan olunduğunu bildirdi.

Başımı qaldırıb zala nəzər yetirdim, deyəsən, bütün dünya mənim əməllərimdən təngə gəlib krala şikayət ərizəsi yazmışdı.

Dünyanın öndə gedən televiziya kanallarının əməkdaşları da, mətbuat orqanlarının jurnalistləri də, xaqanlığın elçilər də məhkəmə zalında canlı yayım aparırdılar.

İlk olaraq, əlində araq butulkası tutan qoca münəccim öz şikayətinin səbəbini açıqladı:

-Cənab hakim, bu təlxək adam şərab zavodunu partladıb və mənim bu məsum canım ləzzətli şəraba həsrət qalıb. Mən şərab içməsəm ulduzlar mənə həqiqəti deməzlər. Əgər ulduzların işarətlərindən xəbər verə bilməsəm krallığımız bədbəxt hadisələrlə üz-üzə qalacaq.

Münəccim heç özünün də inanmadığı bir uydurma rəvayət danışdı.

Sonra həkim çətənək kollarının faydalı bitki olduğunu bildirdi və əlavə etdi ki, əgər çətənək kolları olmasa o xalq üçün xeyirli dərmanlar icad edə bilməyəcək.

Əlində JB viski şüşəsi tutan parfumyer də şərabdan hazırlayacağı məstedici ətirin gözəlliklərindən, faydalarından dəm vurmağa başladı. Hakimlər "zərərçəkənlərin" şikayətlərini dinlədikdən sonra öz aralarında pıçıltı ilə məsləhətləşdilər və hökm oxudular:

-Mister Cinayətkarın törətdiyi dəhşətli cinayətlər və bəşəriyyətə vurduğu böyük ziyan göz önündə tutularaq qərar verildi: Müqəssir həyasızlıq edib qaçdığı piramidaya geri qaytarılsın və mumyalanaraq diri-diri dəfn olunsun!

Məhkəmənin bu axmaq qərarı uyğulandı və məni diri-diri torpağa gömdülər. İndi dəmir tabutun içindəyəm, bədənimin hər əzasına qəribə, selikli, yod qoxulu iyrənc maddə sürtüblər; çox güman ki, məni mumyalayıblar.

Kralın verdiyi əmr əsasında diri-diri basdırıldım, lakin içimdə qorxu və təəssüf hissindən zərrə qədər də olsun əsər-əlamət yoxdur.

Əksinə, özümü olduqca xoşbəxt, rahat və qayğısız hiss edirəm; mənəvi aləmimdə qeyri-adi bir rahatlıq var.

Tütün fabrikini partladıb, çətənək meşəsini yandırıb qapqara külə çevirdim. Deməli, bundan sonra yetkinlik yaşına çatmayan azyaşlı uşaqlar, hamilə qadınlar siqaret tüstüsündə boğulub zəhərlənməyəcəklər.

Körpələr dünyaya göz açarkən daha təmiz, tüstüsüz havanı zərif ciyərlərinə çəkəcəklər. Şərab zavodunu partladıb yerlə-yeksan etdim.

Deməli, bundan sonra qapı qonşum dəli Cahangir lül-qəmbər halda evə gəlib arvadını və uşaqlarını vəhşi kimi döyməyəcək.

Qan qoxulu silah anbarlarını, hərbi bazaları, texnikaları dağıdıb sıradan çıxardım.

Deməli, bundan sonra kainat sülh pərdəsinə bürünəcək, körpələrin beşikləri güllə yağışına məruz qalmayacaq; əlil arabasında gəzən şikəst uşaqların sayı artmayacaq.

Hal-hazırda tabutda uzanmışam və mövcud olduğum ölkənin hara olmasından xəbərsizəm, lakin əminəm ki, mən bu dünyanı qorumalıyam!

Axı bura mənim dünyamdır. Bu dünyanı qorumaq üçün cinayətkar olmaq kifayət edirsə mən dar ağacından asılmağa da, tonqalda yandırılmağa da razıyam.

Zindanda qaldığım ikinci günün axşamı saray gözətçisi mənə kralın mühüm bir sirrini açıqlamışdı.

O, mənə demişdi ki, "kral səni mumyalayıb gələcəkdə ölkəsini gözləyəcək fövqəltəbii qüvvələrə qarşı silah kimi istifadə etmək istəyir.

Deyirlər, bu fövqəltəbii qüvvə "İncil"də bəhs olunan əjdahadır." Kralın xəstə düşüncəsində məni yüz il sonra oyatmaq, mənim qatil ruhumda isə tamam ayrı bir fikir gizlənib: eşitmişəm ki, "Həqiqətlər ölkəsi"ndə Ozon qatını parçalamaq üçün radiasiyalı məhlul icad etmək istəyən bir alim var.

İndi yeganə istəyim, bu tabutdan çıxan kimi həmin səfeh alimi cəhənnəmə vasil etməkdir. Bu, mənim xislətimdir. Axı mən dünyanın ən kamil cinayətkarıyam...
XS
SM
MD
LG